İNDİ SALYANIN TARİXİNİ DƏ DUA KİMİ YAZIRAR…

Doxsanıncı illərin əvvəllərində, Məkkənin yolu hər cür lotu-potu üçün açılan vaxt mərhum qardaşım Süleyman mən vətəndə məzuniyyətdə olanda şikayətləndi: “Qardaş, biabır olmuşuq. Oturmusan yas məclisində, birdən moola elan edir ki, məclisə hacı girir, durur ayağa. Hamı durur, sən durmasan, söz-söhbət olacaq, qanqaralıq olacaq. Gələn hacını isə hamı yaxşı tanıyır, lotunun biridir…”

Mən 1981-ci ilə qədər Azərbaycanda yaşamışam, Salyan şəhərinin yedddi-səkkiz kilometrliyində. Bütün qohumlar Salyanda yaşadqlarına görə şəhəri babat tanımışam və yaxşı bilirəm ki, o illərdə orda hörmətli ruhani olmayıb. Mollalıqla təsadüfi adamlar məşğul olublar.Onların kəmsavadlılığını, əlbəttə, bağışlamaq olardı, sovet dövründə ruhani təhsil almaq, demək olar ki, mümkün deyildi. Ancaq mollalıqla məşğul olanların camaat içində hörmətsiz olmağı onların savadsızlığına görə deyildi. Camaat bu mollaları yaxşı tanıyırdı və bilirdi ki, hansı molla hansı yuvanın quşudur.

İndi mərhum Molla Salmanın adının göylərə qaldırılması, adının bəzi mənbələrdə hətta ədəbiyyat klassiklərimizlə bir sırada çəkilməsi məni təəccübləndirməkdən çox məyus etdi.

Mən Salmanın adını 60-cı illərin sonundan eşitmişəm. Mənim mərhum dayım istedadlı şair Sabir Zeynalov (Arbatanlı) Salmanın müdir olduğu dükanda satıcı işləyib. O vaxt dayım tutuldu, işi təfərrüatıyla bilmirəm, uşaq idim. Deyəsən, mal çatışmazlığı olmuşdu. Sonralar dayım mənə bu barədə heç nə danışmayıb, təəssüf ki, özüm də soruşmamışam. Kənardan deyirdilər ki, malı Salman yeyib, “Sabiri tutdurub”. Təkrar edirəm ki, mənim bu barədə dəqiq məlumatım yoxdur, Salmana qarşı iddiam da dayımın həbsi ilə bağlı deyil.

Salmanın adı Salyanda , səhv etmirəmsə, 70-ci illərin əvvəlində şəhərdə baş varmiş bir qətllə bağlı gurladı. Avtobazanın müdiri Aslanı (soyadı, təəssüf ki, yadımda deyil) evində baltalamışdılar. İşin üstü tez açıldı – məmuru öz arvadı və sürücüsü dilləşib öldürmüşdülər. Maraqlı burasıdır ki, təhqiqatın əvəlində bu işlə bağlı Molla Salman da tutulmuşdu. Danışırdılar ki, öldürülənin arvadı tez-tez Salmanın yanına gedirmiş və dua yazdırırmış. Yaddaşım məni aldatmırsa, Salmanı bir neçə gün saxlayıb buraxdılar. Ancaq Salmanla bağlı dua qalmaqalları dönə-dönə təkrar olunub. Onun yanına çox cavan arvadlar gedirmiş və “problemlərinin həlli üçün” dua yazdırırmışlar… Onu evinə hücum da çəkmişdilər, məhkəməyə verməyə də ççalışmışdılar…

Yəni o vaxtlar Salmana “molla” deyən çox idisə də, o, molla sayılmırdı, ona hamı dua yazan, “kitab açan” kimi baxırdı. Salmanı yaxşı tanıyan, mənim yüz faiz inandığım bir salyanlı “mollanın” kitab açmazdan qabaq qonaqlarıyla yaxşı konyak vurmağından danışırdı. O vaxtlar Salman özü də “vurmağını” , “kef əhli” olmağını elə də gizlətmirdi və iddia edirdi ki, “konyak” Qurana zidd deyil…

Yəni “molla Salman” lotu olub, buna söz yoxdur və bununla heç mənim işim də yoxdur. Dəqiq desəm, işim olmazdı, ancaq bir şərtlə: əgər bu insan birdən bu ali mərtəbəyə qaldırılmasaydı. “molla” Salman nə savadıyla (savadı yoxdur), nə reputasiyasıyla (bioqrafiyası dolaşıqdır) nəinki bu mərtəbəyə layiq deyil, o hətta “ruhani” statusunu diskreditasiya edir, yəni etibardan və hörmətdən salır. Bu insanı Salyanın fəxrinə çevirmək istəyənlər Salyanı sevməyənlər, Salyana düşmən olanlardır. Ailə dəyərlərinə hörməti olan heç bir salyanlı “molla” Salmanın şəklini öz evində asmaz, oğluna-qızına nümunə göstərməz.

