YÜZ İLDƏN ÇOX ÇƏKƏN ÖGEYLİK

 “Pələnglər tuta dövrüm, çəkilmərəm əsla…”

Şerdə bəlkə də Nəsiminin özü qədər patetik olan Cəfər Cabbarlının şeri ana haqqında indiyə qədər yazılanların da yanında daha ötərli, daha tutarlı və əgər belə bir təyin məqbuldursa, daha toxunarlı olduğu kimi, anaya bundan sonra həsr edilənlər də Cabbarlı şerinin amansız Prokrust yatağından keçəcəklər. Bu şerdəki  fövqalədə cazibənin sirrini rasional dəlillərlə açmağa çalışanlar  necə gülünc görünəcəklərini gözlərinin qabağına almalıdırlar. Dünyanın altı gündə necə yarandığını yerində Tövrat kimi mötəbər kitabda yerli yerində təsviri çoxumuzda, yumşaq desək, şübhə doğurursa, ədəbiyyatşünas canfəşanlıqlarının qiyməti quruşdur…

“Fəqət ana! O adın qarşısında bir qul tək…”

“Əgər bütün bəşəriyyət ədüvvi-canım ola…”

Bilmirəm, indi bu şer Azərbaycanda öyrənilirmi, məsələn, Türkmənistanda bu şer oranın dövlətçiliyi üçün də ziyan sayıla bilər, orda şerə layiq yalnız prezidentlərin anasıdır, hərçənd “fəxarətlə” yalnız prezidentin özünün qarşısında diz çökürlər. Azərbaycanın daha müasir dövlət olduğunu nəzərə almaqla güman etmək olar ki, indi freydçilər də, xəlvəti də olsa, bu şerə qurd kimi daraşıblar – freydçilər elmin hər sahəsində Avropanın yüksək standartlarına uyğun gələn Azərçaycanda olmalıdırlar, hərçənd millət sağlam millətdir və psixoanalizə möhtac deyil…

Əslində bolşeviklər Azərbaycana gələndən sonra Cəfər Cabbarlının fövqəladə istedadla gördüyü işlərin böyük miqdarı ölkədə ana yox, ata pərəstişinin yaradılıb yeni bolşevik dininə çevrilməsinə xidmət etmişdir. Vergini tanrıdan alıb şeytan tərəfindən azdırılan yaxud istedadında demonik maya olan bu düha elə bil bir əliylə intelligent eynəyini bərkidə-bərkidə bolşevizm parovozunun qabağında qaçır və o biri əliylə çekistlərə göstərirdi: baxın, burdakilar qolçomoqdırlar, sovet körpülərini partlatmaq istəyirlər, burdakilar da qolçomoqdırlar, kolxoz atlarını zəhərləyirlər, o görünən daxma daxma deyil, məsciddir, orda xəlvətcə yığılıb namaz qılırlar… Təhlükə hər səmtdən gələ bilərdi, düşmən hər bucaqda gizlənə bilərdi, iniqilabçılıq ehtirası başına vuranlar ailə üzvlərini də bolşevik divanına verməyə hazırdılar və verirdilər. Cəfər Cabbarlının sovet dövrü pyeslərinin o vaxt ən çox oxunanları bütöv bolşevik ideologiya sisteminin üzvi hissəsinə çevrilərək ölkədə kütləvi  təhlükə, kütləvi təxribat psixozunun yaranmasını təmin etmişdir. Hamı bir-birindən qorxur, hamı bir-birindən yazır, hamı bir-birini qabaqlamağa çalışırdı. Cabbarlıdan da çox yazblar. Cabbarlı da yazıb – “Yaşar”ı oxuyun, bu, bədii formaya salınmış çuğulluqdur, on minlərlə işlək, əliqabarlını kəndlini öldürmək, ailəsini dağıtmaq, Sibirə göndərəmək üçün etibarlı əsas olan sənəddir. Hamının həyatı təhlükədədirsə, ölkə əldən gedirsə, dada ancaq kişi çata bilər, bu, arvad işi deyil, Janna d’Arklar düşmən qıraqdan gələndə ortaya atıla bilərlər, bizim düşmənlərimiz isə öz içimizdəndir və hətta evimizin də içindədir… Yəni otuzuncu illərin əvvəllərində çekistlər qələmlərini qılınca çevirmiş yazıçıların …yox, köməyi  ilə yox, bilavasitə iştirakıyla çoxluqda bu tələbatı yaradırlar ki,  onlara dədəlik eləyən lazımdır.

