QIRX İLDƏN SONRA…

  1.

—         Məmə, mən Salyana gedirəm, məktəb yoldaşlarım gəliblər məni görməyə.

—         Məktəb yoldaşların?

—         Hə, Əlibayramlıda bir yerdə oxumuşuq.

—         Sən Əlibayramlıda oxumusan?…

Anamım yaddaşında uçuntular son illər uçuntular yaranıb, ncaq Əlibayramlı təkcə onun yaddaşından silinməyib. Məni Əlibayramlıda oxuduğum məktəb çoxdan bağlanıb, bəlkə heç şəhər camaatı da xatırlamır. İndi heç Əlibayramlı adlı şəhər də  yoxdur… Az qala qırx il görmədiyim adamların sanki kitab səhifələrindən  çıxıb canlanmağı mənim özümə də qəribə gəlir… Nə Əlibayramlı? Doğrudan da Əlibayramlı olub? 

                          2. SAHİBULLA                             

— Balığı yaxşı bişir ha, mən otuz ildir aşbazam, məni aldada bilməzsən…

Bunu ofisianta deyən hündür, geniş sinəli, qabağı dazlaşmış çal başlı bu adamın sonuncu dəfə təxminən qırx il qabaq gördüyüm Sahibulla olduğuna həm inanıram, həm inanmıram. Onun qırx il bundan qabaqkı hündür boylu, arıq, sıx, cod, qapqara saçlı Sahibullaya oxşarlığı yoxur. Hə, danışanda səsini tanımaq olur…

Sahibulla təkcə aşbaz deyil, həm də peşəkar qəssabdır. Doxsanıncı illərin əvvəllərində dörd uşaq atası olan Sahibulla, özünün dediyinə görə, müəllimlikdən getməyə məcbur olub. Əlibayramlıda pedaqoji məktəbdən sonra qiyabi ali təhsil də alıb, öz doğma kəndi Pensərdə işləyirmiş. “Müəllim yoldaşlara təklif elədim ki, gəlin hamımız məktəbə getməyək, onda bəlkə hökumət maraqlanar ki, niyə bu müəllimlər işə çıxmırlar. Mən çıxmadım, eşitdim ki, məndən başqa bütün müəllimlər məktəbə gediblər… Mənim atam qəssab olub, mən qapdım onun baltasını, başlaıdm qəssablığa, düz doxsan beşinci ildən bəri qəssabam. O vaxt baltanın çəkisi beş kilo yüz qram idi, indi dörd kilo üç yüz qram qalıb yeyilməkdən…Müəllimlikdən mənə qalan bircə müəllim adı oldu, kənddə indiyəcən mənə “müəllim” deyirlər…”

3.  SAHİB

 

Sahibulla deyir ki, ona evdə də, kənddə də həmişə “Sahib” deyiblər, ancaq Əlibayramlıda ona “Sahibulla” deyirdilər ki, Sahiblə dəyişik salınmasın. Sahib indi onunla yanaşı, mənimlə üzbəüz oturub. Onda əvvəlki Sahiblə oxşarlıq qalıb, saçı çallaşsa da, yerindədir, üzünün rəngi təravətini itirib. Bu, yəqin qismən yaşdandır, qismən də iqlim dəyişikliyindən – 1993-cü ildən bəri Sahib Bakıda yaşayır, bütün Qubadlı kimi onun doğma kəndi Yusifbəyli də işğal altındadır. İşğal ərəfəsində təhsil şöbəsinin müdiriymiş, deyir ki, məmurları qoymurdular rayondan çıxmağa, ona görə də son çıxanlardan olub, yəni bütün əmlakını itirib… Mən bir az  təəccüblənən kimi oluram ki, qrupun uşaqları arasında daimi ünsiyyət varmış, get-gəl varmış, Sahibulla zəng edib Sahibullaya deyirmiş ki, ailəni götür gətir bizə… Və Sahib elə də edib, ailəsini götürüb aparıb Astaranın Pensət kəndinə. İki ya üç həftə orda qalıblar, sonra Sahib Bakıda mənzil tapıb, ailəsini köçürüb…

