KƏŞFLƏR, BİLİKLƏR GÜNBƏGÜN ARTIR…

KÜRÜN ÜSTÜ

Kəşflər, biliklər günbəgün artır,

Artır günbəgün də bilmədiklərim.

Başım, ha sındıram, anlamır artıq,

Ayağı biləni indikilərin.

 

Teleşəkillərin, telesəslərin,

Bilmirəm nə yolla yarandığını.

Mobil rabitənin prinsipləri,

Mənə, ha öyrənəm, qaranlıq qalır.

 

Adi hesab deyil indi rəqəmlər,

Bəs nədir? – Bu haqda yox təsəvvürüm.

İşi, idarəsi peyklərin də,

Mənə aydın olmaz, həsr edəm ömrü.

 

Aydan, ulduzlardan məlumatım az,

Ordan o yananı hələ demirəm.

Təhsilim yarımçıq, düşüncəm dayaz,

Yaşla əlaqəli geriləmələr…

 

Dünən bildiklərim çıxır yadımdan,

Yadımda qalanlar gümandır ancaq.

Bilmirəm hardayam, kiməm, hayandan,

Kimçinəm, neyçinəm və haçanacan.

 

Görəndə elmli indikiləri,

Düzü, utanıram nadanlığımdan.

Bircə təsəlli var: ən ümdə sirri,

Heç zaman, heç kimə demir yaradan…

                                                              21-25avqust 2009, Ərəbqardbəyli

Реклама