ƏZİZ SALMANIN DOĞUM GÜNÜNƏ

Yaşasaydın, bəlkə kənddə qalardın,

Yurda varis idin, sonbeşik idin.

Oğul-uşağın da yəqin olardı,

Əlbəttə, sən mənim tayım deyildin…

 

Bəlkə də gedərdin sən də mənim tək,

Daha ali məqsəd amma seçərdin.

Uzaqdan görərdim səni zirvə tək,

Mən dayanan yerdə məni keçərdin.

 

Dədə yurdumuzda payızdır indi,

Xırdaca qəbrinə leysan ələnər.

Ən uzaq yerdəsən sən əlli ildir,

Ən uca yerdəsən o vaxtdan elə…

 

16.10.16

Samara

 

Реклама