Bu hekayə məni çox müyəssər elədi, qalxıb Sahibullanı qucaqlamaq, ya ona baş əymək də istəyirdim, ancaq bu, qəribə görünərdi və başa düşülməzdi…

Həm də o yadıma düşürdü ki, bu hadisə Əlikram Hümmətovun qiyamı vaxtı olub. Demə Azərbaycan heç də parçalanmayıbmış…

                                            4. ELDAR

                       

İçimizdə daha bir nəfər var ki, onu da qaçqın ya qaçqın övladı saymaq olar. Eldar Rüstəmov Salyanın Varlı kəndindəndir, İkinci şöbə kimi tanınan bu kənd əhalisinin çoxu 1949-cu ildə Emənistandan köçürülənlərdir. Eldar burda anadan olub, onda ermənistanlı ləhcəsi də yox kimidir. Biz onunla çox yaxın olmuşuq, indi ordenli professora çevrilmiş Həbib Zərbəliyevlə bir yerdə qalardılar və mən tez-tez onlara gedərdim. Fövqəladə səliqəliliyi və qənaətcilliyi ilə farqlənirdi, pedaqoji məktəb tələbələrinin  yarısı kimi o da qarmon çalırdı və foqoqrafiya ilə məşğul olurdu. Mən davalı adamam, ancaq onunla hər hansı ixtilafım olduğu yadıma gəlmir. Səkkiz ildir orta məktəb direktorudur, uşaqları ailə qurublar. Bir il əvvəl İranda əməliyyat olunub, xərçəng daxili orqanlarından üçünü sarsıdıbmış. “12 saat əməlliyt getdi. 42 kiloqram qalmışdım”, — Eldar danışır. İndi kökəlib, ancaq rəngi kül kimidir, kimya aldığından saçı sarımtıl çalarlı ağdır. “42 min manata elədilər. Arvada da on min getdi”, — Eldar bunu danışdıqca Çexovun “Rotşildin skripkası” hekayəsi yadıma düşür – tabutçu uzun haqq-hesab çəkəndən sonra bu nəticəyə gəlirdi ki, yaşamaq ancaq ziyandır, ən faydalısı ölməkdir, min il qəbirdə yatasan, bir qəpik xərcin çıxmır…

Mən Moskvaya gedənə qədər  Eldarla hərdən Salyanda görüşərdik, onu görmədiyim otuz ildən bir az artıq olar, son dəfə, səhv etmirəmsə, sonralar yanmış “Kür” restoranında araq da içmişdik. Mənə dedi ki, evlənir, nişanlısı həkimdir. Dedim Eldar, sən pomidor yetişdirirsən, həkim qızı neynirsən. Dedi ki, Xeyrulla, o həkim qız pomidorları elə iynələyəcək ki, gəl görəsən…

İndi soruşuram, gülüb deyir ki, həkim qız otuz il pomidorları iynələyib, dərmanlayıb… Deyir gündə Salyana üç reys edirdim, yetmiş yeşik pomidor gətirib verirdim…Ər-arvad bunların otuz il necə, nə qədər işlədiklərini mən təsəvvür də edə bilmirən, yəqin gecə-gündüz çalışıblar… Əlbəttə, xərçıng  az işləyənə, çox işləyənə baxmır, özünü hara gəldi soxur… Ancaq mənə elə gəlir ki, Eldarla arvadlı özlərini şil-küt ediblər. İndi də elə bil uğradığı fəlakətdən çox kiçik oğlunun kənd işinə soyuqluğu ilə qayğılanır, gənclikdəki kimi əlini ölçə-ölçə danışır, ancaq gözlərində o işıq yoxdur, ümumiyyətlə gözlərində heç işıq yoxdur…

                                                                    BALIQ GƏLDİ…

“Bala, sən nə passivsən, hərəkət eələ, gətir pendirdən, göyərtidən doldur stolun üstünə balıq bişincə, acından öldük…”

