RÜFƏT MURADLI ÜÇÜN ŞƏHİD FACİƏSİ DƏ TOYDUR…

Rüfət_Muradlı 2.jpeg

Rüfət Muradlını İnternetdə tanıyan gündən o bu adam və onun ətrafındakılar mənə Məşədi İbadı bala-bala yeyən lotuları xatırladırlar. Rüfət və onun başındakılar Borçalı, Kərkük, Urmiya, qaçqın, şəhid adıyla hansı “qazların” hesabınasa gündə bir məclis qurdurub qarınlarını otarırlar. Ancaq Rüfət Muradlı mənə həmçinin bir salyanlı yerlimizi xatırladır, salyanlıların öz adı ilə yox, “Beş” çağıırdıqları bu adama Füfət sifətdən də çox oxşayır. Bir neçə il bundan qabaq Salyanda eşitdim ki, Beş ölüb… Allah rəhmət eləsin. Onunla bağlı məqalə çoxdan yazılıb və “Azadlıq” qəzetində çap olunub….

                                                  BEŞ!

Yəqin ki, elə dünyanın hər yerində ad almaq şərəfdir, bircə Salyan şəhərindən başqa. Salyanda ad aldın, evin yıxıldı. Salyanlı hələ həyatda ağı-qaradan seçməyi əməlli-başlı öyrənməmiş bir də görür yerliləri yöndəmsiz bir adı bıçaq kimi soxdular onun bioqrafiyasına. Evi yıxılan başına-gözünə vurur ki, günahım nədir, neyləmişəm axı. Salyanlılar bir qapaz da əlavə edib deyirlər ki, kəs səsini, qırışmal, yaxşı fikirləşsən, bilərsən neyləmisən…

Salyanlıların bir-birinə verdiyi çox  adları, düzü, heç kağıza da yazmaq olmaz… Ancaq uşaq-böyük yanında dilə gətirilə bilənləri də var. Məsələn, Beş. Gül kimi addır. Ad sahibi özü də gül kimi adamdı. Mən mərhumu, yaxından da olmasa, tanıyırdım. Əlbəttə, onun da hamı kimi pasportu vardı və pasportdaki adı Beş deyildi. Salyanlılar bu qaraqaş-qaragöz kişiyə ona görə Beş, daha doğrusu, Beş adı vermişdilər ki, ümumiyyətlə lal-dinməz bu adam bütün suallara bircə sözlə cavab verirdi: ”Beş!” “Neçə yaşın var?” “Beş!” “Neçə manat maaş alırsan?” “Beş?” “Neçə uşağın var?” “Beş!” Mərhum Beş yay-qış qaloş geyərdi. Şəhərin harasında yas yeri olsaydı, hökmən naharını ora salırdı.  Yasin oxunduqca qara gözlərini qıyır və başını dərin razılıqla bulaya-bulaya “Sağ ol! Sağ ol!” deyirdi, elə bil ki, mollaya yox, meyxanaçıya qulaq asır.

Allah salyanlılardan razı olsun, xətrinə dəymirdilər…

Beşin ailəsi, uşaqları vardı. Mən ciddi güman edirəm ki, mərhumun başqa yerlərdə də, o cümlədən Bakida yaxın qohumları və hətta uşaqları da ola bilər. Məndə bu güman son illər Baki prokurorlarını diqqətlə müşahidə edəndən sonra yaranıb. Düzdür, mən indiyəcən bir nəfər də canlı Baki prokuroru(canlı olmayanını da) görməmişəm. Ancaq atalar deyib ki, prokurorun üzünü görmə, ittihamını eşit.

Bir neçə il əvvəl Qarabağ müharibəsinin veteranları erməni zabitlərinin Bakıya mümkün gəlişiylə bağlı dinc etiraz nümayişıninə çıxanda, prokuror onlar üçün beş il iş istədi və aldı da. Yəni işi prokuror almadı, müharibə veteranları aldılar. Elə o vaxt şübhələndim: Niyə məhz beş il? Bəlkə o prokurorun əsli salyanlıdır və elə Beşin qohumudur?

İndi prokuror Qənimət Zahid üçün beş il istəyəndə mənim şübhələrim lap artdı. Əlbəttə, Baki prokurorları həmişə beş il istəmirlər, bəzən doqquz il, on il istəyirlər. Ancaq məsələ burasındadır ki, salyanlı Beş də hərdən çaşırdı, doqquz deyirdi, on deyirdi. Hansımız çaşmır ki?

Mən bilmirəm ki, Baki prokurorları qaloş geyirlər ya yox. Naharlarını yas yerlərinə salıb-salmadıqlarını da bilmirəm. Ancaq salyanlı Beşlə eyni psixotip olduqları aşkardır.

Burda ciddi bir məsələ var: müəlliflik hüququ. Əgər onlar salyanlı Beşlə qohum deyillərsə, ona ad kimi, həyat devizi və rəmzi kimi məxsus sözdən icazəsiz istifadə etmələri qanunsuzdur. Əslində onlar hər dəfə “beş” sözünü işlədəndə salyanlı Beşin ailəsinə öz maaşlarından( Baski prokurorlarının başqa gəlirləri olmaz) pul ayırmalıdırlar. Və tək onlar yox. Putin dövründə çoxlu siyasi hökmlər çıxarmış Rusiya prokurorları da. Günahları yalnız keçmiş səhiyyə nazirinin və prezidendin özünün ictimai qəbul otağına icazəsiz girmək olan onlarla tələbə gənc beş il sərt rejimli cəza alıb türmələrdə çürüyürlər. Bu cəzanı onlara kəsən prokurorlar da ya “beş”i nə möcüzəyləsə bizim salyanlıdan eşidiblər, ya “beş” rəqəminin dustaq tərbiyəsi üçün lap “həkim yazan” olduğunu Baki prokurorlarından öyrəniblər. Hər necvə olsa, Rusiya prokurorlarının salyanlı Beşin ailəsinə, Azərbaycan və  Rusiya ədliyyə sisteminin ən vacib dirəyinə çevrilmiş bu adı ona verən camaata borcu çoxdur.  Borcdan çıxmağı Beşə heykəl qoymaqla başlamaq olar. Bilirəm ki, küçələrimizdə, bağlarımızda, meydanlarımızda yalnız bir adamın heykəli qoyula bilər. Mən şəxsən Beşə heykəli Ədliyyə nazirliyinin qabağında görürəm.

Müxalif fikirli adamların yatdığı türmələrin qabağında isə heykəlin surətlərini qoymaq olar…

                                        24.02.08 Samara