Во всем мне хочется дойти…
Hər şeydə həmişə istəyirəm mən,
Məğzə yetişəm.
İşdə, yol seçəndə, ürək titrədən,
Təlatümdə həm.
Yetmək istəyirəm ötən anların,
Kökünə qədər.
Mahiyyətə varam, biləm, anlayam,
Səbəblər nədir.
Həmişə taleyin, hadisələrin,
Məğzini qanmaq.
Yaşamaq, sevişmək, elmi irəli,
Aparmaq ancaq.
Əgər bacarsaydım, yazardım ah, mən,
Səthi olsa da.
Qızğın ehtirasın xassələrindən,
Səkkizcə misra.
Yazardım günahdan, qaydapozmadan,
Qaçdı-qovdudan.
Qəfil ağuşlardan, odlu təmasdan,
Dizdən, ovucdan.
Onun mənşəyini, düsturunu mən,
Tapıb yazardım.
Baş hərflərini adlarının həm,
Təkrarlayardım.
Mən şeirlərimi bağ tək əkərdim.
Cökələr burda,
Titrək damarlarla çiçəkləyərdi,
Sıx sıralarda.
Qatardım hər şerin nəfəsinə mən,
Nanə, gül ətri,
Qumotu, təzəcə biçilmiş çəmən,
Tufan həniri.
Beləcə haçansa Şopen qatardı,
Musiqisinə,
Parkın, məzarlığın, palıdlıqların,
Möcüzəsini.
Ali təntənəyə çatılan anda,
Əzab və məzə.
Tarıma çəkilən sanki kamandır,
İndi üzülər.
1956
Ruscadan tərcümə
- 11. 2014 Samara