Bunu ofisianta deyən Əlidir, Ağayev Əli, Əlibayramlının Muğan qəsəbəsindəndir, indi yəqin Hacıqabula salınıb. Mən Əlibayramlıda oxuduğum dörd il ərzində müxtəlif adamlarla müxtəlif yerlərdə oturmuşam, yəni xalq dilinylə desək, yeyib-içmişəm. Əliylə oturmağım yadıma gəlmir. Parlaq tələbə deyildi, yəni hər qrupda parlaq tələbələr olurdu — əla oxuyanlar, idman ya incəsənət sahəsində istedadlılar – bunların heç biri Əlidə yoxdu, üçüncü kursa qədər heç onun qrupda olduğu bilinmirdi. Ancaq tərsliyi, sözü üzə deməyi vardı – bu da sona yaxın üzə çıxmışdı. Onun nəinki süfrə ağsaqqallığını, hətta kiminləsə yeyib-içdiyini, yəni araq içdiyini görməmişəm və təsəvvür edə bilmirəm… İndi süfrə başında oturub ofisianta buyuruq verir… “Pul qazana bilməyən  adam deyil”, — bunu da Əli deyir. Balıq hələ gəlməyib. Sahib, Sahibulla, Eldar təsdiq edirlər ki, pul qazana bilməyən adam deyil. Eldarın torpaq əkdiyini, pomidor yetişdirdiyini bilirəm, Sahibulla aşbaz və qəssabdır. Əliylə Sahibin, yəqin ki, biznesi var – nə biznesdir, bilmirəm, soruşmuram da… Sonra söhbət dərinləşir, deyirlər ki, pulsuz şərəf-zad boş şeydir. Mən bunu eşidəndə söhbətə qarıışıram, deyirəm ki, mənim bildiyimə görə, şərəf boş şey deyil və pulla çox şey almaq olar, şərəfdən başqa…

Sahibulla məni görmək üçün üç yüz əlli kilometrlik yol gəlib, Eldar mənim (belə çıxır) xətrimə yataqdan durub, Sabib Bakıdan Salyana maşın sürüb – pul qazana bildiklərini mənə bildirməyə? Eldardan başqa, hamısı müəllimlikdən gedib – bəlkə özlərini doğruldurlar? Bəlkə sosial statuslarını itirdiklərinə görə özlərinə təsəlli verirlər? Mənə elə gəlir ki, bu söhbət Əliyə lazım idi. Mənə göstərmək istəyirdi ki, bəs sən parlaq idin, şəklin məktəbin dəhlizində asılmışdı, orda vardın, burda vardın – nə olsun? Pulun yox, maşının yox… ailən də yox… Hə, qəribə burasıdır ki, Əli əxlaq məsələlərinə də toxundu, “mülki nigah”da yaşayanları “heyvan” adlandırdı…

Əli namaz qılırmış…

Mülki nigah… Bunu hardan bilir?…

Balıq gəldi… Sahibullanın hədəsi Salyanda işləmədi. Balığı elə qızardıblar ki, kütə gedib odda qovrulmuş kündəyə dönüb…

Mən yemirəm. Deyirəm ki, mən qızarrmış şey yemirəm. Deyirlər pendir-çörək ye. Yeddi-səkkiz iildir çörək yemədiyimi eşidib təəccüblənirlər. Bəlkə də inanmırlar.

Eldar yanıb-qovrulmuş balıqdan yeyir. Az qalıram deyəm ki, bu kişini öldürməyə gətirmisiniz?

Yemək bitməmiş Sahib durur və “əlimə su səkim” deyib gedir. Bilirəm ki, pul verməyə gedir…

Əli durmur. Yəqin əlini namaz qılandan-qılana yuyur…

 

