ŞARL BODLER. ÖLÜM RƏQSİ

бодлер

      Danse macabre

À Ernest Christophe

Öz nəcib duruşuyla şübhəsiz qürurlanır,

Əlində böyük buket, əlcəkləri, yaylığı,

Ekstravaqant baxışlı arıq bir işvəkarın.

Onda sadəliyi var, həm də ki, saymazlığı.

 

Görən olubmu balda belə arıq gərdəni?

Tamaşalı paltarı şahanə genliyiylə,
İncə ayaqlarına dalğalanaraq enir,
Qotazlı başmaqları çiçək kimi bəzəkli.

 

Körpücük sümükləri üstdə oynayan pətək

Qayalara sürtüşən ehtiraslı su kimi,

Yersiz atmacalardan qoruya bilə gərək,
Yaslı lətafəti ki, göstərməyə çəkinir.

 

Dərin gözləri boşluq və torandan yaranıb,
Məharətlə çiçəklə bəzədilmiş kəlləsi,
Zəif onurğaları üstündə yırğalanır,

Dəlilikdən yaranan heçliyin təntənəsi.

 

Skelet adlandırar elələri var səni
Bədənlə xumarlılar, anlamaz onlar nədir,

Möcüzə nəfisliyi bəşər çərçivəsinin.

Böyük skelət, səni incə zövqüm bəyənir!

 

Bu həyat bayramını möhtəşəm qrimasla,
Pazmaqmı niyyətiniz? Ya bəlkə oyandırır,

Hələ canlı gövdəni qabaqkı ehtiraslar,

Səni kef şabaşına, sadəlövh, yollandırır?

 

Skripka nəğməsiylə, alovuyla şamların,
İstəyirsən qovasan sənə gülən kaşmarı?

Varmı ümidin sənin nəşə çeşmələriylə,

Sönə ürəyindəki cəhənnəmin odları?

 

Qüsur və səfehliyin tükənməyən mənbəyi!
Keçmiş iztirabların soyumayan qazanı!

Əyri sümüklərinin barmaqlığı içiylə.
Gəzdiyini görürəm gözüdoymaz gürzənin.

 

Doğrusu, qorxuram ki, sənin işvəkarlığın,
Səylərinə bərabər çətin mükafatlana,

Kim bu ölərilərdən istehzanı anlayır?

Dəhşət cazibəsiylə güclülər xumarlanar!

Qara fikirlə dolu gözlərinin girdabı,
Başı gicəlləndirir;  tədbirli rəqqas da ki,

Baxa bilməyir nəsə ürəyi bulanmadan,

Əbədi təbəssümə otuz iki dişdəki.

 

Fəqət varmı sıxmayan əlini skeletin,
Varmı qidalanmayann məzar mətahı ilə?

Geyimin nə önəmi? bəzəyin ya da ətrin?

Kİm ikrah göstərirsə, özünü gözəl bilər.

 

Burunsuz bayadera, heyrətamiz fahişə,
Rəqqaslara söylə ki, davranmırlar abırla:

“Əzizlər, baxmayaraq bu ənliyə, kirşana,
Müşklü skeletlər, sizdə ölüm iyi var!

 

Hamar üzlü dendilər, saralmış Antinoylar,

Ağsaqqal lovelaslar, bəzədilmiş meyitlər,

Matəm ruhlu bu rəqsdə hərəkət universal,
Sizi tanımadığınız yerlərə indi çəkər!

 

Soyuq Senadan odlu Qanqın qırağınacan,

Qaçır öləri kütlə və bayılır görmədən,

İsrafilin şeypuru tavanın yırtığından,

Dəhşətlə guruldayır qara sanki lülədir.

 

Hər iqlimdə, günəşdə heyransan Ölümə sən,

Gülməli Bəşəriyyət, bütün hoqqalarınla.

O da tez-tez sənin tək qatranla ətirlənər,

Özündəki rişxəndi dəliliyinə calar.

Fransızcadan tərcümə

02-04.08. 2018

Samara

Реклама