«SƏHV DÜŞƏNDƏ YERİMİZ” ŞEİRİNDƏ KOMMUNİST MƏNƏVİYYATI MƏSƏLƏSİ

Qabil_İmamverdiyev.JPG

Azərbaycanlı məclisində tamada və xanəndə tez-tez məclis sahibinin, məclisdə yaxşı pul xərcləyənlərin adını çəkməlidir. Ya da xanəndə özü pul xərclətdirmək istədiyi adamın adını Vahidin qəzəlinə soxuşdurur.

Avtoritar və totalitar siyasi rejimlərdə hakimiyyətlə bu hakimiyyətə yaxın gedən yaradıcı adamların münasibəti də təxminən belə olur. Rejim tərəfindən yiyələnmək istəyən hər yazan, oxuyan gərək vaxtaşırı bu rejimi təbliğ və təşviq edə. Rusiyada rejimlə çaşqa-loşqalıq eləmək istəməyənlər özlərini ondan qaçırıblar, dalandar, ocaqçı işləyiblər, geoloji ekspedisiyalara gediblər. Rejimlə açıq konfrontasiyaya girənlər dissident adlanıblar, onların da tutulanları və qərbə gedənləri olub.

Azərbaycana nədənsə dissident toxumu düşməyib, yəni partiya və hökumətin verdiyi yemdən imtina eləməyib. İstedadlı olduqları şübhə doğurmayan ədəbiyyatçılarımız da həmişə loyal olublar, nəşriyyatlarda, qəzet və jurnallarda vızifə tutublar, ev alıblar, pul mükafatı alıblar.

Hətta Əliağa Vahid də partiya və hökumət şeirləri yazıb:

“Yaşasın qırmızı bayraqlı sovet qanunumuz…”

Bu o deməkdir ki, indiki nəslin mənəvi oriyentirləri yoxdur. Hansı hörmətli ədəbiyyatçının arxivini eşirsən, “Lenin” poeması çıxır…

Partiyadan və onun ideologiyasından maksimal uzaq olmağa çalışanların da yaradıcılığında da kommunist partiyasının ana xəttinin müddəaları ən gözlənilməz yerdə və şəkildə üzə çıxır.

Qabilin cəmi iki şeirini bəyənirəm: “Səhv düşəndə yerimiz” və “Çağırsan gələrəm…”. Qabilin bütün başqa şeirlərində sənət baxımından maraqlı heç nə yoxdur, hərçənd peşəkarlıqla yazılıb.

“Səhv düşındə yerimiz” ümumilikdə gözəl miniatürdür, ancaq onu bir az da qısaltmaq olardı. Məsələn, “Küt bıçaq parıldayıb…” bəndi zəifdir  və artıqdır. Bu bənddə həm də müqayisələr yerində deyil. Yəni ki, bu bəndin dalından asanlıqla dəymək olar. Ancaq bu şeirdə başqa məsələ maraqlıdır. Qabil bir an belə unutmur ki, kimin çörəyini yeyir (əlbəttə, partiyanın!) və buna görə partiyanın mənəvi-sosial sahədə siyasətini öz şeirində əks etdirməlidir!

 

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz…

Şeirin yazıldığı 1969-cu ildə də, ondan sonra və əvvəl də bu məsələ partiya plenumlarının mövzusu olub. O vaxt dörd aydan artıq işləməyənlər cinayət məsuliyyətinə cəlb olunurdular və alverçilərə, o cümlədən gülsatanlara qarşı sovet cəmiyyətində amansız mübarizə gedirdi. Bu məsələni öz şeirinə soxuşduran Qabil başa düşürdü ki, bu bəndlə onun şeirinə bir qurumsal güldən ağır söz deyə bilməz. Jurnal isə hər misraya iki manat (iki kilo qəndin pulu) verəcək…

Yəni bu bənddə gülsatan biqeyrət kişi ilə zəhmətkeş qadınlar qarşı-qarşıya qoyulur. Bu, partiya xıəttidir, plenumların yazıçılar qarşısında qoyduğu məsələdir.

Məsələ burasındadır ki, kişilər hamısı qızılgül satmırdı və qızılgül satmaq heç də biqeyrətlik deyildi və mənim şübhəm yoxdur ki, Qabilin yaxın adamları arasında gülsatanlar da olub. Və qadınların da hamısı əliqabarlı deildi. Sürü-sürü ənlikli-kirşanlı raykom, prokuror, müdir katibələri vardı. “Azərbaycan”, “Turist” və başqa mehmanxanalarda fahişəlik edən qadınlar vardı…Yəni bu, mürəkkəb məsələdir. Ancaq partiya hər şeyi yumurta qabığı kimi səthi edirdi və səthilik də çox problemlər yaradırdı…

Bir sözlə, Qabil yaxşı şeirini ideologiyaya xidmət səyi ilə korlayıb…

Yuxarıda yazdıqlarım onu göstərir ki, sənəti həyatının mənası sayan adam hakimiyyətdən ən azı top atəşi məsafəsində aralı olmalıdır. Hakimiyyətə loyallıq ifadə etmək arzusu Əli Kərimin “İki sevgi” kimi gözəl və Azərbaycan poeziyasında yeni söz olan şeirini də korlayır.

Bu barədə ayrıca…

23.02. 2018, Samara

P.S. Yəqin indi «talış» əvəzinə Qabil «cənub bölgəsi»  yazmalıydı…

Реклама