FİRONLUQ İDDİASINDA HEÇ VAXT OLMAMIŞAM, ÖLÜM HAQQINDA İSƏ HƏR GÜN DÜŞÜNÜRƏM…

Məmin salyanlı dostum Cəfər Mehdiyevin bir qohuMu vardı. Bu kişi arvadından-uşağından rəsmən ayrılmışdı, ancaq onlarla bir yerdə, fərdi mülkün bir otağında yaşayırdı. “Xərclərini verirəm”, — deyirdi. Ancaq əlavə edirdi ki, vaxtaşırı pullarını kəsir ya yubadır. “Onları fironluqdan salıram”, — o öz taktikasını belə izah edirdi…

Bir həftə əvvəl mən FB-da yazdım ki, bir “dost” mənim şeirlərimi paylaşır və bu halda baxımların sayı bir neçə dəfə artır. Həmin gündən “dost” daha şeirlərimi paylaşmır, yəqin o da məni “fironluqdan salır”…

               =============================================

Mən doqquz-on yaşımdan şeir yazıram, ancaq əsasən 25, 30 yaşdan sonra yazdığım şeirləri saxlayıram. Və onların heç birini əzbər bilmirəm. Hətta öz şeirini də əzbər bilmək üçün onu gərək vaxtaşırı kiməsə oxuyasan. Mən heç kimə şeir oxumuram. Beş ildə, on ildə çaşıb birinıə şeir oxuyanda tez peşman oluram və hətta utanıram, elə bil ki, birindən beş manat pul istəmisən, verməyib… Bu, çox ağır hissdir… Yaradıcı adamda bəlkə də şöhrət istətyi vacibdir, bəlkə məndə də bu istək var, ya da ən azı gənclikdə olub. Ancaq ləyaqət hissi mənim üçün daha vacibdir, və bu hissi heç vaxt redaksiya qapılarında tapdalatmamışam. Bir neçə dəfə mənim yazılarımı götürüb aparıblar ki, jurnala qoyacaqlar, qəzetə qoyacaqlar, kitab çıxaracaqlar. Heç yerə qoymayıblar, heç nə çıxarmayıblar…

           ==============================================================

Mənim indi 62 yaşım var, payıza çıxsam, 63 olacaq. Mən indiyəcən şeirə, ədəbiyyata peşə kimi baxmamışam. Müəllim olmuşam, zavodda, metroda, kitabxanada işləmişəm. Və yazdığım şeirlərdən, elədiyim çoxlu tərcümələdrən bir qəpik də qazanmamışam. Adım da indiyəcək heç yerdə yoxdur. Ancaq arxayınam ki, mənim bier neçə il əvvəl yazdığım “Kəllə”, “Gəmilər gedərdi bu çayda bir vaxt” «Gözətçi», «Hacının xatirəsinə» şeirləri, bir neçə gün əvvəl yazdığım “Edam” şeiri Azərbaycan dilində yazılmış şeirlərin ən yaxşılarındandır. Və indi bu şerləri üç ya ən çoxu otuz adamın oxumağının məsələyə dəxli yoxdur…

            =========================================================

Mənim şeirlərimə nəinki laqeyd, hətta düşmənçiliyə varan əsəbi münasibət əvvəldən olub.  Bunun səbəbi mürəkkəbdir, ancaq mən bunu qismən izah edə bilərəm. Mən qılıqlı deyiləm, adamlara yovuşmuram, axı bir xoş söz eşitmək üçün gərək iki xoş söz deyəsən. Mən də demirəm…Mən öz yazım haqqında xoş söz eşitmək üçün gərək kiminsə bacarıqsız, səriştəsiz gördüyü bir işi tərifləyəm. Bu məni hara aparardı? Mən indi də FB-da demək olar ki, heç kimin yazısına, qeydinə “layk” qoymuram, bilirəm ki, bu “layk”ın əvəzində o da mənim şeirimi “bəyənəcək”, beləliklə əsil oxucuyla qondarma oxucu qarışacaq. Çexovun bir qəhrəmanının əsil pullarla qəlp pulları qarışdırdığı kimi… Mən istəyirəm ki, mənim şeirimi oxuyan adam üçün mənim xasiyyətimin, hətta ona qarşı münasibətimin fərqi olmasın. Hələlik mənim bir nəfər də belə oxucum yoxdur. Ancaq indi yoxdursa, o demək deyil ki, heç vaxt olmayacaq. Bunun sağlığmda ya məndən sonra olması elə vacib deyil…

                        ===============================================

Bir az qəribə görünsə də, mənim yazılarıma əsəbi və düşmən münasibət ən çox öz nəslimin içində olub. Müxtəlif səbəblərdən. Bəziləri səmimi düşünüblər ki, mən cəfəngiyyatla məşğulam, belə düşünməyə əsasları da olub, çünki mənim məşğuliyyətim heç vaxt qazanc gətirməyib. Bəziləri belə fikirləşiblər: bu bizdən artıq-zaddır? Özünü şairliyə qoyub, qırışmal, biz istəsək, ondan da yaxşı yazarıq… Bəziləri də düşüncələrinə sığışdırmayıblar ki, adlarını titrəyə-titrəyə çəkdikləri insanlardan biri elə onların öz içində də, onların qanıyla, onların soyadıyla doğula bilər…

O ki qaldı mühitə… Mən heç vaxt “ədəbi mühit” deyilən şeyin içində olmamışam. Moskvada oxuyanda tələbələr və aspirantlar arasında istedadlı ədəbiyyatçılarla ünsiyyətim olub. Onlar da məni nədənsə istedadlı sayırdılar, hərçənd yazdıqlarımı oxuya bilməzdilər – dilimizi bilmdədiklərinə görə… İndi hərdən İnternetdə müasir Azərbaycan ədəbiyyatına aid səhifələri açıram və tez də bağlayıram. İndi qürurla şair, “yazar” (!?) adını daşıyanların necə sənətkar olmaqları bir yana qalsın, onların dolğun akademik, hümanitrar təhsilləri yoxdur. Onların əksəriyyəti savadsızdır, ədəbiyyyatda, jurnalistikada isə savadsız adamlar məndə kin və qəzəbdən başqa heç nə doğurmurlar…

                            ==========================================

Samarada isə… Yaxşı ki, Samarada həinki mühit, heç oxucu da yoxdur. Nəticə etibarı ilə mühit də, Oxucu da müəllifi korlaya bilir. Heç xəbərin olmur, bir də görürsən Mühitin, Oxucunun “zövqü”nə və istəyinə uyğun qondarmağa başlamısan…

O ki qaldı “fironluğa…”  Mən yaşda adam fironluq iddiasında olmur. Məın yaşda adam fikirləşir ki, hər gün ölü bilər, ancaq harda basdırılacağını, necə dəfn olunacağını qərara alıb sənədləşdirməyib…Bunu eləmək lazımdır…

Şeirlərin isə belə şeylərdən qorxusu yoxdur. Arxayınam ki, nə qədər Azərbaycan dili var, mənim şeirlərim də yaşayacaq..

   30. 07.2016

Samara