Yuxuma girər atam
Bəzən gecəaşırı.
Qəfil gələr, oturar,
Nə dinər, nə danışar.
Ha yalvaram, and verəm,
Susar qaşlı-qabaqlı.
Qəfil də durar gedər,
Baxışları qınaqlı…
Yuxular təlaşlı, kəm,
Təssüratı acı –
Kim deyir ki cəhənnəm
Sonra olacaq?
Qardaş xiffəti yorur –
Görüşə tələsirəm.
Əlindəki soyuqluq,
Ləngidir nəfəsimi.
Susur, duruxur anam,
Könülsüz gülür bacım –
Kim deyir ki cəhənnəm
Sonra olacaq?
Uzaqlardan qanrılıb
Mənə baxan o qadın…
Lənətləmir, qarğımır,
Bəlkə heç qınamır da.
Adımısa dilinə
Bir də gətirməz ancaq –
Kim deyir ki cəhənnəm
Sonra olacaq?
Bilirəm, yeri-göyü,
Ağacları, quşları –
İndi hansını deyim –
Ən çox da uşaqları
İncitmişəm. Yox mənim
Bəraətim, əlacım –
Kim deyir ki cəhənnəm
Sonra olacaq?
Ömür keçdi. Qalan vaxt
Nə bir səhv düzəltməyə,
Nə də günah yumağa
Çatar. Bu vaxt bəs edər
Xatırlayaraq hər dəm
Ağrınmağa. Sonacan –
Kim deyir ki cəhənnəm
Sonra olacaq?
19 yanvar 2007, Samara