«QAYTAR ANA BORCUNU». İKİ NƏSİL AZƏRBAYCANLINI AĞLADAN CƏFƏNGİYAT…

əli kərim

Mənim oxuduğuğum pedaqoji məktəbdə müxtəlif təntənəli günlərlə və bayramlarla bağlı tədbirlər keçirilərdi və bu tədbirlərdə gözlərindən cin yağan, aktrisalıq istedı şübhəsiz olan, səhv etmirəmsə, hacıqabullu tələbə qız hökmən “Qaytar ana borcunu” şerinin oxuyurdu. İnanmıram ki, bizim aramızda Əli Kərimi tanıyanlar çox olardı, ancaq şeir hamını sarsıdırdı, qızlar ağlaşırdılar, çox hissiyatlılar “Can, ay ana!” deyib hönkürtü vururdular. Bayram şənliyi yasa dönürdü…

Yaşlıların yadında olar, o vaxt toylarda xanəndələr hökmən “Ana ürəy”ini oxuyurdular. Binamus oğlun bir qızdan ötrü anasının ürəyini çıxarmağından bəhs edən  faciəvi dastan…Geydrmə araqdan başları xarab olmuş kişilər toy üçün xüsusi ətirlə islatdıqları dəsmalları gözlərinə tutub  ağlaşırdılar…

“Ah, ana, nə gözəl zadsan…”

İndi Əli Kərimin şeiri haqqında bir neçə söz.

Bu şeir Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirinin qəlibindən çıxıb – həmin ölçü, həmin pafos, təxminən həmin leksika. Hər iki şeirdə analar müharibə dövrünün arvadlarıdırlar. “Dörd” rəqəmi də Süleyman Rüstəmdən keçir – onda “dörd ay”, Əli Kərimdə “dörd il”…

Dörd il keçəndən sonra Oğul nə gəlir, nə məktublara cavab yazır. Oxucu bilmir ki, Oğulun başına nə gəlib. Bəlkə tutulub? Bəlkə öldürülüb? Bəlkə kQB xarici ölkəyə kəşfiyyata göndərib? Yəni şair Oğulun Bakıda nə ilə məşğul olduğundan bir kəlmə də yazmır. Ancaq birdən prokuror mantiyası geyib qiyabi mühakimə olunan Oğula qarşı ağır ittihamlar irəli sürür. Bu ittihamlardan belə çıxır ki, Oğulun anasını yaddan çıxarmağında “büzmədodaq” qız günahkardır. Bu “büzmədodaq” zalım qızı “işvə-nazla” “enlikürək”, “gensinə” və “gur çatmaqaş” kəndli oğlanı hardasa əsir edib saxlayır…

Belə şey olar?

Ananın yazdığı məktublar qayıdıb üstünə gəlirdisə, deməli, ünvana çatmırdılar. Bu halda ana ya özü Bakıya getməliydi, ya da rayon milisinə şikayət yazmalıydı ki, oğlum itib.

Yəni bu şeirdə baş ayaqla uyğun gəlmir, yalan müddəa üstündə qurulduğundan cəfəngiyata çevrilir.

Mənə elə gəlir ki, ciddi və savadlı redaktor şeirdəki bu uyğunsuzluğu Əli Kərimə göstərsəydi, şair yazısını qaydaya salardı. Məsələn, oğlunu yaxşı tanıyan bir gənc anaya xəbər verir ki,  dostu  Bakıda “büzmədodaq” bir qıza uyub…

Məsələ burasındadır ki, bu şeir o vaxtkı günün aktual mövzusunda yazılıb. Kommunist partiyası başqa əyintilərlə bərabər kəndi unudub şəhərdə “yüngül” həyata uyan gənclərin tərbiyəsi ilə də məşğul olurdu. Bizim şairlərə və yazıçılara da  də bir him bəsdir: onlarının yazdıqlarından belə çıxırdı ki, Bakının “büzmədodaq” qızları durublar şəhərin tinlərində, güdürlər kənddən gələn “çatmaqaş”, “gensinəli” oğlanları, “işvə-nazla” tora salıb aparırlar…

Bu, əlbəttə, doğru deyildi…

Ancaq məsələ partiya və hökumət tərəfində qoyulurdusa, onun bədii təcəssümünün qabağında hər bir redaksiya qapısı taybatay açılmalıydı…

Hansı köpəyoğlu redaktor deyərdi ki, bala, Əli, bu şeir gərək təzədən yazıla. Bəlkə oğu Bakıda tramvay altında qalıb, indiyəcən morqdadır, tanıya bilmirlər?

Şair isə binamus oğula döşəyir:

“İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan”…
Lal olarsan…

Yerindəcə qalarsan…

Bu cəfəng və bədiilikdən uzaq misralar ən azı iki nəsil azərbaycanlıları hönkür-hönkür ağladıb…”Can, ay ana…”

Əli Kərim iyirminci əsrin ikinci yarısının, yəqin ki, ən istedadlı azərbaycanlı şairidir. Lakin az sayda ən yaxşı şeirlərini yazanadək o da sovet şairi olmuşdu, redaksiya çrəyi yemişdi və istər-istəməz, komsomolun, partiyanın xətti ilə yazmışdı.

«Qaytarsan o sözləri…»

Əli Kərimin yaradıcıığıdakı belə şeirləri sahibinə, qeybə çəkilmiş sovet rejiminə qaytarsaq, onun irsi daha sanballı görünər…

24.02.2018

Samara

Реклама