ŞARL BODLER. BƏZƏKLƏR

бодлер

          Les Bijoux

Çılpaq idi əzizim, yaxşı bilib könlümü,

Üstündə saxlamışdı bəzəklərini  ancaq.

Bu zəngin daş-qaşla o, müzəffər görünürdü,

Xoş günündə sevinən Məğrib kənizi sayaq.

 

Şölələnən bu metal və incilər dünyası,
Oynaq və şən səslərin rəqsini başlayırkən,
Ekstaz sarır məni, qaynayır ehtirasım,

İşıq və səs qarışan hər şeyi sevirəm mən.

 

Verir ixtiyarıma özünü, uzanaraq,
Divan ucalığından razıca gülümsəyir,

Tükənməz eşqimlə ki, uca qayalıqlara

Dərin, xoş dəniz necə qalxar, elə yüksəlir.

 

Əhil pələng tək mənə gözlərini zilləyib,

Tez-tüz duruş dəyişir, xumar və məst havalı,

Onda səmimiyyətin və şəhvətin birliyi,
Metamorfozlarında  ayrı cazibə alır.

 

Əlləri, ayaqları, qarnı və baldırları,
Yağ kimi cilalanıb, qu kimi dalğalanır,
Keçəndə aydıngörən gözüylə qabağımdan;
Onun qarnı, döşləri, bu üzüm salxımları,

 

Oyatmağa qəlbimi dincə daldığı zaman,

Gəlir, daha füsunkar xəta Mələklərindən,

Onu zorla qopara büllur bir qayalıqdan,

Tənha və həyəcansız qərar tutduğu yerdən.

 

 

Dedim yeni rəsmdə görürəm ki, birləşib,

Antiopun budları büstü ilə  oğlanın.

Gövdəsi onun necə çanağıyla uyuşur,
Əsmər dərisi üstdə ənliyi gözəl yanır!

 
— Zaman keçdi, nəhayət, keçindi çırağım da,
İndi ocaqdı yalnız otağa işıq salan.

Hər dəfə ucalanda onun içindən bir ah,
Kəhrəba dəri altdan qızarırdı qızıl qan.

 

Fransızcadan tərcümə

26-27.08. 2018

Samara

Реклама