66-CI SONET. TƏLƏT ƏYYUBOV VƏ MƏMMƏD ARAZ ƏLİBAYRAMLIDA

 

 

Bu günlərdə Şekspirin 66-cı sonetini tərcümə edərkən bu şeiri ilk dəfə azərbaycancaya çevirmiş mərhum Tələt Əyyubovun bir vaxt tələbəsi olduğum Əlibayramlı pedaqoji məktəbinə gəlişini xatırladım.

Bu gəliş yəqin 1969-cu ildə olub. Ay yadımda deyil Pəlkə də payız idi. Pedaqoji məktəbə hərdən tanınmış adamlar dəvət olunurdular. Tələt Əyyubov Məmməd Arazla gəlmişdi. Cavan şair Məmməd İbrahim “Araz” təxəllüsünü təzə-təzə götürmüşdü. Bu barədə ona sual verdilər. Dedi ki, onu Məmməd Rahimlə dəyişik salırdılar. “O da pərt olurdu, mən də”,  — bu sözlər dəqiq yadımdadır. Sonra Məmməd Araz şeirlərindən oxudu. Nobel mükafatı haqqında şeir ruh yüksəkliyi ilə qarşılandı. Şairin fikrincə, bu mükafat Azərbaycan neftinin, Azərbaycan millətinin qanı-təri bahasına yaranmışdır… Deməliyəm ki, Əlibayramlı pedaqoji məktəbinin tələbələri ucdantutma cahil idilər. Mən özümorda oxuduğum dörd il ərzində oxumağı tamam yadırğadım və yarımvəhşiyə çevrildim… Demək istəyirəm ki, Nobel mükafatı barədə təsəvvürümüz yox idi. Şairlər gedəndən sonra hacıqabullu pedaqogika müəllimi, keçmiş raykkom katibi Əli müəllim dedi ki, Nobel mükafatının Azərbaycan neftinə dəxli yoxdur, yəni bu Nobel o Nobeldən deyil…

Sonralar, kitaba, təhsilə qayıdandan sonra Məmməd Arazın da şeirlərini oxudum və gördüm ki, bu bu şair ədəbiyyatımızda ən çox süni şəkildə şişirdilmiş adlardan biridir. Onun bircə şeirini də bəyənmirəm. Sözlər var, qafiyələr var, şeir yoxdur… Qalacaq, qalacıq… Lər, lər, pəncərələr…(Bunu mən deməmişəm…)

İndi Tələt Əyyubov haqqında.

Səkkizincini qurtarana qədər kənd kitabxanasında nə vardısa, oxumuşdum, o cümlədən çoxlu pis kitabı. Kitabxanada Şekspir də vardı. Yekə, pıncırı boyda kitab, xeyli pyes, iki poema, səhv etmirəmsə, bütün sonetlər. Sonetlərin tərcüməçiləri yadımda deyil. Ancaq 66-cı soneti Tələt Əyyubovun çevirdiyini bilirdim. Və indi tərcüməçini şəxsən dörd-beş adddımlaqdan görməyim məni çox həyəcanlandırırdı… Tələt Əyyubov bir neçə şeirini oxuyandan sonra tərcümələrə keçdi və 66-cı soneti oxudu. Səsi indi də yadımdadır…

Və indiyəcən 66-cı sonetin ilk misraları Tələt Əyyubivun səsi ilə qulağımda səslənir… Sonralar bildim ki, Tələt Əyyubovun tərcüməsinin Şekspirə az dəxli var, çünki Tələt Əyyubov əslində dilini bilmədiyi  Şekspiri yox Samuil Marşakı ruscadan çevirib…

Şekspir sonetlərinin ölçüsü yambik pentametrdir. Hər misrada 10 heca var. Bu hecalar ikiliklər təşkil edir – vurğusuz və vurğulu hecanın cütü. Cəmi beş ikilik olduğundan pentametr deyilir. Bu ölçüyə bizdə ən yaxın onbirhecalı şeir yaxındır. Uzun ölçü – ondördhecalı – götürməklə tərcüməçi, əlbəttə, öz işini asanlaşdırır. Məsələn, Süleyman Rüstəm “Sirlər xəzinəsini” belə çevirib və ona görə misralarda çoxlu artıq sözlər var.

Şam şəhərində xeyli qoca bir kişi vardı,

Pəri kimi, cin kimi camaatdan qaçardı…

İndi artıq sözləri ataq:

Bir qoca yaşardı Şam şəhərində

Cin tək insanlardan o çəkinərdi…

Yəni təxminən belə. Dilimiz ingilis dili kimi zəngin və işlənmiş deyil, ancaq elə aciz saymaq da olmaz. Çalışanda fövqəladə nəticələr alınır…

Mən də əvvəllər elə gümün edirdim ki, Şekspir qısa ölçü ilə dilimizdə alınmaz, çoxlu itki olar. 8-9 soneti əruzla çevirmişdim. 66-cı soneti axıra saxlamaq fikrindəydim. Yaşımı nəzərə alıb özümü tələsdirdim və bu günlərdə soneti heca ilə, onbirliklə çevirdim. Alındı, dilimizlə fəxr elədim!

Qayıdaq Tələt Əyyubiva. Şekspir sonetlərində misraların sayı 14-dür (üç sonetdən başqa). Çarpaz qafiyəli üç dprdlük və yekun beyt. Tələt Əyyubov soneti məsnəvi kimi tərcümə edir. Bu, əlbəttə, sonet deyil. Həm də orijinalı bilməməyi də əlavə qüsurlar yaradır. Onun tərcüməsində şeir belə bitir:

Hər tərəfdə rəzalət baş qaldırır, yüksəlir,

Ancaq səni atmağa, əziz dost, heyfim gəlir.

Orujinal belədir:

Tired with all these, from these would I be gone,
Save that, to die, I leave my love alone.

Mənim tərcüməm:

Üzülüb bunlardan gedərdim, nə qəm,

 Sevdiyim tək qalar fəqət mən ölsəm. 

Yəni təkrar edirəm ki, Tələt Əyyubov Şekspiri yox, Marşakı tərcümə edir. Marşakda yekun beyt belədir:

Все мерзостно, что вижу вокруг…
Но как тебя покинуть, милый друг!

Bütün bunlara baxmayaraq, Tələt Əyyubovun tərcüməsinin xeyli şübhəsiz ləyaqəti də var. Sonetin ruhu hiss olunur, ingilis drama monoloquna xas pafos da var. Mən İnternetdə Tələt Əyyubiv haqqında heç bir məlumat tapmayıb çox məyus oldum…

Allah sənə rəhmət eləsin, Tələt müəllim!

Mən bu qeydlərimlə bağlı İnternetdə 66-cı sonetin Azərbaycan dilinə başqa tərcüməlrini axtardım.Tapdığınm iki tərcümə, biri türkcədən, ürəyimə yatmadı…

Dünyanın axırı deyl. Şekspirin də sonu yoxdur. Həmişə qüvvəni, bacarığını sınamaq olar…Şekspir meydanında…

12-13.12.2017

Samara

 

Реклама