AZƏRBAYCAN DEYİLƏNDƏ AYAĞA DUR… TƏKQIÇLI…

ARAZ MƏMMƏD

Mənə elə gəlir ki, Azərbaycanda Azərbaycan haqqında şeir yazmağı qadağan eləmək lazımdır. Əvvəl yazılanlardan  bir-ikisini saxlamaq olar. Məsələn, Cəfər Cabbarlının “Ölkəm” şeirini. Çünki Azərbaycanda yaşayıb Azərbaycana tərifli şeirlər yazan adamın şairliyi də, vətənpərvərliyi də şübhəlidir.

Azərbaycan şairi həmişə zarıyır ki, “ay vətən, ölsəm, torpağın olum”. Özü də öz kəndinin torpağına çevrilmək istəmir, Fəxri Xiyabanı istəyir…

Məmməd Araz qayada mamır olmaq istəyirdi. O da yəqin Fəxri Xiyabandadır. Yəqin kürəkəni Aqil Abbası da onun yanına qoyacaqlar. Üzürlü səbəbi var. Vətənini ermənilər alıblar, özü oturub məclisdə, vətən fikrini çəkməkdən başı soğan bitirib…

Qayıdaq Məmməd Araza. Onun “Azərbaycan” şeirinə.

Bu şeirdə Azərbaycan – həm qayada bitən çiçəkdir (əslində mamır olmalıdır, çünki Məmməd Araz özü qayada mamır olmaq istəyirdi), həm çiçəklər arasında qayadır…

Bu bənzətmələrdə Azərbaycan haqqında nəsə var? Bu, tamada çıxışıdır ya şeir?

“Oğulları Kür gəzdirər biləklərində…”

Kürü biləkdə necə gəzdirmək olar? Biləyin Kür gəzdirməyi onun hansı keyfiyyətini açır?

“Oğulların göz atəşi gözəl əridir…”

Bəlkə bişirir? O nə gözəldir ki, oğlanın baxmağıyla “əriyir”? Oğlan nə qədər və hansı bucaq altından baxmalıdır ki, qız ərisin? Birdən qardaşı çıxdı tindən? Özü də Kür biləkli…

«İllər olub – kürələrdə dəmir olmuşuq…»

Haçan? Pambıq, tütün, üzüm olmuşuq – bunu bilirik. Haçan dəmir olmuşuq?

“Sərhədlərdə dayanmışıq küləkdən ayıq”.

Haçan? Hansı sərhədlərdə? Bu şeir yazılan vaxtlar azərbaycanlılar Çin sərhəddində sovet sərhədini qoruyurdular. Azərbaycanın sərhədfi yox idi. Əslində Azərbaycan da müstəqil dövlət kimi yox idi…

“Od gölündə, buz çölündə gəmi olmuşuq”…

“Buz çölündə gəmi…”

“Biz Bakının ilk səadət caqrçılarıyıq”…

Biz – kim? Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi? Axı bu şeir yazılanda səadət carçısı bu orqan idi. Birinci katib də Heydər Əliyev.

Yadınızdadırsa, bəndin əvvəlində sərhəddən danışılırdı, şair sərhəddə durmuşdu, Çitada ya Xabarovsk vilayətində. İndi Bakının səadət carçısıdır. Bəndin daxilindəki misralar arasında təxmini də əlaqə yoxdur. Ya da varsa, bu, cəfəngin cəfənglə təbii yaxınlığıdır…

“Min illərlə zülmətlərə yollar açıqdı…”

Hansı zülmətlərə? Zülmətə açıq yol –  bu necə olur? Yol açıqsa da, fikir qaranlıqdır…

“Dalğalandı Sabirlərin ümman dünyası….”

Sabirlər…Dahi cəm halda…. Məmməd Arazlar ola bilər və var da. Ancaq Sabirlər… “Sabirin ümman dünyası” – bu nədir? Deyək ki, özümüzü gücə salıb bir şey təsəvvür elədik. Bəs dalğalanmağını?

Sonra şair təntənəli şəkildə məlumat verir ki, “qoca şərqin duman dünyası dağılıb” və “Azərbaycan qatarı da yollara çıxıb…”.

Niyə çıxmasın, əgər “zülmətə gedən yollar açıqsa…”

“Azərbaycan deyiləndə ayağa dur ki…”

Mənə elə gəlir ki, şair burda sözünü tam deməyib. Yəni deməliydi ki, ayağa dur, özü də təkqıçlı. Bir yarım saat. Bəlkə də çox. Azərbaycan qatarı zülmət yollarından qayıdanacan…

Vay bizim uşaqlarımızın halına…

06.03.2018

Samara