Mənim gördüyüm işi,
Mənəcən atam görüb.
Atamsa bu vərdişi,
Atasından götürüb.
Qatılıbdır bu işə,
Babamın babası da.
Kəsəsi: ayrı peşə,
Tanımırıq dünyada.
Qonşum da bu işdədir,
Qonşumun qonşusu da.
Nəsillər dəyişsə də,
İş həmin iş – sonu yox.
Niyyətindən bu işin,
Hərçənd hamı xəbərsiz,
Əl-ayaq yer-göy eşir,
Qabarlı ya qabarsız.
Biz kişili-arvadlı,
Tərliyik, palçıqlıyıq.
Tikirik, yaradırıq –
Bir növ inşaatçıyıq.
İşin yiyəsindəsə,
Nə mərhəmət, nə aman.
Qamçılar, tələsdirər,
Qamçıda qurumaz qan.
Ehramlar ehramıdır,
Bu səylə ucaldılan.
Zalım Fironun adı,
Hamıya bəlli – Zaman…
27-28 iyul 2007, Samara