AZƏRBAYCANIN MİLLİ ADƏTLƏRİ: YEZNƏDÖYMƏ

Gözəl Azərbaycan xalqının gözəl adətləri də var. Bu gözəl adətlərdən biri yeznə döyməkdir. İndi bilmirəm, ancan mən uşaq olan vaxtlar çox görmüşəm ki, arvadın qohumlıarı yığılıb yeznələrini mələdirlər. Bəzi yeznələri hələ toydan kəbində qabaq mələdirdilər. Yəni ki, bir qızı bir oğlana vermək istəyirlər, oğlan isə almaq istəmir. Onda qızın qardaşları, xalaları, bibiləri, qız özü qarışıq yığılıb oğlanı salırlar dəyənəyin altına. O qədər vururlar ki, olur pambıqdan yumşaq…

Bəli, gözəl adət idi. Bizim kəndlərimizə teatr, filarmoniya, sirk lazım deyildi. Hər yeznə döyüləndə uşaq-böyük yığışıb kef çəkirdi…

Mən bu gözəl adətimizi bu günlərdə xatırladım, Mehriban xanım vitse-prezident təyin olunanda. Məsələ burasındadır ki, İlham Əliyev prezident, ali baş komandan, olimpiya komitəsinin sədri olmaqdan başqa həm də yeznədir. Arvadının da zırpı dədəsi, zırpı əmisi, zırpı bacısı və çoxlu başqa zırpı qohumları var. İndi mən fikirləşirəm ki, onlar da bizim gözəl yeznədöymə el adətimizi sevirlər və hərdən yığılıb yeznələrini döyürlər. Özünüz fikirləşin: İlham müəllim cavan adamdır, xəstə deyil, ağlı başındadır – bu adam oturduğu yerdə niyə vəzifəsinin yarısını arvada verməliydi? Bunun ancaq bir səbəbi ola bilər: arvadın zırpı qohumları yığılıb onu döyüblər! Döyə-döyə vəzifəsinin yarısını alıblar! İlham müəllim, bildiyiniz kimi, tək oğlandır, qardaş yox, bacı küsülü, əmilər ölüblər… Mən elə uşaq vaxtından görmüşəm ki, ən çox belə yeznələr döyülürlər. İlham müəlılimin arxası yoxdur. Kimdir onun arxası? Xalq? A kişi, bu xalqdan arxa olar? Bu xalq nə gündədir ki… Adı gözəldir, özü gözəl deyil…

Yox, bu xalq gözəl-zad deyil…

Mirzə ƏLİL