Müəllimliyimin çoxu aşağı siniflərdə keçib. Bu siniflərdə isə “Azərbaycan” şeiri ixtisarla salınırdı. Bu şeiri mən sevmirdim. Ancaq o, geri, zəif şagirdlərin də dadına çatırdı – şeir onlar da pis-yaxşı əzbərləyirdilər. Və deyəndə sevindiklərindən elə həyəcanlanıb coşurdular ki, ən azı bir yerdə çaşırdılar:
“Sən bir uşaq, mən bir ana…”
Ədəbiyyatda qulağa xoş gələn çox az cəfəngiyyat “Azərbaycan” şeiri ilə rəqabətə girə bilər. Ondan başlayaq ki, bu şeirdə Azərbaycan sözü, Azərbaycana aud toponimlər dönə-dönə xatırlansa da, Azərbaycanı tanımaq mümkün deyil, müqayisə üçün deyim ki, Cəfər Cabbarlının “Ölkəm” şeirində Azərbaycanın adı çəkilməsə də, şeirin ruhundan, dilindən Azərbaycan tanınır.
Səməd Vurğunun şeiri böyük mistifikasiya, gözübağlıcafır ki, çox adam indiyəcən onun əsarətindən çıxa bilmir. Şeir isə əvvəldən axıra qədər cəfəngiyyat və xeyli yalanın qarışığıdır.
“Çox keçmişəm bu dağlardan…”.
Buna elə iradım yoxdur. Ancaq əslində dağlardan keçmirlər, dağları aşırlar, dağlara qalxırlar…
“Durna gözlü bulaqlardan…”
Bulaqlardan keçmək – bu nədir?
“Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…»
Son iki misraya baxaq – çayların sakit axmağıyla dost sınamağın nə əlaqəsi var? Və sakit axan çayları müəllif hansı uzaqlıqdan eşidib və bununla nə demək istəyir? Əslində Azərbaycandan axan çaylar sakit axarlı deyil, məsələn, Volqadan fərqli olaraq. Mənim doğuduğum evi Kür aparıb – güclü axarına görə məcrasını dəyişir…
“Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır…”
Hansı dağın başı qar deyil? Və Azərbaycanın üstündəki buludlar həmişə ağ olur? Və niyə ağ örpək? Ermənilərə təslim olmağa?
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin…”
Burda Azərbaycan tarixçiləri üçün əsil meydan açılır: Azərbaycana elə keçmiş düzəldərlər ki, elə yaş qayırarlar ki… Səməd Vurğun özü “Vaqif”də tarixi mələdib…
“Nəsillərdən-nəsillərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…»
1933-cü ildə! Azərbaycanın oğulları, qızları bəxtiyardır! Şəhərlərdə casus, təxribatçı axtarışları, tuthatut, kənddə ziyanverici, qolçomaq axtarışları, tuthatut, güllələnənlər, Sibirə, Qazaxıstana sürgün olunanlar…
“Sıra dağlar, gen dərələr…”
Gen dərələr… Bu, ancaq Azərbaycanda olur…Başqa ölkələrdə dar dərələr olur…
“Bu yerlərdə limon sarı,
Əyir, salır budaqları;
Dağlarının dümağ qarı
Yaranmışdır qarlı qışdan..”
Bəs başqa yerlərdə limon nə rəngdə olur? Qırmızı? Qara?
Dağların qarı qarlıa qışdan yaranıb – burda tavtalogiya var, qar qardan yaranıb… Bəs nədən yaranmalıydı?
Qafiyə xatirinə Səməd Vurğun hər cür basməmmədiyə hazırdır.
“Aşıq deyər sərin-sərin,
Sən günəşin qucağısan…”
“İsti-isti deməyin” nə olduğunu bilirik, “sərin-sərin demək” necə olur?
“Bir dön bizim Bakıya bax,
Sahilləri çıraq-çıraq,
Buruqları hayqıraraq
Nərə salır boz çöllərə,
İşıqlanır hər dağ, dərə!”
Buruqlar hayqırmır. Və nərə sala bilməz. Deyək ki, hayqırır və nərə salır çöllərə. Əgər nərəni çöllərə salırsa, dağ, dərə hardan işıqlandı?
«Azərbaycan” şeirinin son bəndləri Ostap Benderin kombinasiyalarını xarırladır.
“Gözəl vətən! O gün ki sən
Al bayraqlı bir səhərdən
İlham aldın… yarandım mən.
Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan!”
Maraqlıdır, bu bəndi şeirin çap edildiyi vaxtdan keçən səksən dörd il ərzində müəllimlər şagirdlərinə necə izah ediblər? Azərbaycan “al bayraqlı bir səhərdən” nə vaxt “ilham alıb”? Bolşeviklər gələndə? Deyək ki, doğrudan da Azərbaycan bolşevik səhərindən ilham alıb. Ancaq bunun Səməd Vurğunun yaranmasına nə dəxli var? Səməd Vurğun 1906-cı ildə yaranıb. Onun yaranmasına 1905-ci ilin çar Manifesti təsir edə bilərdi. Yəni valideynləri Manifestlə tanış olub yeni bir övlad təşkil eləmək qərarına gələ bilərdilər. 1905-ci ildə Manifest, 1906-cı ildə Səməd Vurğun. Düz gəlir… Bolşevik ilhamıyla düz gəlmir…
Ancaq Səməd Vurğuna kim deyə bilərdi ki, düz gəlmir. Dalına qulaq as:
“Gülür torpaq, gülür insan,
Qoca Şərqin qapısısan…”
Desəm ki. 1933-cü ildə insanların üzü elə də gülmürdü, deyəcəklər ki, Səməd Vurğun gələcəyi nəzərdə tutub. Bəlkə də elədir. Ancaq axı insan Azərbaycanda indi də elə gülmür…Yəni çox insanın gülməli halı yoxdur…
“Stalinin eşqiylə sən…”
“Rəhbərimin eşqiylə sən…”
“Partiyanın eşqiylə sən…”
Müxtəlif zamanlarda Azərbaycan müxtəlif eşqlərlə gülüb. İndi İnternetdə bu variantı tapdım:
“Azadlığın eşqiylə sən…”
Azərbaycan və azadlıq!
Bu, doğrudan da gülməlidir…
Bu şeiri nəsil-nəsil azərbaycanlı uşaqların iliyinə yeridirlər. Və uşaqlar şeirin içini, daha doğrusu, içsizliyini görə bilmirlərsə, bu o deməkdir ki, şeiri yazan da, onu psixoloji təmrinə çevirənlər də məqsədlərinə nail olublar – yəni ictimai-siyasi apatiya, əqidəsizlik, prinsipsizlik oynaq ritmlər altında qana hopdurulur
Köləliyi damla-damla sıxıb özündən kənar elədiyi barədə Çexovun dediyini təkrar eləmək istəməzdim, ancaq lazımdır. Estetik zövqü və əqidəni belə şeirlərin əsarətindən qurtarmaq vacibdir…
Dekabr 2017
Samara