İLHAM ƏLİYEV MÜXALİFƏTÇİLƏRİ GÖZ BƏBƏYİ KİMİ QORUYUR…

Baxıram ki, bu Əliyev rejimi deyilən və yazılan qədər də qəddar və ədalətsiz deyilmiş. Və hətta bu rejimdə çoxlu insanpərvərlik, demokratizm varmış.

Deyirlər ki, Əliyev rejimi müxalifəti əzib suyunu çıxarır. Ola bilsin ki, bi sözlərdə həqiqət var. Ancaq bu sözlərdə yalan da çoxdur.

Müxalifəti əzən rejim bilirsiniz neylərdi? Aparıb bütün müxalifətçilərin balalarını tökərdi cəbhəyə, hamısını da ön mövqeyə, erməniylə burun-buruna. Tökür? Tökmür. Qoyur? Qoymur. Lənkəranda, Salyanda, İmişlidə, Neftçalada, Şamaxıda, Qusarda və başqa kənd rayonlarında torpağa basdırılan uçaqlar məgər müxalifətçi idilər? Məgər onların ata-anaları müxalifətçi idilər? Yox, onlar hamısı siyasətdən uzaq adamlar olublar. Uşaqlarının ön mövqeyə düşməyinin səbəbi bir şeydir: onların kasıblığı!

Bir nəfər yaralı, burnu qanamış əsgər göstərin, deyin ki, bu uşaq İsa Qəmbərin, Əli Kərimlinin və adlarının bilmədiyim başqa müxalifət rəhbərlərinin oğludur və Əliyev acıqca onu ölümə göndərib. Belə əsgər var?

Və əgər müxalifətçilərdə belə şiddətli vətənpərvərlik varsa, niyə onların uşaqları hərbi məktəblərə girib zabit olmurlar? Ordu ququculuğu müxalifətin planlarına daxil deyil?

Mən Əli Kərimlinin İlham Əliyevə yazdığı məktubu təzədən oxuyandan sonra Vikipediyada Cəbhə rəhbərinin bioqrafiyasına baxdım: Əli Kərimli “müharibədə olmuşam” deyəndə 1989-cu ildə sərhəd rayonlarına səfərini nəzərdə tutur. İnsafla deyin: 1989-cu ildə müharibə vardı?

Nə deyirsiniz deyin, Əliyev müxalifəti sevir, müxalifətçiləri də, onların balalarını da göz bəbəyi kimi qoruyur. İtkilərin siyahısına baxın, özünüz əmin ola bilərsiniz…

13.04.2016