İNƏYİN SATMAĞA APARILMAĞI

ƏRƏBQARDAŞBƏYLİ, 1963-CÜ İL, PAYIZIN ƏVVƏLİ         

“Sən burdan itələ, sən də çək ordan!”

Lələm qışqırırdı köməkçilərə.

İnəksə suvatın lap qIrağında,

Durub dirəmişdi özünü yerə.

+

Gündə su içdiyi həminki Kürdü,

İndi salırdılar özünü suya.

Alma gözlərindən yaş tökülürdü,

Elə bil gedirdi başı baltaya.

+

Kolazda oturan çəkir ciyəni,

Daldan itələyən ağac döşəyir.

Üzülür ayağı birdən inəyin.

Büdrəyib özünü toxuyur Kürə.

+

Kolazı çəpləyir lələm oturub,

Mal, ciyəsi əldə üzür yanaşı.

Mən də oturmuşam sarımı udub,

Çaşdırıb halımı malın təlaşı…

+

Lap iti vaxtıdır Kürdə axarın,

Lələm təngnəfəs, lələm qəzəbli.

İnəyin gözündən yenə yaş axır –

Canavar ağzında üzür elə bil.

+

Çatırıq o taya. Özü dırmanır,

İnək, büdrəsə də, suvata burda,

Alma gözlərinin yaşı dayanmır.

Titrəyib suyunu yazıq sıçradır…

+

Asfalt qırağıyla çıxırıq yola,

Lələm əldə ciyə düşür qabağa

Arxadan qovuram mən də çubuqla, —

Salyana gedirik malı satmağa.

+

İndi də gözümün qabağındadır,

O yol ki, uzandı günbatanacan.

Lələm acıqlıdır, qaşqabaqlıdır,

Titrəyir, nədənsə qurumur heyvan…

+

Sabir dayımgildə gecəni qaldıq,

Səhər malı satdı bazarda lələm.

Gəzişib ayında-oyundan aldı,

Vurdu saqqalını surralı Qələm…

+

İndi mən lələmin həmin yaşında,
Ölkədən ölkəyə adlamışam mən.

Həm ömür uzandı, həm də yol, indi,

Canavar ağzında özüməm üzən…

30.09.16

Samara