ŞARL BODLER. QATİLİN ŞƏRABI

 

бодлер

Le Vin de l’assassin

Daha canım azad, arvadım öldü!

Nə qədər istəsəm, içərəm indi,
Haçan ki, cibi boş evə dönürdüm,
Çığırtısı məni dəli edirdi.

 

İndi kral kimi bəxtəvərəm mən,
Gözəldir göy üzü, hava təmizdir.

Haçansa yay olub buna bənzəyən,

Onda vurulmuşduq bir-birimizə!

 

Dəhşətli bir  təşnə yandırır məni,
İndi şərab lazım özümə gələm.

O qədər içəm ki, gərək, qəbrini

Şərab ağzınacan doldura bilə.

 

Mən onu quyunun dibinə atdım,
Sonra da üstünə  tulladım onun,
Nə qədər daş-çınqıl yaxında tapdım,

Unuda biləydim kaş kii, mən bunu!
Təmiz məhəbbətin andı naminə,

Həmişə onunla bağlıyıq axı.

Barışıb mehriban olmağa yenə,

Necə ömrümüzün gözəl məst çağı,

 

Yalvarıb mən ondan görüş istədim,
Axşam toranında, yol qırağında.

Gəldi də! Ah, necə o, gicbəsərdi!

Başxarablığı var elə hamıda!

 

Heç dəyişməmişdi, yenə gözəldi
Hərçənd yorğun idi! Sevirdim hələ,
Onu həddən artıq, buna görə də

Sən gəl bu həyatı dedim tərk elə.

 

Heç kim başa düşməz  məni. Bir nəfər,
Bu qədər içkili kütün içindən,

Arzu edərdimi nəhs gecələr,
Yarada biləydi şərabdan kəfən?

 

Dəmirdən düzələn sanki maşındır,

Dişbatmaz, duyğusuz rəzil bu kütlə,

Heç zaman, nə yayda, nə də ki, qışda,

Bilməyib həqiqi nədir eşq hələ,

 

Bütün qara cadu, cazibəsiylə,

Cəhənnəm təlaşlı mərasimiylə,

Göz yaşıyla, zəhər piyaləsiylə,

Zəncir cingiltisi, sümük səsiylə!

 

  • İndi həm azadam, həm də təkəm mən,

Axşam vuram gərək meyidinəcən.

Vicdan əzabı və qorxu bilmədən,
Özümü torpağa sərərəm gecə.

 

Və yerdə it kimi yatıb qalaram,
Bəlkə bir araba ağır təkərli,
Harasa daş-kəsək, çınqıl aparan,
Qudurğan bir furqon ya da keçərkən,

 

Ya mənim günahkar başımı əzər,

Ya da düz ortamdan bölər o məni.

Gülürəm Tanrıya, həm də İblisə,

Müqəddəs sayılan nə var həmçinin.

İlk dəfə 1848-ci ilin noyabrında çap olunub

Fransızcadan tərcümə

20-21. 05.2018

Samara

Реклама