ŞARL BODLER. TƏKƏBBÜRÜN CƏZASI

бодлер

Châtiment de l’Orgueil

İlahiyyatın ən çox enerjiylə, şirəylə,

Çiçəkləyib artdığı möcüzəli əsrlər,

Danışırlar ki, bir gün çox bilikli bir həkim,
Rəğbətini qazanıb biganə ürəklərin,
Onların içindəki zülmətləri dəbərtdi;

Səmavi cəlallara doğru sonra yönəltdi,
Ora aparan yolu özü tanımasa da,

Yalnız təmiz Ruhların orda yeri olsa da.

Çox hündürə qalxanı alır necə ki, qorxu,

Qışqırdı, qəlbi iblis təkəbbürüylə  dolu,

“Yazıq İsa, nə qədər səni ucaltmışam gör!

Mən həmlə eləsəydim zəif yerinə əgər,

Şöhrətinə bərabər olardı rüsvaylığın,
Gülməli törəmə tək sən onda tanınardın”.

Tərk edib onu getdi bu andaca zəkası,
Günəşin işığını bürüdü yas qarası.

Silkələndi beyni də, hərcmərclik başladı,
Məbəddi indiyəcən, canlı, zəngin qaydalı.

Onun tavanı altda vardı cəlallar necə,
Bürüdü onu tamam indi sükut və gecə.

Sanki bir mağaradır açarı itiriblər,
Küçədə başsız gəzən özü heyvana bənzər.

Və elə ki gedirdi gözü heç nə görmədən,

Bilmirdi ki bahardır ya qış həndəvərində.

Üst-başı kir, eybəcər, nimdaş bir şeyə oxşar,
Görən kimi sevinib gülürdülər uşaqlar.

 

Fransızcadn tərcümə

20-21.06. 2018

Samara

Реклама