BƏXTİYAR VAHABZADƏNİN “HƏYAT SƏN NƏ ŞİRİNSƏN!” ŞERİNƏ NƏZİRƏ

Bəli, ömür nədənsə bərabər paylanmayıb,

Xoş o kəsin halına – pay alıb, aldanmayıb.

Kim bilir üç yüz ili qarğa nə yolla alıb,

Zavallı şahinəsə vur-tut onca il qalıb.

Yəqin növbə zamanı basırıq da salıblar,

Çoxları əl altından, tanışlıqla alıblar.

Həyat, sən həm acısan, həyat, sən həm şirinsən,

Hərdənbir turşməzəsən, hərdən də kəmşirinsən.

Əgər desə bir qarı: “Ölmürəm ki qurtaram!”

Əzrailin gözünə kül üfürür, vəssalam.

Üzə demək olmasın, həyan, yaman şirinsən,

Maaş üstdən mükafat alan zaman şirinsən.

Bəli, bir gün Əzrail Loğmanla da görüşdü,

O nəcib alim kişi görün nə günə düşdü!

İstəyən utanırsa ən çoxu qurşağadək,

Verməyənlər qızarır təpədən dırnağadək.

Loğman istədi onu birtəhər tutsun dilə,

Bir gül dərib çəməndən uzatdı Əzrailə.

Söylədi: “Düşünməyin rüşvət verirəm sizə,

Kiçik bir hədiyyədir bu, xoş gəlişinizə”.

Əzrail dedi: “Alsam bu gülü səndən əgər,

Bil ki təmiz adıma min böhtan deyəcəklər.

Düşmənlər ayağımın altını qazacaqlar,

Düz allahın üstünə anonim yazacaqlar”.

…Loğman köçdü dünyadan ürəyində dərd, qubar,

Nəvələri o güllə “çilədi” oynadılar…

Demirəm ki, hər zaman belə şirinsən, həyat,

Bəzən acı zəhərə dönməyin də var, heyhat!

Bir gündə on beş toya çağrılanda yamansan,

Arvadın danlağıyla qovrulanda yamansan.

Bircə şüşə çaxırın pulu düzəlməyəndə,

Dadsız-tamsız olursan, bağışla məni, sın də.

Ancaq şirin də olsan, acı zəhər də olsan,

Hələ səndən doymayıb bu dünyada bir insan.

Necə əzizsən mənə! Yığılıb gələ aləm,

Öz payımı heç kəsə bil ki, verən deyiləm!

        20 yanvar 1978, Ərəbqardaşbəyli

 

 

Реклама