ZEYNƏB XANLAROVA. KİŞİ QIZI 3

Əslində Zeynəb Xanlarova guya yaxınlıq elədiyi məmuru ya lap Ələkbər Tağıyevi öldürsəydi də, Əliyev ona bağışlardı.Çünki Zeynəb xanım əliyevçiliyin mədəniyyət dəstəyinin çox vacib elementi idi.

Yetmişinci illər Azərbaycanın dinamik şəkildə iqtisadi və əxlaqi bataqlığa yuvarlanma dövrüdür. İqtisadiyyatın bütün rəsmi göstəriciləri yalan idi və buna görə də rəsmi təbliğatda bir kəlmə də doğru söz yox idi. Rekord pambıq, taxıl, çay, üzüm məhsulları dövlət idarələrində qondarılırdı və bunun belə olduğunu gözlə görmək üçün Azərbaycan mağazalarına girmək kifayət idi. “İri addımlarla adımlayan Azərbaycan”ıın mağazaları  boş idi, guya bir milyon tondan çox pambıq yığan respublikanın apteklərində camaata tibbi pambıq satılmırdı! Təhsil, səhiyyə ildən-ilə ən parlaq korrupsiya zonalarına çevrilirdilər. Bunların hamısından pis mənəvi-əxlaqi tənəzzül idi, adamlar üçün əzilmə, tapdanma normaya çevrilirdi, 60-cı illərdə kolxoz sədrinin elədiklərini 70-ci illərdə briqadir də edə bilərdi: yəni tarlada gəlinləri saçlayıb döyə bilərdilər – bunlar öz gördüklərimdir. Rüşvətxorluq Heydər Əliyevin vaxtında normaya çevrilmiş, rüşvətxor cəmiyyətin ən hörmətli adamı olmuşdu. “Ala bilməyənlr” əfəl, vecəyaramaz sayılırdılar…

Uşaq vaxtı hələ əllinci illərdə, aclıq vaxtı, kənd şənliklərində qarmon çalan bir nəfərdən söhbətlər eşitmişəm. Bu adam naşı imiş, yəni “qırıldadırmış”, cəfəngiyyat çaldığını camaat başa düşməsin deyə yanındakı nağara çalana tez-tez göz eləyirmiş: “Bərkdən vur!” (Uzun illər sonra indi həyatdan getmiş qarmonçunun musiqi alətini gördüm: primitiv bir qarmon, yarımpərdələrsiz!).

Əliyevə də ölkədəki vəziyyətin bərbadlığını ört-basdır eləmək üçün güclü təbil zərbələri lazım idi. Respublikada olan bütün incəsənət adamları Əliyev üçün təbil vururdular – Rəşid Behbudovan tutmuş Zeynəb Xanlarovaya qədər. İndi diktaturaya qarşı mübarizəyə qalxmış Rüstəm İbrahimbəyov Əliyevin korrupsiyaya qarşı necə amansız mübariz olduğunu göstərən filmlər çəkirdi… Noyabrın ortalarına qədər yağış altında pambıq tarlalarında zorla saxlanan arvad-uşaq çəkdiyi nahaq zülmü hansı rayondasa planın dolmağna həsr olunmuş konserti görəcəyi ümidiylə unudurdu. Axşamlar Bərdədən ya Ağcabədidən konsert göstərilirdi. Küləkdən saçları pırpızlanan müğənnilər atılıb-düşür və yem gözləyən heyvan mələməsinə oxşayan səslər çıxarırdılar… Əlbəttə, hər müğənnin öz yeri vardı, rayonlar arasında musiqiçiləri iqtisadi potensial və şöhrətlə mütənasib bölüşürdülər… Zeynəb Xanlarova rayonlara çox getməzdi, onu Lenin adına sarayda Moskvadan növbəti Qırmızı bayrağın alınmasına həsr olunmuş konsertə saxlayırdılar. Xalq intizarla gözləyirdi və bu şirin intizar ona çəkdiyi zülmləri qismən unutdururdu… Sonra məlum oldu ki, briqadir, aqronim, kolxoz sədri, raykom katibinin tapdağı altında əzilən xalqın yeterdiyi oğullar döyüşməyə qadir deyillər, kölə kimi boy atmış gənclərdə döyüş ruhu ola bilməz. Və indi Lenin adına sarayın səhnəsində döşlərini oynada-oynada atılıb düşərək “Azərbaycan, Azərbaycan!” oxuyan Zeynəb Xanlarovanı ürək bulantısıyla xatırlayıram…

 

 

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s