“DOĞDU GÜNƏŞ, DOLDU CAHAN NUR İLƏ…”

Əgər azərbaycanlılara millətin, ölkənin rəmzi ola biləcək bir şeir seçmək təklif olunsa, mən bəlkə də Sabirin “Cütçü” şeirini seçərdim. Mən uzun müddət məktəb müəllimi olmuşam, aşağı sinif şgirdlərinin, hətta zəif oxuyanların, bu şeiri deyərkən necə ruhlandığının şahidiyəm.

Mən bu gün Ayxan Ayvaz adlı bir gəncin Kulis.az saytında Sabir haqqında məqaləsini oxuyub… yox, təəssüf ki, ruhlanmadım. Çox məyus oldum. Yazının ümumi savad səviyyəsi 5-6-cı  sinif şagirdlərinin səviyyəsindən də aşağıdır, müəllifin nəinki akademik təhsili yoxdur, onun ümumiyyətlə təhsilli olduğu şübhə doğurur. Müəllif Sabirə hücumlarını  mərhum Rafiq Tağıya istinadla başlayır. Guya Rafiq Tağı deyirmiş ki, Sabir sabun alverində ziyana düşüb, acığını xalqdan çıxıb.

Və Rafiq Tağıdan gətirdiyi sitatı uzada-uzada Ayxan iddia edir ki, Sabir şair deyil və Sabir xalqın düşmənidir.

Mən Rafiq Tağını yaxından tanıyırdım. Mənim Moskvada oxuduğum illərdə o, paytaxtda yaşayır və təcili yardımda işləyirdi. Tanıdığına, tanımadığına canıyanan idi, mənim özümü Moskvada həkimə də aparıb, iynəmi də vurub. Rafiqin o vaxtlar fikri-zikri yazıçı olmaq idi. Elçinin köməyi ilə hekayələri hətta “Drujba narodov”da çap olunmuşdu – bu yazıları Bakıda Elmira Axundova (o vaxt ittifaqda referent) ruscaya sətri tərcümə edir, Moskvada isə İttifaqın hesabına bədii tərcüməyə çevirirdilər. Boynuma alım ki, Rafiqin hekayələrini mən bəyənmirdim, onlarda mənim üçün təzə və maraqlı heç nə yox idi. Rafiq Lenin kitabxanasında oturub rus jurnallarında oxuduğu hekayələri yamsılayırdı… Bir dəfə o vaxt tələbə olan Saday Budaqlı mənə dedi: “Rafiq bilirsən nə yazır? “Sinəsi baş kimi tüklü id…” Oxuyanda az qalmışdım gülməkdən öləm…”

“Sinəsi baş kimi tüklü idi” – bunu Qoqol yazıb. Nozdryov haqqında…

Rafiq Tağı humanitar təhsilli deyildi. Çexov da tibb təhsili alıb, ancaq Çexov dünya ədəbiyyatını bilirdi, fəlsəfəni bilirdi və daim oxuyurdu — əlbətə, burda talantların miqyasından danışmaq artıqdır. Rafiq Tağı isə ümumimiyətlə savadlı adam deyildi. Bakıya qayıdandan sonra biliyinin, məlumatının nəinki çatmadığı, hətta olmadığı sahələrdə dolaşıq söhbətlərə girişdiyini biləndə mən çox təəccüblənirdim… Mənə elə gəlir ki, Bakıda Moskvadakı mülayim, qismən avropalı mühiti tapmayan Rafiq içərisində çoxlu kin yığıb və ödünü bəzən Azərbaycan mühitinin qəddarlığında heç bir günahı olmayan insanlara qarşı yönəldib. Məsələn, Sabirə. Hərçənd mən inanmıram ki, Rafiq Sabiri diqqətlə oxuyaydı. Heç olmasa vacib, “proqram” şeirlərini, məsələn, “Fəxriyyə”ni…

Və təsadüfi deyil ki, Kulis.az-dakı məqalənin müəllifi xalqın düşməni saydığı Sabirdən bir misra da sitat gətirmir. Bu xalqa düşmənçiliyi Sabir hansı şeirində büruzə verib? Bəlkə “Qarğa və tülkü”də?

Mənim universitetdə antik ədəbiyyat müəllimim olmuş İsmayıl Əlizadə bir sualıma cavab verərkən dedi: Elmin qabağına elmlə çıxmaq olar, publisistika ilə yox…

Təəssüf ki, indi publisistika ilə çıxa bilən də qalmayıb. Sabirin üstünə polis təhdidləri, prokuror ittihamları ilə yeriyirlər…

28.01.2018

Samara