Nə gözəl olub ki, fikrin, İlahi,
Çıxa bilməmişəm adam içinə.
Şeytan azdıranda istədim çıxım,
Qaytarıb tez qoydun yerimə yenə.
—
Elə çəkmisən ki, marşrutumu,
Adamlı yerlərdən uzaq keçmişəm.
Ayaq basılmayan cığırı tutub,
Getmişəm adamsız yerə həmişə.
—
Kİm bilir nə günə yoxsa qalardım! —
Sirr deyil ki, adam içindəkilər,
Başımı bədəndən ayırardılar,
Hələ içərdilər qanımı bəlkə.
—
Bu hələ yaxşıdır. Başıma sığal,
Çəkə bilərdilər adam içində.
Deyərdilər guya dəryadır ağlım,
Olardım yuxarı başa keçəndən.
—
Varım-dövlətim də yəqin olardı,
Yəqin əyriyə də yatardı əlim.
Bir də görərdim ki, ömür yarıdır,
Adam içindəyəm, adam deyiləm.
—
Necə şükrlüyəm, İlahi, sənə,
Nə gözəl çəkmisən bu marşrutu!
Yerimdən sıçrayıb adam içinə.
Cumanda saxladın, yumruğu vurub.
12.03.2018
Samara