«BİOVULF» VƏ «KİTABİ-DƏDƏ QORQUD»: NADİR OXŞARLIQ ELEMENTİ

QORQUD.jpeg

Qədim ingilis dastanı “Biovulf”la (orijinal mətndə: Bíowulf) “Kitabi-Dədə Qorqud” dastanı arasında fəqqli cəhətləri görək oxşarlıq tapmaqdan daha asandır, Yalnız “Dəpəgöz” boyunda yaxınlıq elementləri müşahidə olunur.

Əvvəlcə demək lazımdır ki, “Biovulf”da qeyri-müəyyən ya da mifik mənşəli personajlar, Qrendel, onun anası, Əjdaha nitqsizdirlər, Qrendelin anası dastanda mühüm yer tutsa da, nəinki nitqsizdir, onun adı da yoxdur, mənşəyi qardaş qatili Qabillə bağlanır.

Yarııminsan Dəpəgöz isə nəinki danışır, onun dilindən deyilən şeirlərin bədii ifadəlilik və emosianal dolğunluq baxımından bərabəri yoxdur:

Qaçubanı Salaxana qayasına girəm, deyərdim.

 Ağır mancılaq daşla atam, deyərdim.

 Enüb daş başıma düşübən öləm , deyərdim.

 Ala gözdən ayırdın, yigit, məni!

Datlu candan  ayırsun Qadir səni!”

 

“Əlcügəzi qınalı qızcığazları çoq yemişəm.

 Qarışçuları tutdı ola, gözüm, səni?

Eylə kim çəkərəm mən göz bunını,

Heç yigidə verməsün

 Qadir Tarirı göz yükini!

 Gözüm, gözüm, ay gözüm! Yalnuz gözüm!»…

İndi yaxınlıqdan. Biofulla Qrendelin anası su altında vuruşurlar. Biofulun qədim qılıncı Hruntinq arvada batmır, arvad özü Biovulfa qılıncla hücum çəkir, zireh qəhrəmanı qoruyur. Birdən Biovulf mağarada çoxlu qiymətli şeylər arasında nəhəng ölçülü qılınc görür və bu qılıncla da arvadın boynunu vurur.

Basat da Dəpəgözü onun öz qılıncıyla öldürür. Gözünü itirəndən sonra depressiv-suisidal vəziyyətdə olan Dəpəgöz qılıncı Basata özü göstərir.

“Şol mağarayı gördünmi?” Basat aydır: “Gördüm” . Aydır: “Anda iki qılıc var; biri qınlu, biri  qınsuz,  qınsuz kəsər mənim başımı. Var, getür, mənim başum kəs!”

“Basat qaqıb  yerindən durı gəldi. Buğra kibi Dəpəgözi dizi üzərinə  çökürdi. Dəpəgözüfi kəndü qılıcıyla boynını urdı”.

Bu uzaq oxşarlıq, əlbəttə, istisnadır, onun mənşəyini isə qeyri-insani varlıqlara yalnız qeyri-adi vasitə və silahlarla ya qüvvə ilə batmağın mümükünlüyü ilə bağlı təsəvvürlərdə axtarmaq olar.

05.04.2018

Samara

Реклама