SƏN… SƏN… SƏN…

 

Rusiyadaki azərbaycanlıları bu ölkəyə gəlmə səbəblərinə görə qruplaşdırsaq, sayca bəlkə ən kiçik qrupa o adamlar düşər ki, onların əslində … heç bir səbəbi yoxdur. Yəni bu səbəb özünü ağlı başında sayanların baxımından yoxdur, o kiçik şərti qrupa düşən adamların  özləri isə Rusiyaya gəlmələrini, yaxud Azərbaycandan getmələrini səbəbsiz saymırlar, hərçənd səbəbin özünü açıb deməyiə bəlkə də utanarlar. Bu binəvaları mühacirətə sürükləyən – diqqətli olun! – müraciət formasıdır. Yəni onlar Rusiyadakı “siz” müraciətini vətəndəki “sən” müraciətinə üstün tuturlar.

Əslində nə qədər ki ikinci şəxs əvəzliyi ingilis dilində olduğu kimi demokratik və neytral vahidlik keyfiyyəti almayıb, “siz” müraciəti demokratiya yoluna təzə qədəm qoymuş və bu yoldan min bəhanə ilə yayınmağa cəhd edən ölkələrdə konstinusiya norması olmalı, onu pozanlar cinayət məsuliyyəti daşımalıdırlar. İlk baxışdan nə qədər qəribə görünsə də, ikinci şəxs əvəzliyinin hansı halda işlədilməsi ölkədə insan haqlarına, vətəndaş azadlıqlarına münasibətin çox dəqiq göstəricisidir.

Fərdi azadlıqlara və bu azadlıqlara güvənən insan ləyaqətinə  kütlələrin özü tərəfindən skeptik münasibət  yaxud bu azadlıqların tamam danılması son dərəcə brutal və duzsuz lətifələrdə öz əksini tapmışdır: alçaldılmağına qarşı etiraz edən adam təkrar alçaldılır, ancaq bu dəfə “siz” müraciəti ilə. Yəni bu lətifələri yaradanlar(xalq?) iddia edir ki, bizdə insan hüququ prinsip etibarı ilə mümkün deyil, çünki möhtəşəm “güclünün hüququ”  prinsipi mövcuddur. Lap kiçik rütbəli bir polis işçisinin “basdıraram, əlli-ayaqlı gedərsən!” dediyi anda bütün ingilis-sakson ədliyyə ənənələri, günahsızlıq prezumpsiyası və elə əntiq Roma hüququnun özü şərqli-müsəlman şüurunda fasiləsiz alovlanan cəhənnəmə vasil olur. Razılaşın ki, əgər ölkədə “siz” konstitusiya norması olsaydı, polis işçisi məhkəmə funksiyalarını bu cür azğınlıqla mənimsəməzdi və ümumiyyətlə nəinki danışığına, hətta geyiminə də, havayı kababdan və pivədən şişmiş qarnına da fikir verərdi.

Ruslar deyir ki, dustaqlıq və kasıblıq( daha doğrusu, dilənçilik) hamının başına gələ bilər. Ancaq insan heysiyyətinin müdafiəsizliyi hər bir idarədə, fərdi və ictimai fəaliyyət üçün atılan hər addımda özünü göstərir. Əgər həkim “köynəyini çək yuxarı görüm” deyirsə, xəstə başa düşür ki, bu dəqiqədən insan deyil, o, öz xəstəliyinə bərabərdir, bu xəstəliyə münasibət isə onun pulundan asılıdır. Özü ya əzizləri vətən xəstəxanalırında yatanlar bilir ki, bunlarda tibb personalının imkansız xəstələrlə  münasibəti həbs düşərgələrini xatırladır.

“Get dərdini kimə deyirsən, de!” – bu sözlər bu gün təkcə polis idarəsində, prokurorluqda,  bütün mərhələli mülki idarələrdə, xəstəxanalarda və get-gedə əsl korrupsiya ocaqlarına çevrilən məktəblərdə deyilir.

Mən Azərbaycan universitetində keçən əsrin yetmişinci illərində oxumuşam, bəlkə də o vaxtdan çox şey dəyişib. O illərdə filfakin cəmi bir kişi müəllimi –professor Ağamusa Axundov – tələbələrə “siz” deyirdi. Mən bilən, professor Axundov kolleqalarının əksəriyyətindən fərqli olaraq, rüşvət də almırdı…

Hər ilin bir ayını Salyanda keçirirəm və müəyyən tarixi-mədəni ənənələri olan şəhərin özündəki rəftar kobudluğu məni əməlli-başlı sarsıdır. Üzündə-gözündə, pulunu verib mal almaqdan başqa ayrı məramı olmayan müştərini didib-parçalamağa hazırlıq ifadəsi olan bazar və mağaza satıcıları bir yana, dövlət qulluqçularından tutmuş əczaçılara qədər bütün oxumuş zümrədən “sən” eşidirsən və bu “sən” deyən ilk dəfə gördüyün cavan qadın olanda adama elə gəlir ki, ayıblı bir yerə düşmüsən…

Avropalılıq, qərblilik – bu, fasadda deyil, içdədir. Şərq, etiketi ilə birgə, nağıllarda şirindir, məlahətlidir. Şərq etiketi, yaddan çıxarmayaq, qulluq ya feodallıq etiketidir. Feodal, mütləq hakim isə hüquq normalarını tanımır, o istədiyi(yəni istəmədiyi) adamı zindana atır — istəsə çürüdər, istəsə bağışlar. Azərbaycanda feodal münasibətlərin müdhiş harmoniyası bəzən bağışlanan Avropa məhkəmələrinə müraciət edəndə pozulur…

Azərbaycan üçün müraciət forması etik məsələ deyil, ciddi ictimai-siyasi məsələdir. Biz azərbaycanlılar “sən”ə qarşı müqaviməti bir vaxt Mahatma Qandinin Hindistanda və Cənubi Afrikada, d-r Martin Lüterin Amerikada irqi ayrı seçkiliyə qarşı apardığı mübarizə kimi olmalıdır. ”Sən” Azərbaycanda sadəcə şəxs əvəzliyi deyil, həm üfqi, həm şaquli bütün ölkəni bürüyən  müstəbid iyerarxik münasibətlərin kodudur. Bəy-gədə münasibətlərinin demokratik prosedurlarla qeyri-təbii hibridi Azrbaycanda indi mövcud olan əli dəyənəkli, ağzı ana söyüşlü polis rejimini yaradır.

O ki qaldı Rusiyaya, azərbaycanlılar fərqi sərhəddi… Yox, sərhəddi keçən kimi yox. Fərqi Dağıstanı keçəndən sonra hiss edirsən — Dağıstan Rusiya ərazisi olsa da, orda da insan haqları yumruğun yekəliyi, səsin və boyunun yoğunluğu ilə ölçülür. Siz Azərbaycan qatarı ilə gedirsinizsə, mənzil başına çatanacan yenə adam deyilsiniz, çünki vaqon bələdçiləri pasportlarınızla bərabər hüquqlarınızı və ləyaqətinizi də alırlar…

Rusiya isə xüsusi arşınla ölçülən ölkə olduğu üçün, burda ikinci şəxz əvəzliyinə, onun ictimai-siyasi həyatda yerinə və roluna münasibət də xüsusidir.

Bu barədə ayrı yazıda…

12.02.08 Samara

 

“Azadlıq” qəzeti

 

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s