EŞŞƏKLƏR

Tənəli, danlaqlı bu heyvanların,

Atlasdan olaydı çulları gərək.

İnci taxılaydı boyunlarına,

Seyrək yallarına təzə gül-çiçək.

 

Xalılar döşənə axurlarına,

Vaxtında, doyunca yemləri gələ.

Fərmanlar asıla yaxalarına,

Kiçik abidə də bəlkə dikələ.

 

Hərbi paradların önündə onlar,

Gərək gedəydilər nizamlı, həqir.

Meydana yayaydı gur meqafonlar,

Onların tarixi xidməti nədir.

 

Onlar özlərindən ağır yükləri,

Qitədən qitəyə çəkib gediblər.

İnsan tarixinin minillikləri,

Bellərində gəlib bu günə qədər.

 

Quranda rəftarı, səsi pislənib,

Qınaqdan, tənədən əyilən heyvan.

Nə xidməti yadda, nə də ki əsli,

Danlanan, söyülən, döyülən heyvan.

 

Yeməkdən gözü tox, tamahsız suya,

Çörək də daşıyan, su da daşıyan.

Belində yeriyib sivilizasiya,

Heyvanlıq simvolu sayılan heyvan!

 

28.11.2016

Samara