KEÇƏL, KEÇƏL BANİYƏ, MİNDİ BİR MAKİNEYƏ, GETDİ HƏKİMXANİYƏ…

“Stalin gəlir maşında,

Qızıl papaq başında.

Hitler gəlir maşında,

Poxlu vedrə başında”.

 

Ağız ədəbiyyatının gözəl nümunəsi olan bu bənd müharibə illərində yaranıb və məlum sözə görə yazıya alınmasa da, dildən-dilə, nəsildən nəslə keçib. Aclığa və müharibədən törənmiş başqa mərhumiyyətlərə baxmayaraq azərbaycanlılar – yəqin çoxlu başqa millətlər kimi – nəinki duzlu danışmaq, hətta bunu bəddi formada ifadə etmək xassələrini itirməyiblər.

Bu balaca bənd həm də fonetik məziyyətlərinə görə yadda qalır – çoxlu sonorlar var, misra sonunda açıq hecalar rəvanlığı artırır. Və əgər tarixi faktura – Stalin, Hitler – olmasaydı, bəndin iki yüz, üç yüz il qabaq yarandığını güman etmək olardı. Adlardan başqa sözlərin hamısı doğma görünür və səslənir. Və heç fiklriləşmirik ki, “maşın” sözü qədim yunan dilindəndir, sonra latın dilinə keçib, latından bütün başqa Avropa və həmçinin qeyri-Avropa dillərinə keçib — əlbəttə, müəyyən orfoqrafiq transformasiya ilə. Bizim dilimizə “maşın” sözü tam uyğunlaşıb, ahəng qanununu da pozmur (hərçənd bu qanunun tələblərinə tam uyğun öz  sözlərimiz də azdır). Eləcə də vedrə sözü. Dilimizə elə uyğunlaşb ki, elə bil nəinki sözü özümüz yaratməşıq, hətta vedrənin özünü də biz icad etmişik…

Və bu günlərdə bir savadlı bir adamın yazısında “makine mühəndisi” ifadəsini görüb çox təəccübləndim. Əvvəl başa düşmədim. Bizdə “makina” sözü işlənib, əllə işlədilən kiçik çap maşını mənasında. Mətni oxuyandan sonra mənə çatdı ki, bu savadlı adam “maşın mühəndisi” ya “mühəndis-mexanik” demək istəyir. Az qala yüz ildən bəri işlədilən bu ifadələri qoyub türkcə yazır: “makine mühəndisi”. Məsələ burasındadır ki, “makine” sözü fonetik baxımdan dilimizə yaddır, çünki sözün “e” hərfi ilə bitməsi Azərbaycan dili üçün səciyyəvi deyil. Digər tərəfdən, “maşın mühəndisi”, “maşınqayırma” kimi söz və terminlər çoxdan dilimizin lüğət tərkibindədir, onlar elmi-texniki ədəbiyyatda, dərsliklərdə geniş və alternativsiz işlədilublər. İndi bu “maşın” sözünü burunlamaq, onu türk variantı ilə sıxışdırmaq nə məqsəd güdür? Ağıllı, sanballı görünmək ya dilimizi türk dilinin xeyrinə içəridən sarsıtmaq?

Mən indi azərbaycanca yazılan mətnlərdə “proje” sözünü görürəm. Bu, dilimizdə uzun zaman işlənən “layihə” sözünü əvəi kimi işlədilir. Məsələ burasındadır ki. “proje” sözünü türklər, çoxlu başqa sözlər olduğu kimi, fransızladan götürüblər, ona görə də sondakı “t” –ni atıblar. Əgər ftürklər fransızları bu cür yöndımsiz yamsılayıblarsa, biz də türkləri yamsılamalıyıq? Elə isə danışıqda geniş işlənən “proyekt” sözünün nəyi pisdir?

Azərbaycan dili ilə rəftar, Azərbaycan dilinə barbar münasibəti ümummilli fəlakət həddindədir. Əlinə qələm alan ya klaviatura arxasına keçən hər ləs dili islah etməyə çalışır və bu “islahatı” türkləşməkdə görür. Bu fəlakətin ən üzdə olan səbəblərindən biri ümummilli savadsızlıqdır, xüsusən filoloji savadsızlıq. Dilimizin bəsitliyindən şikayətlənənlər Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, Yusif  Vəzir Çəmənzəminlini, İsa Hüseynovu, bədii söz virtuozu Əkrəm Əylislini oxumayıblar. Hətta filoloji təhsili olanlar da oxumayıblar. Dilimizdə gözəl tərcümə ədəbiyyatı var. Məsələn, Cahanbaxşın Şoloxovdan tərcümələri. Mikayıl Rzaquluzadənin Turgenevdən gözəl tərcümələri. İndiki müəlliflərin çoxu elə bir-birini, ya da özlərinin elədikləri tərcümələri və ya da ki, türkləri oxuyur. Yəni məlum məsəldə olduğu kimi, kor koru aparır…

