ŞARL BODLER.   KÜRƏN DİLƏNÇİ QIZA

бодлер

     À une Mendiante rousse
Özü ağbənizdir, saçları kürən,
Nimdaş paltarının deşiklərindən,
Onun kasıblığı həm gözə dəyir,
Həm gözəlliyi.

 
Miskin bir şairəm, mənə qalarsa,
Sənin kürən çillər bürüyüb basan,

Cavan və azarlı bədənini mən,
Çox bəyənirəm.

 

Taxta başmaqların ayaqlarına,
Yaraşır, sabolar qəşəngdir daha,
Qədim romanlarda məleykə geyən,
Məxmər səndəldən.

 
Bu, dizinə çatan əski yerinə,
Gözəl saray donu yaraşar sənə,

Xəfif xışıltılı düşə ətəklər,
Dabana qədər.

 

Sənin corabının deşiklərinə,
Hər bir heyvərənin gözü bərəlir.

Qızıldan bir xəncər gərək yanaydı,
Corabbağında.

 

Yaxşı vurulmayan düyünlərinsə,
Açılıb salalar bizi həvəsə.

Gözlərin tək gözəl məmələrin də,
İşıqlı həm də;

 

Gərək əllərinin  ola qurbanı,
Görmək istəsə kim soyunmağını.
Şeytan barmaqları qəzəblə vura,
Qova kənara.

 

Sənə mirvarilər ən gözəl sudan,
Və sonetlərini Belo ustadın,
Əsirin olanlar daim hədiyyə,
Vermək istəyər.

 

Nökər təbiətli qafiyəbazlar,
İlk kitablarını sənə yazarlar.

Baxarlar gizlənib pilləkən altda,
Ayaqlarına.

 
Neçə paj qapında uğur axtarar,

Nə qədər də senyor və neçə Ronsar.

Yataq otağını sənin güdərlər,
Kef ümidiylə.

 

Odlu busələrin hesabı itər,
Yatağı bəzəyən gülləri ötər.

Sənin xidmətində farağat durar,
Neçə Valua!

 

Fəqət dilənməyə yenə gedirsən,

Hansı bir Vefurun kandarındasa,

Köhnə-əski-üskü atılıb qalıb,

Sənə yararlı.

 

Gedə-gedə ancaq baxırsan oğrun,
Bəzəyə, qiyməti iyirmi doqquz su.

Ah, bağışla, onu alıb sənə mən,
Verə bilmərəm!

 

Elə beləcə get, bəzəksiz-filan,
Nə ətir, mirvari, nə də brilyant,

Arıq çılpaqlığın bəsindir elə,

Mənim gözəlim!

 

Fransızcadan tərcümə

09-10.06. 2018

Samara

Реклама