SABİR YUSİFOĞLUNUN ŞEİRLƏRİ HAQQINDA BİR NEÇƏ SÖZ

1981-ci ildən sonra yaranan Azərbaycan poeziyasını mən tanımıram, düzdür, iki ildə-üç ildə bir dəfə İnternetdə bir neçə şeir tapıb oxuyuram, ancaq oxuduqlarımda məni təəccübləndirən bir şey tapmadığıma görə yenilərini oxumağa həvəsim olmur.

Bu yaxınlarda hansı Azərbaycan saytındasa bir şairin müalicə üçün vəsait tapmadığına görə  öz şeirlərini satmaq fikrinə düşdüyü barədə məlumat oxudum. Bu şairin, yəni Sabir Yusifoğlunun, şeirlərini İnternetdə tapdım. Əvvəlcə onu deyim ki, şeirlərdən məndə belə təsəvvür yarandı ki, müəllifin 22-25 yşı var, çünki bu cür şeirləri bizdə İsa İsmayılzadə, Ələkbər Salahzadə, onlardan sonra Ramiz Rövşən 20-22 yaşlarında yazıblar. Sonra öyrəndim ki, Sabir Yusifoğlunun yaşı 50-dən çoxdur. Mən, əlbəttə, müəllifə can sağlığı arzulayıram. Ümid edirəm ki, müalicəsi üçün vəsait tezliklə tapılar. Həm də Sabirin özüyə məşğul olmasaını məsləhət görərdim, yəni təmiz havada çox qalmaq, çox piyada gəzmək, pəhriz və s. Bunu Sabirdən ən azı oin yaş böyük kimi deyirəm. O ki qaldı şeirlərin satılmağına, bu, düzü, şantaja oxşayır. Yəni ki, görün nə haldayam…Mənə elə gəlir ki, Sabir bu məsələdə səhv edib. Bəlkə də xəstəlikdən ümidsizliyə uğrayıb özünə qarşı diqqət yaratmaq istəyib…

İndi Sabirin şeirlərindən.

Mənim fikrimcə, Sabir istedadlı insandır, yəni Sabir özünü şairliyə qoymayıb, şairlik onda vergidir.

Ancaq Sabirin şeirlərinbi oxuyandan sonra bu fikrə gəlirəm ki, bizdə “böyük” şeiri Əli Kərimdən sonra heç kim yazmayıb. Və, təəssüf ki, Sabir Yusiufoğlunun yaxşı şeirləri olsa da, bunlar böyük poeziya deyil. Mən Sabirin ən yaxşı şeirlərindən sayılan bir yazını nümunə gətirirəm.

Susuzluqda su təki
Bəlkə yadına düşəm.
Mənə bir məktub göndər
Bilim ki, ölməmişəm.

Azərbaycan poeziyasına bələd olanlar bilirlər ki, bu, plagiatdır. “Susuzluqda su” metaforu Əli Kərimindir.

“Mənsə səni sevirəm

 susuzluğun od vurub

Köz kimi yandırdığı,

Dodaq su sevən kimi”

 

Sabir şeirini belə bitirir:

“bilim harda solursan,
ay gülüm, ay bənövşəm.”

“Solmaq” məsələsi də Sabirin kəşfi deyil, bu, Qabilin məşhur (təəssüf ki, İnternetdə yoxdur) “Çağırsan gələrəm, çağırmasan yox” şeirindəndir:

Eşitdim deyirlər ölüb getmisən,

Min adam içində yalqız olmusan.

Eşitdim deyirlər solub getmisən…”

Mən 1981-ci ilin payızına qədər, yəni Azərbaycandan gedənə qədər mətbuatda çıxan şeirləri ardıcıl oxuyurdum, o vaxt “Azərbaycan” jurnalının təzə və mübariz redaktoru Əkrəm Əylisli  gənclərin şeirlərini şələ-şələ çap edirdi (müəlliflərin necə seçildiyini deyə bilmərəm). Şeirlərin çoxu belə başlayırdı:

“…Ulduzu tökülüb bizim göylərin
Nə sən o çiçəksən, nə mən o dəli”.

Bu, əlbəttə, Sabirin şeirindəndir, ancaq 35-40 il bundan qabaq da elə hamı belə yazırdı və o yazanlardan heç biri adam olmadı, yəni böyük şair olmadı.

“Nə qədər əllər uzanır
Əl dəyməyən ətəyinə.
Yəni belə uzaqsan ki,
Bu ahlar çatmırmı sənə?!”

Belə Koroğlu gəraylıları isə lap əvvəllər yazılıb, məsələn, Ramiz Rövşən belə gəraylılar yazıb 60-cı illərin sonuunda, 70-ci illərin əvvəllərində, belə şeirlər, əlbəttə, əsil gəraylı deyil, “Feyk” gəraylıdır, belə şeirlərlə əlbəttə, çox dərinə və uzağa getmək olmaz, hərçənd Ramiz Rövşən 40 ildir ki, başını dolandırır. Mən ancaq böyük poeziyadan danışıram.  Və Sabirin şeirlərində, eləcə də 30 il bindan qabaq Vaqif Cəbrayılzadənin şeirlərində olduğu kimi, Tanrı Tanrıdan çox idarə müdiridir, rayon administrasiyasının rəhbəridir, nazirdir, oliqarxdır. Bunlara isə baş qoşmağa dəyməz. Baş qoşanda gərək biləsən ki, böyük şeir yazmırsan, növbəti şeir yazırsan… (üstəlik texniki pintilik: “çatmırmı»,  “mırmı..”)

Mənə elə gəlir ki, Sabir Yusifoğluna çatmayan onun təhsilsizliyidir, böyük poeziyanı bilməməyidir. Əlbəttə, istedadın olduğu halda – Sabirin istedadı var! – öyrənmək, yenilənmək, dərnək düşüncə tərzini aşmaq gec deyil.

Sabir Yusifoğluna şəfa və uğur arzulayıram.

18.06.2016

Samara

Реклама