                                                              BALA KÜR

Biz Bala Kürün üstündəki kafelərin birində oturmuşuq. Deyilənlərə görə, bir vaxtlar Kürün təbii olmuş qolunun tutqun suyu iti axır. Ancaq beş-altı həyət ördəyi inadla üzü yuxarı üzməyə çalışır… Yunan filosofu deyib ki, bir çaya iki dəfə girmək olmaz… Bilmirəm, girən olur ya yox, ancaq mən bu çaya ikinci dəfə çətin girərəm. Bir dəfə, təxminən on üç yaşda olanda, Bala Kürdə çimmişəm, mərhum xalam oğlu Əliylə Stansiyadan Arbatan qabağına getmişdim, Stansiya uşaqları orda çimir və balıq tuturdular… Arbatan anamın kəndidir, ancaq bu kənddən tanıdığım adam yoxdur, kəndin içində də olmamışam, ancaq qəbiristanlığına getmişəm, özü də bir dəfə yox…Orda nənəm, dayılarım, dayı uşaqları basdırılıb, Hacı… İndi Salyanını özündə də gedəcəyim ev qalmayıb, qardaş da, bacı da qəbiristanlıqdadır… Hərdən fikirləşirəm ki, Rusiyadan gəlib Salyana gecə çıxsam, gərək qəbiristanlıqda gecələyəm, çünki müsafirin öz çamadanı üstündə oturub səhərin açıldığını gözləyə biləcəyi yeganə yer — avtovağzal gəlmə bir naxçıvanlı tərəfindən çoxdan şadlıq evinə çevrilib…  Sahibə baxıram və həmişə qaçqınları görəndə düşündüyümü düşünürəm: Bakıda olub öz yurduna gedə bilməmək necə olur? Əvvəllər fikirləşirdim ki, Salyan da işğal olunsaydı, mən bunu necə yaşayardım. Gəlib çıxırsan Bakıya, ordan qalırsan baxa-baxa… İndi görürəm ki, vətən təkcə işğal nəticəsində itmir…

SAĞOLLAŞMA                                    

 Dostoyevskiy 60 illik kişi ömrünü estetik forma baxımdan kamil sayıb, özü də 60 yaşında ölüb…

Hə, yaş altmışa çatmamış, bəzən elə otuzdan, bəzən qırxdan sonra həyat estetik baxımdan çox yöndəmsiz olur, onda qalmış ki, altmışı keçəsən…

Qırx ildən də bir az əvvəl mənimlə dörd il bir yerdə oxumuş uşaqlardan hamısı altmışı keçməyib. Rahilə ölüb, Nüsrət ölüb, Vahid ölüb…

Bəlkə mənimlə görüşə gələnlərin söhbətini eşidib təəccüblənəcəklər: “Xeyrulla? İndiyəcən durur?…”

Kafenin həyətində bir neçə maşın durub, biri Astaraya, biri Əlibayramlı tərəfə, biri Bakıya gedəcək. Mən kəndə gedirəm, bir həftədən sonra Rusiyaya qayıdacağam.

Hər birinə xoş söz demək istəyirəm. Eldara deyirəm ki, oğlunu çox sıxma-boğmaya salmasın… Deyə bilmirəm ki, sən əlləşib özünü şil-küt elədin – nə oldu? Demək olmur…

Sahibə Qubadlının azad olunmağını arzulayıram. Ağlıma bundan başqa bir şey gəlmir. Bu adamı qırx ildir görmürəm, nə bilim içində nə var…

Əliyə bir şey demirəm, çünki Əli özü bütün bəşəriyyətə dərs verməyə hazırdır. Ancaq bu adama minnətdaram, bu görüşün təşkilatçısı odur, hamıdan xəbəri var, ölənlərdən də…

Sahibullaya Samarada keçirdiyimiz “talış günü”ndən deyirəm, soyuq qarşılayır, elə bil bu mövzudan qorxur…

Ayrılırıq…

Bir vaxt Bala Kür Kürün təbii qolu olub, indi suyu nasoslar vururlar. Bu ünsiyyət də qismən belədir, təbii yoldaşlığın, ünsiyyətin əvəzinə belə planlanmış görüşlər…

Bir də bu adamları görəcəyəmmi? Təəssüf ki, indi ehtimal qırx il əvvəlkindən bəlkə qırx dəfə də azdır. İndi necə deyəsən ki, “bəlkə qırx ildən sonra…”?

 

Sentyabr 2013, Samara

 

 

 

 

 

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s