Ehey! Heydərəli kişi!
Bülövə çək belini,
Paslanıb mən biləni.
Qara torpaq belinlə çox oyulub,
Gen kürəyin min yol tərlə yuyulub.
Qoca-cavan əlinlə çox qoyulub,
Məzar adlı otaqda,
Soyuq, tənha otağa.
Ehey! Heydərəli kişi!
Elə çək ki bülövü,
Göyə qalxsın alovu.
Zəif qadın əlləriylə gətirdin,
Kobud kişi əlləriylə ötürdün –
Qoca dünya, bu oyundu, ya nədi,
Çıxarırsan bizlə sən?
Usanmadın hələ sən?
Ehey! Heydərəli kişi!
Bülöv nə çox, bel nə çox,
Təpə nə çox, çöl nə çox.
Ölüm deməz bu cavandı o qoca,
Macal verməz ömür sürək doyunca.
Bir əvvəlin, bir sonucun tapmaca,
Qalanın da nağıldı, —
Həyat, daha nə qaldı?
Ehey! Heydərəli kişi!
Torpağa sanc belini,
Tər islatsın belini.
Nə bilirsən arzu nədi, kam nədi,
Hansı çıraq axıracan yanmadı.
Min yol qazdın, bir yol belin sınmadı,
Nə möhkəmmiş sapı, hey!
Tiyə çətin qopa, hey!
Ehey! Heydərəli kişi!
Bülöv çək od çıxınca,
Döndər beli qılınca.
Ölüm kimi qara rəngli torpaqdan,
Güllər bitir həyat rəngli al-əlvan.
Qorxutmayır bizi bu son imtahan,
Oy torpağı, qəmin kəm,
Qorxumuz yox ölümdən.
Ehey! Heydərəli kişi!
İŞdən qalsın əlin, hey!
Pas bağlasın belin, hey!
Tapmayasan bülöv, hey!
Heyyy…
22 sentyabr 1978, Ərəbqardaşbəyli