İTİRİB SƏSİNİ MƏNİMSƏ XALQIM…

Çoxlu ölkələr var yer üzündə ki,

Qadınlı-kişili hamı oxuyur.

Beş nəfər bir yerə yığılan kimi,

Bir anda yaradır peşəkar xoru.

Kefdən oxuyurlar, həm də sevincdən,
Toyun da, yasın da mahnıları var.

Verərlər baş-başa, çiyin-çiyinə,

Səs-səsə qatılar, mahnı ucalar.

Tanrının adına nəğmə deyilən,

Çoxlu məbədlər var yer üzündə ki,

Kişili-qadınlı çiyin çiyinə,

Elə oxuyurlar, ürək kövrəlir.

Elə ölkələr var işləyən zaman,

Oxumaq adətdir. Çöldə, zavodda,
Oxuya-oxuya işləyən insan,

Əlləri məşğulsa, ruhu azaddır…

Bizəsə oxumaq sanki yasaqdır,

Çaşıb oxuyarsan – fitə basarlar.

Xəlvətə çəkilib kim oxusa da,
Tutub utandırar, asıb-kəsərlər.

Bizdə sevgi ayıb sayıldığı tək,

Oxumaq da ayıb havalananda.

Sevgi nəğməsini sevənçin gərək,

Manıslar oxuya qaval əlində.

Oxuyur Avropa, Yapon, Afrika,

Gürcülər oxuyur verib səs-səsə.

İtirib səsini mənimsə xalqım,

Ya da sinəsində salıb qəfəsə.

Nə dərddən oxuyur xalq, nə sevicdən,

Hamı xəlvət gülər, gizli də ağlar.

Beşiyin başında analar indi

Layla deməyi də yadırğayıblar.

Xalq varsa, var xalqın mahnıları da,

Neçəsi şöhrətli, şanlı, möhtəşəm.

Çoxdan ötübsə də ömür yarıdan,

Xalqımı oxuyan görməmişəm mən…

30-31. 01, 2017

Samara