Təkrar edirəm ki, bu adam uzun illər aradüzəldən, duayazan olub, abırlı, normal cəmiyyətlərdə belə insanların yeri türmədir. Bizdə isə bu insanı mənəvi nüfuza çevirir, tarixi və əsil tarixi şəxsiyyətləri olan qədim bir yerin “fəxrinə” çevirməyə çalışırlar.

Batasan, a Salyan!

Və əgər “molla” Salman şairdirsə, onun cızma-qaraları şeirdirsə, onda Azərbaycanın nəinki ədəbiyyatı, heç yazısı da yoxdur. Füzuli və Vaqif kimi nəhəngləri tanıyan insan heç vaxt “Lər, lər, pəncərələr, gül, bülbül” kimi qarıldamaları şeir saymaz…

Bir şeylə təsəlli tapmaq olar ki, Salyanda əsil salyanlı qalmayıb. Mənim atam bunu hələ əlli il bundan qabaq deyirdi. O vaxtlar bəlkə tək-tük salyanlı olarmış…

Ancaq əslində bu, təsəlli deyil, bu, faciədir…

Əgər Salyanda salyanlılar yaşasaydı, şəhərin başına bu oyunlar gələrdimi? Hər beş-on ildən bir rayona bir yadelli təyin olunur, çevirir şəhərin altını üstünə…Salyanlılar da dillərini qarınlarna qoyub quzu kimi baxırlar…Yadelli başçıların dağıda bilmədikləri yeganə şey şəhərin mərkəzi hissəsinin planıdır, onu da haçansa ruslar yaradıblar…

Mən bir dəfə ağdamlı Nadir Abbasovdan yazmışdım. 70-ci illərdə Salyanda birinci katib işlədi. Bütün həyətlərin hasarlarını, çəpərlərini sökdürdü ki, gərək həyət qıraqdan görünə…Doyunca arvadbazlıq da elədi. Özü də heç kimdən qorxmurdu. Pencəyini qolunun üstünə atıb gəzirdi. Bıçaqvuran, qoçu salyanlıların biri ona güldən ağır söz demədi. Neçə il bu ağdamlı minib çapdı salyanlıları, qəhrəman adı alıb getdi…

İndi baxın şəhərə: bu ağdamlıdan nə qalıb?

Bəlkə də Salyanda əsil salyanlılar qalıb. Ancaq onlar da Salyana doğma şəhər kimi baxmırlar, çünki hökumət onların başına yeridib ki, şəhər onların deyil, şəhər məmurlarındır – sökürlər, alt-üst edirlər, tarixi adları dəyişirlər. Salyanlılar da gözlərini döyə-döyə baxırlar…

Salyanlı deyəndə ki “bu Əiyyev niyə Qarabağı almır”, mən yanıb-tökülürəm – a kişi, sən öz şəhərinə yiyəlik eləyə bilmirsən, nə Qarabağ…

Salyan, əlbəttə, qədim yerdir, tarixi var, tarixi şəxsiyyətləri var. Ancaq təəssüf ki, indi ancaq lotu-potu köpük kimi üzə çıxır. Mən bir neçə il elə bu İnternetdə  bir neçə salyanlı ilə Aşıq Pənahın üstündə tutuşmuşdum. Ömründə bir misra da yazmamış bu toy xanəndəsini böyük sənətkara, şairə çevirməklə Salyana hörmət qazandırmaq olarmı? Yaşlı nəsil yaxşı bilir ki, Aşıq Pənahın adıyla oxunan şeirləri Əliağa Kürçaylı, Ağacavad Əlizadə və başqaları (o cümlədən mənim mərhum dayım) yazıblar. Qondarma ruhanilər, qondarma aşıqlar, qondarma toponimlər, qondarma “Heydər” bağı, “qondarma “Zərifə” bağı… İnsanlar daim yalan eşidir, yalanla nəfəs alır, göz qabağında olan hər şey isə qondarmadır.

Belə yalan, qondarma tarixlə böyüdüklərinə görə salyanlı gənclər sədərəkli banditin başına gül səpirdilər. Elə deyilmi?

Bu insanlar vətənlərini əsil məhəbbətlə sevə bilərlərmi?

Yox…

Mən söhbətimin sonuna bir az işıq salmaq istəyirəm. Bu işıq isə mənim mərhim tumsatan Laqqo (əsil adı, səhv etmirəmsə, Lətif idi) ilə görüşdən gəlir. Bir dəfə mərhum məni bir yoldaşımla həyətinə apardı (tum istədik, boş kisəsini göstərdi, əliylə işarə etdi ki, gəlin dalımca). Taalvarın altında iri teştlər vardı və Laqqo yenə əlini işartısiyə bizi başa saldı ki, tumu qazla yox, odunla qovurur.

Mərhum çox zəhmətkeş və işıqla adam idi.

Və səhv etmirəmsə, mərhum tumsatan Lətif kişi “molla” Salmanla doğma qardaş idi…

Allah rəhmət eləsin.

21.04. 2017

 

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s