«CEYRAN» ŞEİRİ. SORUŞMAĞA UTANIRAM: SÜRÜDƏKİLƏR DƏ CEYRANDIR?

Səməd Vurğun, şübhəsiz, ədəbiyyat istedadlı adam olub, ancaq bu istedadla otuz ildən artıq yaradıcılıq əsasən mövcud siyasi rejimə xidmətə, konyukturaya uyğunlaşmağa və yazdıqlarını maksimum kapitallaşdırmağa sərf olunduğundan nəticədə Vaqifin, Sabirin şeirləri ilə bir yüksəklikdə dara biləcək bir şeir də yoxdur. Ancaq Səməd Vurğunun şeirlərində ideologiyaya və konyukturaya xidmətlə bağlı olmayan qüsurlar da çoxdur ki, bunun səbəbi ayrıdır. Səməd Vurğun çox erkən, az qala bələkdən çıxandan dövlət şairi olub. Bu, azdır. O, dövlətin birinci şairi olub. Yəni qlıncının dalı da, qabağı da kəsib. Yəni ona tənqidçi, redaktor kimi çox vacib institutlar heç bir təsir göstərə bilməzdilər. O ki qaldı “daxili redaktora” ki, bu da zövqlə, tərbiyə ilə, təhsillə bağlıdır, onu Səməd Vurğunun içində axtarmağa dəyməz – fikri-zikri sifarişi gözləməyib onu havadan duyan (iybilmə!) və vaxtından, deyilməmişdən qabaq yerinə yetirib mükafat gözləyən və alan adamın içində nə ola bilər? Şura hökuməti möhkəmlənəndən və uzun müddətə, bəlkə də həmişəlik gəldiyi bilinəndən Səməd Vurğun və onun kimi adamların tormozu itmişdi…

Yəni redaktor nəyə lazımdır? Sadə misal.

“Ağcaqum çölündə qatar düz gedir…”

Redaktor Səməd Vurğundan çəkinməsəydi, deyərdi ki, qağa, qatar düz geməyib, bəs necə gedəcək? Relslə gedir, maşın deyil ki, burcuda ora-bura…

“Çox keçmişəəm bu dağlardan,

Durna gözlü bulaqlardan…”

Yaxşı, dağlardan keçdin, bu mümkündür, bəs bulaqlardan necə keçdin, bu necə olur? – Bunu redaktor deməliydi. Ancaq iki dəfə Stalin mükafatı laureatına necə deyəydi?

Yetmişinci illlərdə (əlbəttə, ötən əsr!) Səməd Vurğunun kitablarını ələk-vələk eləmişəm və mənə Qurbaninin, Füzulinin, Vaqifin, Nəsiminin şeirləri kimi təsir edib həyəcanlandıra biləcək bir şeirini də tapmamışam. Yalnız “Ceyran” şeirində müəyyən ləyaqətlər görürdüm. Deməliyəm ki, bu şeiri hələ yazıb-oxumaq bilməyən vaxtlardan eşitmişdim. Kəndimizdə işıq olmasa da evimizdə radio vardı və Əlyar Əmirovun ifasında “Ceyran” mahnısını tez-tez verirdilər… Əlyar Əmirovun məxməri, ancaq yapışıqsız səsi indi də qulağımdadır..

Keçək şeirin mətninə…

“Yenə öz sürünü nizama düzüb,

Baş alıb gedirsən hayana ceyran?”

Şeir ceyrana həsr olunub, ancaq şeirdə kinematoqrafik plan var: çöl, ceyran, yürüş edən, köç edən sürü…

Sual çıxır: bəs sürüdəkilər nədir? Onlar da ceyrandır ya qoyun? Ceyran sürüsüdürsə, şair niyə birinə müraciət edir?

“O ellər qızını ayırma bizdən…”

Şeirdəki ceyrana bununla qadın, qız atributikası verilir. Ancaq məlumdur ki, ceyran sürüsünün başında yürüş, köç vaxtı erkək durur! Erkək!

“Kolları-kosları yıxıb-uçurur…”

Burda Səməd Vurğun ceyranı filə çevirir…Şirvan qorunğunu görənlər, yaxınlıqda yaşayanlar bilirlər ki, orda yıxılıb-uçurulmalı kol-kos da yoxdur…

“On addım kənarda yatmayır təkə…”

Təkə!

Sonra:

“O çöllər qızını ayırmna bizdən…”

Bəlkə də şeirin ümumi sənətkarlıq səviyyəsindən danışmaq artıqdir – primitiv qafiyələr (çöllərə, ellərə, dillərə…; ceyran, heyran…). Səməd Vurğunda belə primitivlik norma kimidir və bunu nisbi axıcılıq, rəvanlıqla pərdələyir. Burda məqsəd açıq-aşkaq uyğunsuzluqlara diqqət yetiririk. Məsələn:

“Dişlərin oxşayır mərcana ceyran…”

Yəni ceyranın dişləri qırmızıdır? Gül rəngindədir? Qaradır?

“Əzəldən meylini salıb çöllərə,

Bəxtini tapşırdın bizim elllərə…”

Burdan belə çıxa bilər ki, ceyran yalnız “bizim ellərdə” yaşayır. Ya da bizim ellər yalnız çöllükdür…

Yəni bu şeirdə surət konkretliyinin olmamağından başqa, kompozisiya dağınıqlığı, ifadə vasitələrinin primitivliyi və qeyri-dəqiqliyi var. Biz isə az qala yüz ildir ki, bu şeirlə uşaqları bəsləyirik…

Və şeirin sonu:
“Ovçu, insaf elə, keçmə bu düzdən…”

Mərhum doktor Şarovanın oğlu, 90-cı ilin əvvəllərində Salyan bazarında döyə-döyə öldürülmüş müəllim yoldaşım Sabir Talışinski Səməd Vurğunun müharibədən sonrakı illərdə Salyana ceyran ovuna gəlməyini yaxşı xatırlayırdı. Deyirdi ki, şair açıq maşında gəlirdi, maşının dal oturacağında isə iki yekə ov iti…

Ovçu insaf elə…

15.12.2017