UİLYAM ŞEKSPİR.  123-CÜ SONETİN İKİ TƏRCÜMƏSİ

sonnet 123.jpg

123-CÜ SONET (HECA İLƏ)

        No! Time, thou shalt not boast that I do change...

 

Zaman! Öyünmə ki, mən dəyişirəm.
Bu təzə vüsətli ehramlarında,

Görmürəm mən heç nə təzə, qəribə;

Köhnədir, dəyişib təkcə bayırdan.

Ömrümüz qısadır, ona görə də,
Köhnə nə göstərsən elə heyranıq,

Guya xülyamızdan indi törəyib,

Bilsək də əslində haçan yaranıb.

 

Nə səni sayıram, nə salnaməni,
Nə keçmiş maraqlı mənə, nə indi.

Gördüyümüz yalan, yazılan yalan,

Az-çox önəmlisə — tələsdiyindən.

 

                    Həqiqət andını pozmaram ancaq,

                   Üstümə gəlsən də əlində oraq.

 

İngiliscədən tərcümə

18.04. 2018

Samara

123-CÜ SONET (əruzla)

                   No! Time, thou shalt not boast that I do change.

                   Thy pyramids built up with newer might

 

Mənim dəyişməyimlə heç də sən öyünmə, Zaman!

Yeni cəlalla sənin tikdiyin ehramlarda,

Görmürəm heç nə yeni, heç nə təəccüblü olan,

Əski görüntüdür onlar təzə paltarlarda.

Gətirər vəcdə hər insanı qədim varsa nəyin,

Çünki insanın öz ömrü qısadır dünyada.

Zövqə, istəklərə uyğun sayırıq köhnəliyi,

Köhnə təsvirlərisə onların çıxır yaddan.

Yox nə keçmişdə, nə  də indidə heyrət doğuran,

Və məni qorxuda bilməz sənin yazın-hesabın.

Yazılanlar da yalandır və nə görsək də yalan,

Tələsən, titrəyən əlinlə, bil, onlar yaranıb.

 

      Mənsə and içmişəm və pozmaram öz andımı mən,

      Nə qədər, hər necə sən dünyanı alt-üst edəsən.

 

İngiliscədən tərcümə

06.10.2016

Samara

Реклама