MÖVLUD SÜLEYMANLI: «SƏN DOSTOYEVSKİSƏN?»

               (MƏTNİN DAVAMI)

Bir qədər keçəndən sonra özüm Bakıya gəldim və redaksiyaya gedib nəsr şöbəsinə girdim. Mövlud yerindəydi. Əlbəttə, Azərbaycan sovet dövlətinə məxsus jurnalın ixtiyarı gündən qapqara yanmış kolxoz suçusuna oxşayan belə adamda ola bilərdi… Nədənsə mənə elə gəlirdi ki, o corabını həftə ilə dəyişmir…

Məni görüb yazımı tapıb stolun üstünə atıb dedi ki, zəifdir. Dedim ki, nəyi. Közövə oxşayan barmağını yazının başlanğıcına bası dedi ki. Burda “strategiya sözü var, strategiya Azərbaycan sözü deyil, nəsr sözü deyil”.

Yadıma Dostoyevski düşdü.  Dedim Dostoyevski “Antropofagiya” sözünü çox işlədir, “antropofagiya” da rus sözü və nəsr sözü deyil…

“Sən Dostoyevskisən?” – Mövlud sözümü kəsdi…

Mənim şübhəm yox idi ki, o, əlli bir səhifəlik yazının bir səhifəsini də oxumayıb, elə girişdə “strategiya” sözünü görüb, bilib ki, məni rədd eləməyə ayrı bəhanə axtarmaq, baş ağrıtmaq lazım deyil…

Mən o vaxtacan Azərbaycandan bir dəfə çıxmışdım, Leninqrada, məktəb yoldaşımın yanına getmişdim. Əsgərlik də görməmişdim. Bilmirdim ki, ölkədən necə çıxıb getmək olar. Mən kölə təbiətli adamam, həyatımı, zülm içində yaşasam da, dəyişmək üçün nəinki addım atmaq, yerində tərpənmək də mənim üçün çətindir. Ancaq Mövludla, qoyun iti kimi redaksiyaya bağlanmış bu vəhşi ilə üzləşəndən sonra Azərbaycanda qalmaq mənə türmə müddətinin uzanması kimi gəlirdi. Bax, sən ədəbiyyatçısan. Peşəkar ədəbiyyatçı. Təhsilin var, səriştən var. Ədəbiyyatçı gərək çap oluna. Azərbaycanda bir yarım ədəbi jurnal var. Bir – “Azərbaycan”, yarım  — Ulduz”.  “Azərbaycan”ın qapısına qoyun iti bağlanıb, “Ulduz” isə… “Ulduz” ayrı söhbətdir.. Hara gedəsən?

Və o vaxt Azərbaycandan getmək fikri başıma düşdü ki, bu da mənim üçün kosmos arzusu kimi bir şey idi. Sonra bu məsələ öz-özünə həll olundu…

Bir dəfə, o yazıdan xeyli qabaq, yazıçılar ittifaqının qabağında təsadüfən Mövludun söhbətini eşitmişdim. Çömbəlib oturmuşdu Xaqani 25-də küçə qapısının ağzında, bir neçə də yazan yanında. Bir az suçuya oxşayır, bir az da Xudayar bəyə. Deyirdi ki, “Azərbaycanfilm”də bir ssenari yazdım, kino-zad çəkilmədi, elə də qaldı, ancaq altı min verdilər. O pula bir maşın aldım…

Yeri gəlmişkən, qonşu qapıda,”Ulduz”da təzə-qəzə şöbə müdiri işləyən Vaqif Cəbrayılzadə həmin vaxtlar hər gələnə kəllə atır, hamıdan tələb edirdi ki, onun Azərbaycanın birinci şairi olduğunu səsləri çatınca bəyan edib qılıncının altından keçsinlər. Əlbəttə, Vaqinfin əlində qılınc yox idi, ancaq gözlərində açıq şizofreniya əlamətləri vardı…

Bu adamlara sovet xəzinəsindən ayda bir ətəklik maaş verirdilər ki, istedadlı müəllifləri tapıb jurnalları keyfiyyətli yazılarla təmin etsinlər. Ancaq bunlara istedadlı adam qaranlıq vaxt  bir dalanda rast gəlsəydi, tutub boğardılar…

Onlar gündüz-günorta çağı da boğurdular…

Onlar on yeddi yaşlarında Bakıya gəlmiş, yarıac-yarıtox yataqxanalar gəzmiş kənd uşaqlarıydılar. Əlləri vəzifəyə, heç bir zəhmət tələb eləməyən sovet maaşına, müftə qonorarlara çatan kimi qudurmuşdular…

Mövludla görüşümün bir xeyri oldu. Sonralar, Rusiyada fəhlələik illərində, günüm qara olanda, bu oğ…-ın sifətini yadıma salırdım, o dəqiqə işlədiyim alət sexi də, metro da, kərpic zavodu da mənim üçün sanatoriyaya dönürdü…

Mövludu tez-tez xatırlamıram, heç xatırlamazdım da. Ancaq görürəm ki, Azərbaycanda, təəssüf ki, heç nə dəyişməyib, bəlkə daha pisləşib. O vaxt hələ Əylislinin abırlı vaxtıydı və Əli Kərimin ölümündən heç on beş il də keçməmişdi…

X.X.

01-02.08. 2018

Samara, RF

Реклама