UİLYAM ŞEKSPİR. 89-CU SONET — İKİ TƏRCÜMƏ

SONNET 89.jpg

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                         Say that thou didst forsake me for some fault…

Desən getməyinə günahkar mənəm,

Özüm qınayaram öz günahımı.

Desən ki, şikəstəm, axsaram hökmən,

Etiraz etmərəm ittihamına.

 

Bəraət axtarıb dəyişməyinə,
Çalışma sən gözdən məni salmağa.

Elə alçalım ki, sənin xətrinə,
Məni sənə layiq görməsin baxan.

 

Çıxmaram qarşına təsadüfən də,

Əziz adını da çəkmərəm daha.

Qorxuram deyərəm kiməsə birdən,

Sevgi bağlayırdı bizi haçansa.

 

                  Sənin tək özümlə davadayam mən,

                 Sənin sevmədiyin mənə də düşmən.

 

İngiliscədən tərcümə (HECA)

17.03. 2018

Samara

 

UİLYAM ŞEKSPİR

    89-CU SONET

                          Say that thou didst forsake me for some fault,
                          And I will comment upon that offence…
 

Məni atdın sən hansı eybə görə? —

Söylə, gizlətmə, bilim eybimi mən.

Desən ki, axsağam, inan, əyərəm,

Yerişimi, sözündən incimədən.

 

Məni atsan da sən, çalışma, yarım,

Məni indən belə gözdən salasan.

Özümü mən elə gözdən salaram,

Məni görüb tanımaz bir insan.

 

Çıxmaram bir də mən sənin yoluna

Şirin adınsa dilimdən silinər,

Yığıb içimdə saxlaram olanı,

Görməz heç kəs də sevgimizdən əsər.

 

        Özümlə indi çəkişməm, hərbim,

        Sən atan insanı sevməz qəlbim.

 

İngiliscədən tərcümə (ƏRUZ)

04.10.2016

Samara

Реклама