Azərbaycan dilinə münasibət ideoloji məsələdir, yəni məfkurə məsələsidir. Azərbaycan dilinə “Azərbaycan türkcəsi”deyən adam bilərəkdən ya da qanmazlıqdan dilimizin suverrenliyini, müstəqilliyini inkar edir, unu türk dilinin dialekti səviyyəsinə endirir. Türklər öz dillərinə heç vaxt “Türkiyə türkcəsi” deməzlər, əgər onlar “azəri türkcəsi” deyirlərsə, dilimizi dialekt sayırlar. Öz dilini türk dilinin dialekt sayan adam, əlbəttə, onun guya dialekt statusunu qaldırır, bacardığı qədər Azərbaycan leksikasını türk sözləriylə əvəz etməyə çalışır. Və belələri nə dilin tarixini bilir, nə dildə əsrlərlə yaranmış şifahi və yazılı ədədiyyatdan xəbərləri var, nə də dilin özünəməxsus leksik, morfoloji, fonetik xassələrini duymağa qabiliyyətləri. “Qutluluq” ya “mutluluq” kimi sözlər işlədənlər bu sözləri, əlbəttə, ata-analarından, babalarından, nənələrindən eşitməyiblər. Sözdə dalbadal iki “lu”-nun gəlməsi dilimiz üçün səciyyəvi deyil. Və “xoşbəxlik” sözü bizə ərəb sözü olan “kitab” sözü kimi doğmadır. Və əsrlər ərzində dilimizə ərəbcədən, farscadan keçmiş sözlər ərəb və fars sözləri olduqları qədər də Azərbaycan dilinin doğma sözləridir, onların çoxu Azərbaycan dilinin fonetikasına uyğunlaşıb, məsələn, “ağıl” sözü.  Çoxlu alınma sözlər dilmizdə ilkin mənalarını dəyişiblər, məsələn, “cəmiyyət”, “katib” kimi sözlər. Belə sözləri türkərin qondardığı ya fransızlarıdan çırpışdırdıqları sözlərlə əvəz etmək cəhdi, əlbəttə, eşşəklikdir.

Bəlkə “gül” və “bülbül” sözlərini də dəyişdirək? Onları nə ilə əvəz edək?

Təkcə sözlər dəyişdirilmir, dilin özünəməxsus intonasiyası dəyişdirilir, təsirlərə ən çox müqavimətli sintaksis özü belə dəyişdirilir. Və bütün bu cəhdlər ona gətirb çıxarır ki, guya Azərbaycan dilində yazılmış mətnlər öz bərbadlığı ilə, leksik, morfoloji və sintaktik eklektikliyi ilə ikrah doğurur, yazılanın mahiyyətinə varmağa hövsələ çatmır.

Və dilə belə münasibət əslində gözləniləndir: müstəqillik alınandan iyirmi beş ildən çox vaxt keçsə də, Azərbaycan millətinin formalaşdığını demək çətindir – azərbaycanlılıq, azərbaycançılıq hələ də milli ideologiyaya çevrilmir. Milli identikliyin əsası olan dilə ölkə rəhbərliyinin qəribə münasibəti dilimizi öz ölkmizdəə ikinci dərəcəli edir, ona müxtəlif səmtlərdən — türkçülər, rusofillər və hər cür ata-ana tanımayanlar – daş atanları şirnikləndirir. Dilin dövlət tərəfindən müdafiəsi yoxdur. Savadsız yazanlara ictimai qınaq yoxdur. Az-çox savadlı yazan “Azadlıq” radiosunun saytı da heç ağına-bozuna baxmır. “Azadlıq” qəzetində, “Yeni müsavatda” müəlliflərin çoxu savadsızdır, bəzilərin- də də türkçülük xəstəliyi var.

Etnik və dini etiqad cəhətdən monolit olmaya azərbaycanlıların millət kimi tam formalaşması üçün ən etibarlı əsas dildir. Dilimizə öz ölkəmizdə hamılıqla hörmət olmadıqca, Azərbaycan “uğursuz dövlət” olacaq, “kütə getmiş” dövlət olacaq.

Biz türk olduğumuz qədər də  və bəlkə daha artıq ərəbik, iranlıyıq (fars yox, iranlı!), biz –azərbaycanlıyıq. Və dilimizə də, onun leksikasına da bu həqiqəti başa düşərəkdən baxılmalıdır. Dilimiz Azərbaycan türkcəsi deyil, dilimiz Azərbaycan dilidir.

9-10.2017

Samara

Реклама