Cəfər Cabbarlının hamımızı ağrıdan və vaxtsız saydığımız ölümü onu ananın yox, atanın qarşısında diz çökmək kimi şübhəli şərəfdən xilas etdi. Rusiyadan fərqli olaraq, milli ucqarlarda(respublika yazmağa əlim gəlmir, iyirminci ildə yıxılan respublika demokratik idarə forması kimi əslində indiyəcən bərpa olunmayıb) bu ata ikibaşlı əjdaha kimi təcəssüm edib. Azərbaycan əjdahasının iri başı Stalin, xırda başı isə Bağırov(bizim kannibalın indiyəcən kökü kəsilməyən pərəstişkarları deyəsən onu nəvazişlə Mircəfər adlandırılar…)idi. Bu əjdaha doymaq bilmirdi, diz çökməyənlərin də qanını içirdi, çökənlərin də…

Əslində bolşeviklər hakimiyyətdə özlərini bərkidəndən “sovet” ayamasını almış adamlar üçün öz ailələri sınaq borusu, inkubatordur, əsl ailə meqa ailədir. Meqa ailə çoxözəklidir – bağça, məktəb, pioner, komsomol, və partiya. Maraqlıdır ki, meqa ailədə ana yox kimidir və elə əslində də beləydi: Stalinin arvadı özünü öldürmüşdü, Molotovun, Kalininin arvadları türmədəydilər. Ana olmayan yerdə ögey ananın zühuru yalnız vaxt məsələsidir.

Yarım əsr bundan əvvəl Azərbaycan ekranlarına “Ögey ana” filmi çıxır. Ekranlar  — o vaxtkı Azərbaycan üçün böyük şişirtmədir. Ərəbqardaşbəyli kəndində ekran hardaydı – yaydan-yaya kənd mağazasının böyrünə üstündə nəlbəki boyda sarı-boz ləkələr olan, neçə yerdən süzülmüş mələfə asılır və həsrətlə gözlənilən film pambıqdan gəlib  mal-heyvanı təzəcə farağatlamış camaata göstərilirdi. Pərdələr arasında lent dolamağa gedən vaxt ərzində bəzilərini yuxu aparırdı, ən çox da gün ərzində çöl və ev işləriylə əldən düşmüş uşaqları. Hərçənd “Ögey ana” filminə uşaqlı-böyüklü hamının axıracan baxdığı istisna deyil.

Və bu da istisna deyil ki, anadan yetim İsmayılın çoxlu yaşıdları onların da … Yox, əlbətə ki, analarının ölməyini arzulamazdılar, ancaq kinodaki “ögey ananı” arzulayanlar, şübhəsiz ki, olub…

Və indi əlli il keçəndən sonra “Ögey ana” filmini göz qabağına gətirdikcə düşünürsən ki, Azərbaycan kinematoqrafının öz tarixi ərzində ana surəti yaratmaq üçün göstərdiyi səylər  puça çıxıb. Cabbarlıdan sonra ana mövzusuna münasibətdə yarımçıqlıq kompleksi yaşayan ədəbiyyat isə nəticəsi dərsliklərə düşüb uşaqlar üçün başağrısına çevrilən sosial sifarişlər yerinə yetirir: “Buz heykəl”, “Ana və poçtalyon”, bu şerin estetikasını yamsılayan və onun variasiyası olan “Qaytar ana borcunu”(deyək ki, müharibə qurtarandan sonra oğlan “urusa” evəlnib qalır) şerləri. İsgəndərin dediyi sadə sözlərin — “Ah, ana, nə gözəl zadsan!” —  emosional gücü bu şerlərdəkindən çoxdur.

