VAQNER İSRAİLDƏ İFA OLUNMUR, SƏMƏD VURĞUN DA GƏRƏK AZƏRBAYCANDA OXUNMAYA

“De mortuis aut bene, aut nihil” – Ölənlərdən ya yaxşı, ya da heç nə (danışmaq) – latın məsəli belə deyir.

Yəqin bu məsəl həyatı birdəfəlik tərk edənlər haqqındadır, yəni ölmüş insan yaşayanların həyatında heç bir şəkildə iştirak etmir.

Bəs edirlərsə?

Lenin haqqqında deyirdilər ki, “o bütün canlılardan canlıdır”.

Uzağa getməyək, götürək bizim Səməd Vurğunu. Azərbaycanın ruhi, mənəvi həyatında çox canlıdan artıq iştirak etmirmi? Belədirsə, niyə onun haqqında danışmayaq?

Mən Səməd Vurğunu bir şair kimi sevmirəm, yəni bir şeirindən belə xoşum gəlmir, mənim üçünsə bir yaxşı şeir də kifayətdir ki, müəllifini hörmət etdiyim şairlərin siyahısına salım. Ancaq Azərbaycan ədəbiyyatında dövlət tərəfindən “klassik” statusu almış vecsiz şair və yazıçılar çoxdur, onlar məni heç narahat etmirlər, dəqiq desək, onların çoxu məni narahat etmir. Ancaq Səməd Vurğun məni narahat edir. Çünki ədəbiyyatda dövlətin köməyi ilə bütün canlılardan daha canlı yer tutaraq insanların mənəviyyatını pozmağa, yeni-yeni nəsillərin ədəbi zövqlərini korlamağa davam edir.

“Bəli, bakılıyam, öz şöhrətim var,
Mənim babam olmuş 26-lar”.

1918-ci ildə Səməd Vurğun 12 yaşında idi, realnı məktəbdə oxuyurdu, gözüaçıq, zirək olmağına da şübhə yoxdur, buna görə də Azərbaycanda bolşevik komissarların nə qədər qan axıtdığını da yaxşı bilib, onların neçəsinin erməni olduğunu da bilib. Və minlərlə insanın qanını axıtmış yadelli inqilabçılara Səməd Vurğunu  “baba” deməyə nə vadar edirdi? Bu, məcburi loyallıq da deyil, repressiv rejimdən özünü müdafiə də deyil, bu, patoloji əqidəsizlik, prinsipizlik, satqınlıqdır. Yəni ki, rejim ondan satqınlıq tələb etməyəndə də Səmıəd Vurğun özü rejimə ən rəzil formalarda satqınlıq təklif edib.

Yaxşı, allahsız olmağını başa düşürük, mən özüm də allahsızam. Ancaq bolşevik partiyasına “bəşərin vicdanı, eşqi, ürəyi” deməyə Səməd Vurğunu nə vadar edirdi? Yeni orden almaq ehtirası? Yeni “Zim” almaq ehtirası? Yeni Stalin mükafatı almaq ehtirası?

Mənə mərhum Sabir müəllim Talışinski Səməd Vurğunun müharibədən sonrakı illərdə Salyana ova gəlməyindən danışırdı. Üstüaçıq maşın, maşında iki yekə it. Ov da ki, ceyran ovu olardı yəqin.

Belə keflər üçün Səməıd Vurğun nənəsini Şaumyana siğə eləyirdi? Özü də təkcə Şaumyana yox, 26 komissarın hamısına…

Azərbaycanda kolxoz qurulanda Səməd Vurğun ordenli-medallı şair olub, kəndlilərin, özü də işlək kəndlilərin başına nə “komsomol” oyunu gətirildiyini yaxşı görüb. Minlərlə zəhmətkeş insan qolçomaq adıyla damğalanıb, sürgünə göndərilib, ailələri dağılıb. Minlərlə adam həyatlarını Sibirin, Qazaxstanın yollarında itiriblər.

Səməd Vurğun da bu faciəni “tərənnüm” edən “Komsomol” poemasnı yazıb…

Mənə elə gəlir ki, bu insanın əsərləri Azərbaycanda boykot olunmalıdır. Musiqi dahisi Vaqnerin əsərləri İsraildə ifa olunmur. Rəsmi qadağan yoxdur, ancaq misiqiçilər Vaqneri ifa etmirlər – antisemit olub. Səməd Vurğun da xalqının cəlladlarının şəninə kitab-kitab şeirlər yazıb. Xalq da ona arxa çevirməlidir.

Patoloji əqidəsizlik irsən də keçirmiş – Səməd Vurğunun oğlu Yusif Vəkilov “Yeddi oğu istərəm” filminə ssenari yazıb. Yusif Səmədoğlu da Azərbaycan kəndlilərinin başına nələr gətiriıldiyini, əlbəttə, gözəl bilirdi. “Yeddi oğul istərəm” filmində əqidəsizlik, prinsipsizlik estetik zövqsüzlüklə, ifrat bayağılıqla birləşib biabırçı bir şey ortaya gətirib. Təsadüfi deyil ki, bu film çıxandan “Yanıq Kərəmi” çalınan kimi azərbaycanlı kişilər və arvadla balaqlarını çırmalayb düşürlər ortalığa… Kül bizim başımıza…

Azərbaycanlıların problemi tərbiyə problemidir, ağı qaradan seçə bilməmək də yox, ağı qaraya qarışdırmaq problemidir. Həm soyqırım qurbanlarına yas tutan, həm də bu soyqurumu törətmiş insanlara “babam” deyən Səməd Vurğuna pərəstiş edən azərbaycanlının mənəvi tərbiyəsində əngəl var. Hakimiyyətə gələndən sonra azərbaycanlıların məzlum vəziyyətini daha da ağırlaşdırmış çalmalı cəllad Xomeyniyə pərəstiş edən azərbaycanlının tərbiyəsində əngəl var.

Şübhəsiz ki, fitri ədəbi istedadı olan, lakin ifrat deqradasiyaya uğramış, özünü bütünlüklə ordenə, laureat nişanına, xarici səfərlərə, kef məclislərinə satmış Səməd Vurğun mənəviyyat tariximizin ən böyük ayıblarından biridir və təəssf ki, dövlətin səyi ilə bu ayıb milli fəxrə çevrilib…

31.03. 16

Samara

 

 

Реклама