BOZBAŞ SUYUNDAN HEYKƏL

Bu yaxımlarda yolum bir kafenin qabağından düşmüşdü. Bir də eşitdim ki, “Mirzə, Mirzə, a Mirzə, hey!” deyə məni daldan çağırırlar. Qanrılıb baxanda gördüm ki, kafe sahibidir. Soydaşəımız nəhləyə-nəhləyə mənə çatıb əl verdi. “Mirzə, az qalmışdı məni infarkt vursun, a kişi, sən nə qıvraqsan, çata bilmirdim sənə. Mirzə, gedək dükana, səninlə işim var”.

Mən belə başa düşdüm ki, kafe sahibi məni yeməyə dəvət edir. Dedim bəy, vallah elə ac deyiləm, özünə çox zəhmət verib dalımca qaçmısan. Aşxanaçı gülüb dedi ki, Mirzə, bizim hamımızın sənə hörməti var, səni məcburi yedirdə bilmərəm. Ancaq mən səni ayrı şey üçün çağırıram. Elə şeydir ki, yemək içməkdən də, bütün başqa keflərdən də artıqdır. Dedim bəy, mənə qara-mara vermək fikrin varsa, nahaq əziyyət çəkirsən, mən elə şeylərə yaxın durmuram, arağın özünü içə bilmirəm. Soydaşımız daha da bərkdən gülüb dedi ki, Mirzə, başa düşmədin, qara nədir, a kişi? Sənin kimi hörmətli Mirzəyə mən qara verərəm? Dedim ay bala, mən ağa da yaxın durmuram. Qoy çıxım gedim yolumla, yoxsa arvad dava salar. Soydaşım əl çəkmədi, darta-darta aparıb məni saldı kafeyə. İkilikdə balaca bir otağa girən kimi mənə dedi ki, “otur”. Bozbaşçı küncdəki seyfi açıb başladı orda eşələnməyə. Mən gözaltı ona baxırdım, amcaq seyfin içini görmürdüm. Arxayındım ki, soydaşım seyfdən pul götürür. Yəni pulu götürür ki, mənə versin. Ürəyimdə fikirləşirdim ki, ay aman, görəsən mən nə dəyyusluq eləmişəm ki, bu aşxanaçı mənə pul verir. Qalmışdım məəttəl ki, puldan necə imtina edim, çinki kafe sahibini də incitmək istəmirdim. Nəhayət, soydaşım seyfdən aralanıb mənə yaxın gəldi, gördüm əlindəki pul deyil, bir vərəq kağızdır. O, kağızı mənə uzadıb dedi ki Mirzə, yaz bura adını, soyadını, sonra da qolunu çək. Dedim ay bala, mən nəyə qol çəkməliyəm? Dedi Mirzə, heykəl qoyuruq, sənin razılığın lazımdır.

Bunu eşidındə ürəyim qırılıb düşdü ayağımın altına. Öz-özümə dedim ki, ay namərd, sən indiyəcən soydaşlarının qədrini bilməmisən. Dallarınca ağzına gələni danışırsan, yazırsan, onlarsa yığılıb sənə heykəl qoyurlar. Utandığımdan yerə girməyə hazırdım. Dedim bəy, mən sizə çox minnətdaram, yerdən göyə qədər, ancaq mənim heykəlliyyə ləyaqətim yoxdur. Bir də hara tələsirsiniz, öləndən sonra qooyarsınız…

Soydaşım bunu eşidəndə qəhqəhə çəkib dedi ki, Mirzə, sən nə məzəli adammışsan, a kişi, heykəli sənə qoymuruq, heykəli qoyuruq ulu öndərimizə…

Bunu eşidəndə bayaqkından da bərk utandım. Başımı lap itirmişdim. Tələsik qol çəkib çıxmaq istəyirdim, ancaq yadıma düşdü ki, arvad onun razılığı olmadan kağız-kuğuza qol çəkməyi qadağan edib. Dedim bəy, məni bağışla, eynəyim qalıb evdə, eynəksiz gözüm bir şey seçmir, gedib eynəyimi götürüb gəlim…

O gündən çalışıram ki, soydaşlarımın gözünə görünməyim. Əlbəttə, həyat bir az çətinləşib, küçəyə çıxan kimi ora-bura baxıram, elə bilirəm ki, qəfildən qabağıma bir azərbaycanlı çıxacaq, bir vərəq kağızı uzadıb deyəcək ki, Mirzə, gərək bura qol çəkəsən, ulu öndərə heykəl qoyuruq. Ancaq fikirləşib görürəm ki, heykəl qoyulsa, gərək ruslardan gizlənəm. Axı bunların da səbrinin bir hüdudu var, bezdirərsən, saxlayıb tüpürərlər gözünün içinə…

Halım elə qarışdı ki, az qaldım hönkür-hönkür ağlayım. Ancaq həm arvaddan qorxuram, birdən fikirləşər bu yaşımda eşqə düşmüşəm. Həm də, deyilənlərə görə, Azərbaycanda camaata ağlamağı qadağan edirlər. Mənə danışdılar, yaxşı başa düşmədim ki, təkcə Naxçıvanda, ya bütün Azərbaycanda. Əslində bunun ikisi də bir şeydir. Vasif Talıbov yas yerində də camaatı ağlamağa qoymur. Deyir ki\ zırıltı salıb Azərbaycanın imicini korlamayın. Əslində Vasif bəy yasın özünü də yavaş-yavaş yığışdırır, deyir ki, bu millətin xatırlanmağa layiq bir mərhumu var, o da ulu öndərdir. Daha nə deyim Vasif cənablarından. Guya fərman verib ki, toylar yığışsın və bəylə gəlin telefon vasitəsiylə əlaqə saxlasınlar…

Mənim fikrinmcə, belə dahi rəhbər Nobel mükafatına Obamadan çox layiqdir, ermınilər qoymur verələr. Ona heç olmasa millət yığılıb yekə bir heykəl qoya. Elə bir xərc də istəmir. Ulu öndərə qoyulan heykəllərin qalan-qulan bürüncündən, mərmərindən toplayıb Vasif Talıbova həngamə bir heykəl yapmaq olar.

Soydaşlar, Mirzə evdədir, gətirin siyahınızı, qolunu çəksin. Ancaq arvad evdə olmayanda gəlin. Yoxsa sizə elə yaxşı sözlər deyər ki, quruyub heykələ dönərsiniz…

                        Mirzə ƏLİL

13.10.09 Samara

Реклама

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s