ALEKSANDR PUŞKİN. ÇİÇƏK

ПУШКИН

ALEKSANDR PUŞKİN

        ÇİÇƏK

                      Цветок засохший, безуханный…

 

Qurumuş, ətrini itirmiş çiçək,

Unudulub qalıb kitabda çoxdan.

Daldım  xəyallara onu görən tək,

Fikrimdə suallar yarandı bu an:

 

Harda o canlanıb, hansı baharda,

Çoxmu ömür sürüb? Kim olub dərən?

Dərən tanış əlmi, ya da ki yaddır,
Niyə bu kitabda saxlayıb görən?

 

Bəlkə xoş görüşdən o, bir yadigar,

Müdhiş ayrılıqdan xatirə bəlkə.

Çölün sükutunda, meşədə ya da,
Gəzintidən kimsə gətirə bəlkə.

 

O insan görəsən indi sağdımı?

Hansı guşəsində yaşar dünyanın?

Kitabda tapdığım çiçək sayağı,

Bəlkə solub gedib həyatı onun?

1831

Ruscadan tərcümə

03.10.2017

Samara

Реклама