ŞİRVAN ŞİKƏSTƏSİ

           

Ötən sentyabrın əvvəlində Azərbaycandan qayıdanda qatarın qalxmağına lap az qalmış vağzalın ətrafında o yan-bu yana baxıb musiqi satan bir köşk gördüm və tələsik qaçıb özümü darısqal və üstəlik də tərli adamlarla dolu dükana saldım və ortada durub alıcılara şirin-şirin dillər tökən satıcıdan soruşdum: “Alim Qasımov var?”  “Var. MP 3-dür. Götürürsən?” “Götürürəm!”

Bir gün qabaq şəhərin mərkəzində Səkinə İsmayılovanın yazısını alanda mənə “siz” demişdilər… Cəhənnəm olsun etiket, böyük-kiçiklik, mən iki gün Bakı-Tümen qatarıyla yol gedəcəkdim, bu qatarın pillələrini qalxan kimi elə bil insan adı üstündən götürülür… Əlimdə Alim Qasımovun diski dükandan çıxanda vağzalda yarıac çaqqal sürüsü kimi vurnuxan bilet alverçiləri və puldəyişənlərə də fikir vermirdim. Məndəki ruh yüksəkliyini yəqin ki yalnız Misir ehramlarından oğurluqla və min zülmlə dırnaq boyda qoparıb özüylə aparan xarici turistlər yaşayırlar. Ancaq mən xarici ölkə vətəndaşı olsam da, ana yurdumdaydım və ölkənin ən yaxşı səsindən öz halal payımı aparırdım…

Neçə aydan bəri “Şirvan şikəstəsi” başımdan getmir…

Bu şikəstəyə ürəkdən, qulaq dolusu yox, ürək dolusu qulaq asmaqçın elə gərək ölkədən çıxasan, heç olmasa bir neçə günlüyə, yurdda elə yer tapmazsan ki, bu şikəstəni eşidəndə göz dolusu, ürək dolusu ağladığın bilinməyə, özünü tox tutub ağlamasan da, rəngin avazıyacaq, gözlərin düşəcək çuxura. Həm də gərək qəriblik çəkəsən, çünki Şikəstə əvvəldə qəriblik çəkənlərin dərdini deyir. Həngaməni balaban başlayır – astadan, zümzümə kimi, bu hələ ağlama deyil, ağlamsınmadır. Alim də astadan bayatı çağırır: “Əizim arxa haray… İgid qərib ölkədə…” İgidin qərib ölkədə nə işi var? Yoxsa mərdi qova-qova…? Burasıyla işimiz yoxdur… Sonra səsin istisi artır, istiləndikcə kövrəlir. “Əzizim Ərzruma… Yol gedir Ərzruma…” Hər azərbaycanlının öz Ərzrumu var, gedə bilməyənlərin də gözləri yoldadır. “Dəvəsi ölmüş ərəbik, Dözərik hər zülümə…” Gərək “zuluma” deyəydi, ancaq bu yerdə Şikəstə qalxıb gedir, Şikəstə çağiranı nəinki ev-eşik, hətta yurd da, ölkə də tutmaz, o gərək macərasını deyə-deyə baş götürüb gedə, Məcnun əhvalatı yalandır ey… Ancaq şikəstəçi hələ öz dərdini demir, özgə macərasını danışır. ”Mənim bu aləm içrə bir qara gözlü nigarım var…” Bu, qəzəldir. Ya zəif tərcümədir ya da elə o cür təqliddir – “Məni candan usandırdı…” qəzəlinə, həmin bəhrdədir, ona görə şikəstəylə uyuşur, şikəstəçi qəzəli əruz kimi yox, aşıq gəraylısı kimi oxuyur. Ancaq Şirvan şikəstəsinki qoşmadır, əruz-gəraylıdaki nəfəsdərmələr ölçüsüz olanı, ölçüyə gəlməyəni ölçüyə salmağa çalışır. Ancaq səsin də hərarəti get-gedə artır və Şikəstəçi qəzəli bitirib yenə bayatı çağırır, bu dəfə özgə sözünü yox, öz sözünü, sənin sözünü deyir: ”Bağlarda bar  ətri var… Öləndə sinəmi yumun(yəni yumayın), Sinəmdə yar ətri var…” Bildik qardaş, bildik… Kimin əli qalxar… O əl vallahı quruyar…

Burda registr dəyişir, segah bir guşə də zilə qalxır, nağara əsib-coşur, Şikəstəçi macəranın başını bayatıyla açıb, dalını saxlaya bilməz. “Gəldim gördüm pərim köçüb yurdundan…”

Necə köçüb, hara köçüb? Bəs o nə oxumaqlar idi: ”Salam verdim, gülüb aldı salamım, Qonaq oldum babasına pərimin…” Bəs bunu kim oxuyurdu? Bəs bu harda, haçan oxunub?…

… Aşıq Bəylər Qədirov… İndi yaşasıydı, bəlkə də soyadı “Qədirli” olardı. Ancaq Aşıq Bəylər Salyanın ən istedadlı adamlarından olsa da, yerliləri tərəfindən qədri elə də bilinməyib. O əvvəlcə Qurbanxanın, sonra Pənahın kölgəsində olub. Aşıq Bəylərin, bütün Salyan aşıqlarından fərqli olaraq, gözəl saz çalmağı olub. Sənətkarın Azərbaycan radiosundakı yazılarını eşidənlər bilərlər ki, bu  kişinin necə məlahətli səsi, necə orijinal boğazları olub. Abbas Tufarqanlının sözlərinə oxuduğu Şirvan Şikəstəsi qiymətli sənət əsəridir. Bəylər kişi özünü ikivətənli sayırdı, çünki əsli şamaxılıydı, axtarsan, bəlkə Alim Qasımovla qohum çıxarlar, hər halda Alim Aşıq Abbası təsadüfi seçməyib, onun Şikəstəsində də, Aşıq Bəylərdə olduğu kimi, Kəsmə şikəstəyə isnadlar var. Yeri gəlmişkən, Rəmişin təxminən 1969-70-də yaratdığı Segah da Kəsmə şikəstədən sitatla başlayır…