“Ögey ana”ya elliklə vurğunluğun səbəbi qismən Həcibə Məlikovanın məlahətindədir. Yalnız qismən. Film ögey ananın simasında əslində model, nümunəvi ana göstərilir, yəni filmdəki ögey ana necədirsə, əsl ana elə olmalıdır. “Oğlum, İsmayil…”

“Səni görüm qan qusasan, bala!” – ekran qarşısında oturan uşaqlardan neçəsi bu qarğışi gün ərzində dönə-dönə eşitmişdi.

Əsl ananı, xoşbəxtlikdən, çoxumuz görüb, uydurma anaya, kinematoqrafik anaya tamaşıçını inandırmaq Şekspir qüdrəti olmasa da, heç olmasa Cabbarlı qüdrəti istəyir. Ögey ananı, bu da xoşbəxtlikdən, çoxumuz görməyib. Ögey ana nağıllarda kinli ifritədir. Sovet höküməti nağıldaki ifritələrin də axırına çıxır. Nəcibə Məlikovanın ifasında ögey ananın təkcə səsindən dağlar-daşlar yumşalır.

Həbib İsmayılovun filmi  Erenburqun təbiriylə “siyasi isinmə” adlanan və çox da  çəkməyən dövrdə çəkilib. Az sonra Xruşşov bütün dünyaya “kuzkinu mat” göstərəcək…

Həbib İsmayılovun filmi sovet nağılıdır və bu nağılın ideologiyası klassik folklorla təzaddadır. Sovet qadını nəinki nümunəvi anadır, sovet qadını nümunəvi ögey anadır da.

Çobanlar qoyunları tar-kaman çala-çala otarırlar. Ekran qabağında oturanlar üçün Tofiq bəyin musiqisi xoş olduğu qədər də məzəlidir, onlar yaxşı bilirlər ki, mal-heyvan, yiyəsi allı-yaşıllı söyülə-söyülə otarılmalıdır…

Sovet rejimi vətəndaşların şəxsi adam kimi yaşamaqlarına yol vermədiyi kimi, ailəni də suverenlikdən məhrum etmişdi. Uşaqların əsl valideynləri komsomoldu, orduydu, kolxozdu, zavoddu. Hamının, uşaqların da, böyüklərin də, atası Birinci katibdi. Birincinin vətəndaşlarla münasibətində dominant olan repressiv alətləri valideynlər öz növbəsində uşaqlara qarşı işlədirdiər. Uşaqlara öz doğma valideynlərinin verdiyi təhqirli ayamalara, söyüş və qağışlara ğörə biz rəqabətdən qıraqdayıq. Ananın balasına, balanın valideynlərinə, gəlinin qayınanaya, baldızın gəlinə nəinki nəvazişli, hətta xoş söz deməyə də dili gəlmir. Aqressiya genetik azara çevrilir. Və burda nəzərinizə çatdırıram ki, insan qanıyla olmasa da, insan sinirləriylə qidalanan məmurlar, qol-qabırğa sındırmağı vətən qarşısında müqəddəs borc kimi icra edən polislər, “basaram, əlli-ayağlı gedərsən” deyən  prokurorlar, bu təhdidi qanunlaşdıran hakimlər hamısı azərbaycanlı ailələrdə böyüyüblər. Onların bəlkə də hamısının ata-anası döyüb-söyən olmayıb, bəlkə valideynləri onlara düzgün tərbiyə verib, ancaq məgər onların ata-anaları öz valideynləridir? Yox, onların atası da, anası da prezidentdir…

Ölkədə tam hüquqlu bir nəfər olanda, əlbəttə, o, hamının atası adlana bilər, ancaq hamı onun qanuni övladı sayıla bilməz. Qalanları əslində… Azərbaycanca bu sözü yazmaq istəmirəm… İngiliscə söz var: ”bastard”. Məgər biz bu ada layiqik? Layiq deyiliksə, niyə dilimizi qoymuşuq qarnımıza?

“Fəqət o adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq…”

Ana qarşısında, o cümlədən nəcib ögey anaların qarşında, diz çökmək doğrudan da fəxarət və şərəfdir. Ancaq bunun üçün əvvəlcə ögey ata qarşısında on illərdən bəri aldığımız biabırçı səcdə pozasından qalxmalıyıq…

                         11-12.03.08 Samara

  

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s