DİLİMİZ: HEYDƏR ƏLİYEV VERSUS BƏXTİYAR VAHABZADƏ

BAXTİYAR

Bəxtiyar Vahabzadə ilə Heydər Əliyev arasında dilin adı ilə bağlı mükaliməni lap bu yaxınlarda, həm də təsadüfən gördüm. Bəxtiyar Vahabzadəni tanımasaydım, yəni bioqrafiyasının ən vacib faktlarını bilməsəydim, deyərdim ki, Əliyevin hüzurunda tribunadan danışan adam orta təhsilli, ordan-burdan arabir oxuyan, heç bir sistemli biliyi olmayan ahıl bir kişidir.

Bəxtiyar Vahabzadə filologiya elmləri doktoru, professor idi!

“Bəxtiyar Vahabzadə müəllimim olub” deməyə tərəddüd edirəm, mən iniversitetdə qiyabi oxumuşam, və Bəxtiyar müəllimin cəmi beş ya altı dərsindən, səhv etmirəmsə, ikisini mən buraxmışam, birini də o. Məndə o üç dərsdən yaranmış təsəvvürə görə, Bəxtiyar Vahabzadəyə oxumuş, savadlı adam demək olardı, ancaq yüksək təhsilli, yüksək akademik təhsilli adam yox. O. Azərbaycan dövlət universitetində 50-ci ilərin əvvəlində oxumuşdu, bəxti gətirmişdi ki, bir şeiri elə birinci kursdan Səməd Vurğunun xoşuna gəlmişdi. Lenin ordenli xalq şairi sütül tələbəni kitabsız-zadsız Yazıçılar İttifaqına üzv keçirmişdi. Bundan sonrakı həyat Vahabzadə üçün olmuşdu yağ içində pendir. Universiteti qurtarıb orda da qalır, əvvəl Səməd Vurğundan bir dissertasiya yazıb olur elmlərin namizədi, bir az sonra Səməd Vurğundan ikinci dissertasiyanı yazıb olur elmlərin doktoru və professor. Başı bir dəfə yüngülcə ağrıyıb, “Gülüstan” poemasına görə. Əslində ağryan qəzet redaktorunun başı olub… Bəxtiyar Vahabzadəninsə hər il bir neçə kitabı çıxıb, cəfəng pyesləri akademik teatrda oynanılıb, özü də elmlərin doktoru və professor! Yüksəs statuslarla, yüksək mükafatlarla təpədən dırnağa zirehlənmiş canlı klassik! Kim onun qabağında bir söz deyə bilərdi? O haçan, kiminlə polemikaya girişmişdi, debata çıxmışdı? Onun dissertasiyalarına, məsələn, kim nə deyə bilərdi? Onun dissertasiyalarını tənqid Səməd Vurğunun tənqidi olardı, Səməd Vurğun haqqında sovet dağılana qədər kim gldən ağır söz deyə bilərdi?

Azərbaycan parlamentində Heydər Əliyevlə mükalimə Bəxtiyar Vahabzadə üçün, yəni eləmlərin doktoru, professor, akademik üçün ilk elmi polemika idi. Mövzu formal cəhətdən dil olsa da, bərabər dərəcədə və bəlkə də ondan artıq ədəbiyyata aid idi.

Dilimiz necə adlanmalıdır?

Ümumiyyətlə, bizim dilimiz varmı? Və ya Azərbaycan dili bolşevik fantaziyasıdır, bizim dilimiz yoxdur, yəni müstəqil dilə layiq deyilik, layiq olduğumuz osmanlının dialektidir.

Belə?

Və ömründə ilk dəfə özü də gözləmədən elmi polemikaya girən Bəxtiyar Vahabzadənin necə kəmsavad olduğu, miskinliyi, səviyyəsizliyi göründü. Həm də məlum oldu ki, Bəxtiyar müəllim yalan danışmaqdan da çəkinmir. Əslində bu, çoxdan məlum idi. Bəxtiyar Vahabzadə “Lenin” poeması boyda yalan yazıb, bir ətək Dövlət mükafat alıb, yeyib, üstündən də su içib. Bunu kimi bilmirdi?

Və, yeri gəlmişkən, o parlament zalında oturanlardan yalan danışmayanı vardımı?

Bəxtiyar Vahabzadə Yusif Səmədoğlunu qınayır ki, o, “türk dilini qırx faiz başa düşür”. Ancaq şübhəm yoxdur ki, Bəxtiyar Vahabzadənin özü də türk dilini qırx faizdən çox başa düşməyib, və onun filologoya fakultəsindəki həmkarları arasında türkü qırx faizdən çox başa düşən adamlar az olub.

Əgər söhbət bazar, məhəllə danışığından, serial replikalarından yox, ədəbi türk dilindən gedirsə!

Türk dili, əlbəttə, xarici dildir!

Bəxtiyar Vahabzadə deyir: “İyirmi-otuz il keçəndən sonra çox adam deyər ki, elə “ov” da bizim olub”.

