VOLQA QIRAĞINDA ŞƏNBƏ YA BAZAR…

Volqa qırağında şənbə ya bazar,

İşıqkən, havadan getməmiş isti,

Elə asfalt üstdə düzülüb çalar,

Beş-altı nəfərlik nəfəsli dəstə.

 

Üstləri təmizdir, nimdaş olsa da.

Pensiya yaşlıdır çalanlar yəqin.

Hər hava ifası sifarişlədir
Ciddi yüzcə rubl məzənnələri.

 

Baxanda bilinir duruşlarndan,

Kasıb dəfnlərə gedib çalırlar.

Əlləri gətirib bəlkə, obaşdan,

İki-üç ölünü yola salıblar.

 

Yəqin hər dəfndə vurublar bir az,

Üz göyərən təhər, qızarmış burun.

Tütünlə, içkiylə yoluxmuş nəfəs,

Güc gəlir boruya… qışqırır boru…

 

Daxıl tək açılan qara futlyar,

Balaca və kasıb tabuta bənzər.

Hərdən futlyara yüzlük atırlar,

Yasdasan elə bil, yığılır nəzir…

 

Ən çox çaldırılan ya hərbi marşdır,
Ya da mahnı sovet filmlərindən
Birdən eşidirsən Şopen qarışdı

Mahnıya – bir barmaq yad yerə endi…

 

Bəlkə də notları Şopen marşının,

Borudan ucalmır, ürəkdən qopur.

Demə gedəriyik, atam, qardaşım,

Gedirik! Ötürür bizi bu şeypur.

 

Bəlkə də bu matəm çalanlarıyçın,

Ölümlə həyatdan fərq götürülüb.

Gurlayır borular, vurur təbilçı –

Sabah ötürülər bu gün ötürən…

 

05-06.2016

SAMARA

Реклама