ŞƏKİL

Obyektiv önündə dayanan insan,

Özünü nə yaxşı yığışdırmısan!

Gözlərin çəkilib dünya malından

Danışsan, bal damar bəlkə dilindən.

Üzün gülümsəyir, işıqlanır da,

Acığın soyuyub yaxına, yada.

Hazırsan hamını bağışlamağa.

Hazırsan çəkilib belə qalmağa.

Albomda, divarda, baş daşında da,

Əzizin, yaxının yaddaşında da.

 

Obyektiv önündən çəkilən insan!

Yenə çəkilirsən bəlkə sən bu an!

Heç nə itib-batmır tanrı yanında
Çəkilir, saxlanır ən kiçik an da.

Ciddi ol indi də, gələn zaman da,

Dolandır beynində möhtəşəm fikir,

Elə bil ki,  kimsə şəklini çəkir.

Sonra çalış fikrin həyata keçsin,

Qoy çəkən səni iş görəndə çəksin.

Yaxşıdır əlbəttə, üzdə təbəssüm,

Pis olmaz ürəkdən kin də silinsə,

Təkcə üzü çəkmir çəkən, yəqin ki,

Çəkir ürəkdəki dərinlikləri.

İçini-çölünü səliqəyə sal,

Düşün, bəlkə hər an səni çəkən var!

 

22.11.2017

Samara