Niyə də deməsinlər? “Zadə” bizimdirsə, “ov” da bizimdir. Yaxud, əksinə, “ov” bizim deyilsə, “zadə” də bizim deyil!

“Kitab”, “məktəb”, “gül”, “bülbül” bizimdir?

Bəxtiyar Vahabzadə deyir ki, heç olmasa, mötərizədə yazaq “Azərbaycan türkcəsi”.

Heydər Əliyev deyir a kişi, adın professordur, akademikdir, sənə vermədiyim mükafat qalmayıb, danışığına fikir ver, nəcə yəni mötərizə? Dünyada hansı dilin adında mötərizə var? Təxminən belə deyir. Mənə elə gəlir ki, Heydər Əliyev Bəxtiyar Vahabzadənin miskinliyini yaxşı görürdü, ona görə tribunada ayaq üstündə saxlayıb ibtidai sinif şagirdi kimi başına ağıl qoyurdu.

Heydər Əliyev, unutmayaq, ilk təhsilinə görə ibtidai sinif müəllimi olub!

2

Heydər Əliyev Bəxtiyar Vahabzadəni dərindən fikirləşməyə dəvət edir. Deyir ki, biz dilimizi “Azərbaycan türkcəsi” adlandırsaq, belə çıxacaq ki, o, türk dilinin dialektidir.

Sonra davam edir: “Onda millətimiz nədir? Azərbaycan türkü? Özbək niyə demir ki, mən “Özbəkistan türküyəm”, tatar niyə demir ki, “mən Tatarıstan türküyəm?”

Heydər Əliyev tamamilə haqlıdır, hərçənd məsələyə dil ya tarix problemi kimi baxmır, siyasi problem kimi baxır.

Heydər Əliyev yetmiş yaşında, 40 ildən çox kommunist partbileti gəzdirib Kreml tabeçiliyində işləyəndən, tabeçiliyin hər cür şirin-acı məziyyətlərini görəndən sonra özü də gözləmədən müstəqil dövlətin, BMT üzvü, beynəlxalq hüququn subyekti olan dövlətin başçısı olub. Heydər Əliyev yaxşı başa düşür ki, xüsusən Azərbaycan kimi ölkədə dil dövlətin onurğa sütunudur. Azərbaycan dilinin “türk dili” adlandırılması milləti ən mühüm atributdan mərhum edir, Azərbaycanın əvvəlcə dil, mədəniyyət sahəsində, sonra isə siyasi cəhətdən Türkiyə tərəfindən udulması üçün zəmin hazırlayır, hələlik isə sanki tarixi anlaşılmazlıq nəticəsində metropoliyadan aralanmış Türkiyə əyalətinə çevirir.

Heydər Əliyev bütün bu sitüasiyanı bütün incəlikləri ilə görürdü və həmiçinin onu görürdü ki, dilin “türk” adlandırılması onu Türkiyə rəhbərlərinin yanında əyalət başçısına çevirir.

Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıdandan sonrakı ilk illərdə televiziyada, mətbuatda Azərbaycan dilinin başına nə oyun gətirildiyini yaxşı görmüşdü. “Dilin adını “türk” qoymaqla biz onu osmanlı türkcəsinə çevirmiri ki” deyənlərin fitnəsi onu aldada bilməzdi.

Çevirirsiniz, cənablar! Yox, “cənablar” yox, lotular!

Bilmirəm, özü, ata-babası, qardaşları qatı şiə adları daşıyan Heydər Əliyevlə osmanlı arsında qismən də olsa şiəlik dayanıbmı? Hər halda Azərbaycan etnikliyində şiəlik elementinin tarixi vacibliyini yaxşı başa düşməliydi.

Hüseyn Cavidi, məsələn, nə naxçıvanlılıq, nə şiəlik osmanlılığa aşiqlikdən saxlaya bilmişdi. Güclü dramaturji istedadlı, ancaq zəif şair olan bu insan Türkiyəyə ayaq açan kimi başına fəs qoyub ata-babalarının danışdığı dilə arxa çevirmişdi. İndi o, həqiqəti desək, nə türklərə lazımdır, nə azərbaycanlılara. Mən Cavidi onun yazdığı dildə oxumya bilmirəmsə, ya höccələyə-höccələyə oxuyuramsa, onu necə Azərbaycan şairi saymalıyam?

Cəbhə hakimiyyəti dövründə Salyanda tələsik Leninin heykəlini söküb elə onun postamentinin üstündə Əli bəy Hüseynzadəyə heykəl qoydular. Ancaq salyanlılar (oxuyanları) həmişə naxçıvanlı Cəlil Məmmədquluzadəni oxuyacaqlar, yerliləri Əli bəy Hüseynzadəni yox. Çünki Cəlil Məmmədquluzadə salyanlıların dilində, yəni Azərbaycan dilində yazıb, Əli bəy Hüseynzadəni oxumaq üçün gərək yanında tərcüməçi ola.

