Balaş Nurunun xatirəsinə
Mən də, vaxt var idi, şərab içərdim,
Sovetdə tapılan nə varsa daddım.
Dostluğa özümdən böyük seçərdim,
Boydan balacaydım, çoxdu iddiam.
Sağlıqlar deyərdim fəlsəfi, ağır,
Deyib öz gözümdə olurdum uca.
Hərdən eşidənlər ağlayırdılar,
Özüm ağlayırdım çox zaman ancaq.
İçib çiyinlərdə çox ağlamışam,
Mənim də çiynimdə çox ağlayıblar.
Olub ki, çiyində aparılmışam,
Gedə bilməmişəm öz ayağımla.
Ayılıb görmüşəm ayrı yerdəyəm,
Özgədir divarlar, döşəmə, tavan.
Ancaq yaxşı yerdir, həndəvərimdə,
Var nə arzulasa başı ağrıyan.
Ürək bulansa da, baş ağrısa da,
Bilmişəm, üzünü hələ görmədən:
Məni dar ayaqda atmayan insan,
Həm etibarlıdır, doğmadır həm də…
21.09. 2018
Samara