Sübü bacımın xatirəsinə
Ay dəyişir, il dəyişir,
Dəyişirik, tanınmırıq.
Yurd dəyişir, el dəyişir,
Dünən ayrı, bu gün ayrı.
Sularında böyüdüyüm,
Çayla yenə görüşəndə
Tanımıram – ildən-ilə,
Məcrasını dəyişdirir.
Kölgəsiylə, meyvəsiylə,
Dolandığım ağacların
Ömrü gedir. Fəsil-fəsil
Dəyişirlər, qocalırlar.
Yer dəyişir, göy dəyişir,
Qəlb tanımır göz görəni.
Yubanıram görüşlərə,
Küsüb gedir gözləyənim.
Külək döyüb, yağış hopub,
Zaman əyib, daş dəyişib.
Neçə gözün yaşı hopub,
Yazıları düyün düşüb.
Başqalanır daş üstü də,
Daş altı da başqalanır.
Dərddir, illər ötüşsə də,
Nə dəyişir, nə yaşlanır.
Tələsirəm. Nə vaxtdı ki,
Qalxıb nəslin köçü gedir.
İndi kimdi qabaqdakı?-
Qardaş gedir, bacı gedir…
16-21mart2009 Samara