YAZ GƏLƏNƏ YAXIN KÖÇ HƏVƏSİYLƏ…

Yaz gələnə yaxın köç həvəsiylə,

Hər il həşrə düşən qaraçı sayaq.

Məktəb həvəsiylə ürəyim əsər,

Gəlib sentyabr qapını alcaq.

 

 

Qarışan, sıxlaşan, tündləşən hətta,

Uşaq nəfəsləri, uşaq səsləri,

Çatışmır havada, qoxuda, dadda,

Çatışmır havası keçən dərslərin.

 

 

Bəlkə barmağımın ucu da göynər,

Bu vaxtlar təbaşir tozundan ötrü.

Lövhə qabağında durub göz döyən,
Şagirdlərim bir-bir gözümdən ötür…

 

 

Zirək danışanlar, dil-dil ötənlər,
Tutulub-qalanlar, yaş axıdanlar.

Yaddaşı zəiflər, işi çətinlər,

Danlağı, töhməti nahaq alanlar…

 

 

Gözəl obalar var, qaraçı ancaq

Qaçaq düşür ordan qəbahətiylə…

Hər il məktəb arzum bitir sadəcə,

Fikrimin keçmişə səyahətiylə…

03.09.2016

Samara