Bəxtiyar Vahabzadə deyir ki, türk ədəbiyyatını tərcümə eləmək lazım deyil, çünki iki dil arasında fərq yoxdur.

Bunu deyəndə gərək onun qabağına Orxan Pamukun bir romanını qoyub deyəydilər ki, oxu və cümlə-cümlə izah elə…

Ya da Cümhuriyyət qəzetindən analiytik məqaləni…

Deyir ki, “mənim kitablarımı Türkiyədə tərcüməsiz çap edirlər, hamı da oxuyur”.

Çap edərlər, əlbəttə. Ancaq çoxmu oxuyan var? Məsələn, bunu: “Ürək pıçıldayır dodaqlar kimi”. Dodaqlar kimi!… Təsəvvür edin ürəyin dodaqlarını. Animasiya…

Ya da “Lenin” poemasını…

Bəxtiyar Vahabzadə and-aman eləsə də ki, Azərbaycan dilinin özünü yox, yalnız “türk”lə əvəz etmək istəyir, bilmədən həqiqi məramını büruzə verir. Heydər Əliyevə ərəb ölkələrini xatırladır, deyir ki, dövlətlər çoxdur, hamısı dilinə “ərəb” deyir.

Bəli, ona görə hamısı “ərəb” deyir ki, ərəb ölkələrinin hamısında dövlət dili ərəb dilidir. Yəni eyni dil işlədirlər. Türkiyədə və Azərbaycanda işlədilən dillər isə müxtəlif dillərdir. Ona görə eyni adı daşımaqları absurd və siyasi cəhətdən təhlükəli olar.

Azərbaycan xalqı öz dilinə “türk” deyəndə Azərbaycan dövləti yox idi, yəni dil dövlət atributu deyildi, buna görə də siyasi yük daşımırdı.

Bunları mən özümdən deyirəm. Heydər Əliyev isə çexləri və slovakları misal gətirib deyir ki, onlaın dilləri daha yaxındır, ancaq hər dilin öz adı var…

Bəxtiyar Vahabzadə suyu süzülmüş halda tribunadan düşüb getməyə icazə istəyir. “Heydər müəllim, olar mən gedim?…”

İbtidai sinif…

Mən bilmirəm niyə iyirmi ildən çox vaxt keçəndən sonra deputatlar bu məsələni qalrırırlar. Azərbaycan dilinin adını dəyişmək çağırışlarında., onun türk dili ilə eyni olduğunda təkid edən iddialarda Azərbaycanın dövlət suverenliyinə həmlə cəhdi kimi baxmaq və hətta dövlət xəyanəti kimi qiymətləndirmək olar. Və belə çağırışları hökmən qanunvericilikdə kriminallaşdırmaq lazımdır.

Azərbaycanın dövlət müstəqilliyi aldığı otuz ilə yaxındır. Əgər indi də millətin bir hissəsi dövlətin dilini başqa bir dövlətin dili ilə əvəz etmək istəyirsə, kənardan baxanların bizim ölkəyə “failed state” deməyə əsasları var. Parlamentdə illərlə oturub qarınlarını yekəldən bu harın kişilərin içində müharibə veteranları yoxdur, onların uşaqları cəbhə bölgəsinə getmirlər, fəhlə-kəndli balaları isə belə əqidəsizlərin və şərəfsizlərin firavan həyatının keşiyində dururlar, həyatlarını itirirlər… Bunlar isə dövlətin açarını elə sabah Erdoğan kimisinin birinə verməyə hazırdırlar…

Varlı sponsor axtaran fahişələr kimi bizdə də çox arvadlar və kişilər osmanlıların dallarına-qabaqlarına özlərini sürtürlər, çünki özlərində nəinki uğurlu millət qurmağa, hətta təsadüfən əllərinə düşın dövləti, yəni ondan qalanı da saxlamağa qeyrətləri yoxdur…

Və bu hörmətsiz arvadlara və kişilərə xatrlatmaq lazlımdır ki, məsuliyyətsiz “biz türkük” mantrası bizi ümumqafqaz, ümumiran irsindəm mərhum edir. Biz ancaq azərbaycanlı olmaqla Qobustan rəsmlərini özümüzünkü saya bilərik. Biz ancaq azərbaycanlı olmaqla Zərdüşt irsinə iddia edə və özümüzü Nizaminin, bütün İran və İslam mədəniyyətinin varisləri saya bilərik. Qobustan rəsmlərini türklər çəkməyiblər, ya da gərək o qayaları onlar Sibirdən, Altaydan dallarına sarıyıb gətirəydilər. Xalqın tarixini Mirəli Seyidovun nağılları, qondarma turançılıq cəfəngiyyatı əsasında qurmaq olmaz. Kim tarixi belə qurmağa çalışırsa, ancaq dünyanın elmli və sağlam fikirli adamlaını bizə güldürür…

 

02-03.10. 2018

Samara

 

Реклама