Harda qaldıq? Hə, pəri köçüb, yurd boş… “Bundan sonra can sağlığın neylərəm…” Balabanın naləsi şikəstəçidən az demir, saz yoxdur, ancaq tarzən kök simləri sazdan artıq danışdırır, şıkəstəçi daha bu dünyanın adamı deyil, Alimin səsi ancaq metafizik vüsətdə toxdaya bilər.”Çərxi-fələk tərsə çəkdi qələmi… Ağla Abbas, əlin yardan üzüldü…”

Böyük eşqi sənət ancaq bu yolla xilas edir — əl gərək əldən üzülə, Eşqin, Eşqə inamın qorunmasıyçın dəryalarla göz yaşı da hayıf deyil. Əl əldən üzülməsə…

Gəlin-qayınanalıq, ocaq başı, təndir üstü, su daşımaq, əski yumaq, baldızla çəkişmə, ər yumruğu… “Sənin atanın…”

Bu da bizik…

Biz Eşqi möhtəşəm metafizik qüvvə kimi həm tanıyır, həm də ondan vahimələnirik. Biz daha ədalətlə cin adlana biləcək xırda tanrıların – mal, hakimiyyət həvəsinin, özünüsevərliyin, cəhalətin itaətindən çıxa bilmirik.

Aşıq Bəylər Şirvan şikəstəsini dünyanın az qala bütün qitələrinə idealizmin yaz dumanı kimi hopduğu vaxtlar oxunub. İndiki Şadlıq evləri bəlkə də Eşqin girəcəyi yer deyil, hərçənd Eşqin metafizik təbiətiylə nurlana bilməyən bucaq yoxdur.

Şirvan şikəstəsindəki Eşq ona layiq olan yerdədir, bu yersə ucalıqdır, ancaq işığın bizə gəlib yetişə bilmədiyi ucalıq da yoxdur.

Həm də təkcə işıq yox. Yar ətri də…

22.02.08 Samara

«Azadlıq» qəzetində çap olunub

2 ответа на “ŞİRVAN ŞİKƏSTƏSİ

  1. Hörmətli Xeyrulla müəllim Aşiq Bəylər haqqinda cox söz düz yazmısınız. Böyük nəvəsi kimi bir əlavəm və düzəlişim var.Aşiq Bəylər heckimin kölgəsində olmayib.Nə Aşiq Qurbanxanin nədə ki Aşiq Pənahın.Bütün Salyan camahatı gözəl bilir ki Şikəstəni öz zamaninda Aşiq Bəylərdən başqa Salyan ərazisində məharətli oxuyan olmayib.Hörmətli yazar sadaladıgınız obiri Aşiqlər ümumiyyətcə Şikəstəni oxumaga ceht etməyiblər.

    • Hörmətli Vüqar! Mən «kölgəsində olub» yazanda sənət səviyyəsini nəzərd
      tutmamışam. Mən bu aşıqlara rəsmi münasibəti və kütlə münasibətini nəzərdə tutmuşam. Aşıq Pənah ümumiyyətlə rəsmi «proyekt» idi, o, daim radioda səslənirdi, teleziziyada görünürdü, qastrollara gedirdi. Leninin yüz illiyi keçiriləndə (1970) Pənahın adından bir kitablıq şeri yazmışdılar («Leniniana)… Bütün bunların, əlbəttə, musiqi sənətinə, aşıq yaradıcılığına dəxli yox idi. Ancaq özünüz yaxşı bilirsiniz ki, yaradıcı adam üçün təbliğ olunmaq çox vacibdir. Y.ni bu məna da Aşıq Bəyllərə qarşı rəsmi münasibətdə ögeylik olub. O ki qaldı xalqa, sadə insanlara, onlar toy mərasimlərində Qurbanxana və Pənaha üstünlük veriirdilər, çünki Qurbaxanın məclisləri elə o vaxtlar ailə şousuna çevrilirdi — Bilal çoxdan xanənd idi, Həsənağa az yaşından çalıb-oxuyurdu. Pınahı isə dövlət özü populyar eləmişdi. Mən o vaxtlat yaşamışam. Salyanda əsil musiqini başa düşən, qiymətləndirə bilən insanlar olublar, ancaq çox sayda yox. Salyanlılar saz ifaçılığına biganə olublar. Ancaq mən Aşıq Bəylərin necə saz çaldığını özüm görüb-eşitmişəm, bu, 1976-cı ildə SAlyan mədəniyyət evində gənc aşıqların Respublika festivalı keçiriləndə olub. Fasilədə müxtəlif rayonlardan gəlmiş gənclər bağda Aşıq Bəylərin başına yığışıb onunla söhbət etdilər, Aşıq onlardan birinin sazını alıb çaldı. Mən bunu heç vaxt unutmaram…
      Allah babanıza rəhmət eləsin. Unudulmaz sənətkarın nəvəsiylə fikir mübadiləsinə çox şadam.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s