TEOFİL QOTYE. TONQALLAR VƏ QƏBİRLƏR

gautier_big-min

Bûchers et tombeaux

Skelet uzaqdı bəşər gözündən.

Bütpərəst sənətin bəxtəvər çağı,
İnsana xoş idi gözəl görünən,
Daha axtarmırdı o heç nə ayrı.

 

Məzar daşı altda cənazə nə də,
Sevimli varlığın əziz surəti,

Necə soyunular geyim bədəndən,

Bədən də sümüyü elə tərk edir,

 
Və məzar dağılıb-açılanda da,

Əcaib-qəraib şeylər içində,

Qorxuya salmırdı sümük çatılar,

Bura cəsarətlə baxıb keçəni;

 

Ancaq alovlanıb coşan ocağın,
Bircə çimdiyidir közərən indi
Çəkisiz qalığı həyatın, onu,

Xırdaca bir urna alıb gizlədir.

 
Bir üfürüm tozdur kəpənəyin də,

Dünyada özündən sonra qoyduğu.

Bir udum tüstüdür, qalxar, enər də,
Üçayaqlı üstdə od soyuyanda.

 

Qarışıb güllərə və akanflara,
Mərmərin üstündə şən və bəxtəvər,

Gedir amurlar və vakx qadınları,
Yallı abidənin həndəvərində.

 

Yaxşı ki, tapıldı balaca dahi,

Basıb ayağıyla odu söndürən.

Və harmoniyası sənətin axdı,

Məzarən üzücü qəmi üstünə.

 
Qəbirlər bəzəkli, göz oxşayandı,
Necə göz oxşayar beşikdəkilər.

Ölülər əhatə olunmuşdular,

Şən, sevimli həyat şəkilləriylə;

 

 

Ölümsə üzünü pərdələyirdi,

Dərin deşiklərlə, yastı burunla.

Rəzil gülüşüylə geriləyirdi,

Qarabasmalar da burunlanaraq.

 

Möhtəşəm bədəni altda, monstrun,

Naməlum fantomu gizli yaşardı.
Sadə bakirənin baxışı yorğun,
Çılpaq efeblərin axtarışında.

 

Yalnız mey içməyə sövq eləməyə,
Trimalxionun qonaqlığında.

Oyuncaq sürfəni fil sümüyündən,

Qoyuldu süfrənin ortalığında.

 

Sənəti həmişə sayan tanrılar,

Mərmər mavilikdə taxtdaydılar.

Olimp məğlub oldu fəqət çarmıxa,

Yupitersə İsaya.

 

“Pan öldü!” – səslndi kimsə, və kölgə,

Düşdü necə düşər bir qara pərdə.

Və sonsuz, üzücü qüssənin üstdə,
Ağımtıl skelet göründü birdən.

 
Baldır sümüyünü əlinə alıb,
Matəm daşlarına o, imza atır.

Və divarlarından məzarlıqların.

Onurğalarını təsbeh tək asır.

 

İtiuc sümüklü əlləriylə o,

Götürüb tabutdan atır qapağı,

Qabırğalarını sıxıb əlləyir,

Rəzil irişmədən qapanmır ağzı.

 

 

Papanı, kralı, imperatoru,

Fəlakət havalı rəqsə sövq edir,

Himiylə atları şahə qaldırır,

Dəyir süvarilər, hamı yerdədir

 

Girir otağına kurtizanların,
Ayna qabağında ağızını əyir.

İçir dərmanını azarlıların,

Xəsisə açdırır varısa nəyi.

 

İynə sümüyünü böyrünə sancır,

Qoşqu heyvanının, atırsa şıllaq.

Getsə əkinçiylə kotan dalınca,
Şırım əvəzinə xəndək olacaq.

 

Təklifsiz qonaq tək toya da gələr,

Skamya altına girib sığınar,
Çəkər rəngi qaçmış yazıq gəlinin,

Ayağından qaytan corabbağını.

 

 

Böyüyür, çoxalır dəstə anbaan;

Cavanlar, qocalar əl-ələ verir;

Və qarşıdurulmaz sarabandanın,

Sədası irəli qovur bəşəri.

 

Qabaqdasa kabus gedir, yellənir,

Rəqs edir, skripka çalır da hələ.
Qara kətan üstdə ağla Holbeyn

Onu təsvir edir quruca xətlə.

 

Şən təbiətlidirsə əsr, bu zaman,
O da dəbə uyğun yaşayarr; budur,

Çıxarıb bükərək o pərvazlanar,
Elə bil ki, balet Kupidonudur.

 

Uçur  markizlərin qızğın eşqdən,
Üzülüb baş qoyan qəbir-divana.

Yatırlar Pompadur kilsələrində,
Uzanışları da qaynadar qanı.

 

Yanaqları deşik üzünü, gizlə

Rəzil komediant, qurdların yemi,

Çoxdan oynayırsan, doymadın hələ,

Sən bu Ölüm adlı melodramı.

 

Əntiq incəsənət, dön, qayıt yenə,

Göz oxşayan paros mərmərinlə sən

Qotik skeleti görünməz elə;

Tonqal, aşır onu, ye külünəcən!

 

 

Tanrı surətindən yapılan əgər,

Hamımız sənəmik həqiqətən də.

Onda qırıntılar oda tökülər,
Surət sındırılıb tikələnəndə.

 

Sənsə, ölməz forma, canlan odda sən,

Gözəl qaynaqlara yenidən qayıt,

Məzar ayıbından, həqarətindən,
Dadmasın heç zaman torpağın fəqət!

 

Fransızcadan tərcümə

09-11.09. 18

Samara

Реклама