SƏMƏD VURĞUNUN “TARLA NƏĞMƏSİ” ŞEİRİ İLƏ BAĞLI SUALLAR

Səməd_Vurğun

İndi bilmirəm, bir vaxt dərsliklərə salınan, bəzi miseralarından şür kimi istifadə olunn “Tarla nəğməsi”  Səməd Vurğunun kiçik şeirlərindədir, əslində üç bənddir, birinci bənd sonda təkrar olunur.

“Üfüqlər qızarıb, güləndə səhər,

Bülbül öpə-öpə oyatsın gülü”.

Bu, Səməd Vurğunun hər üç şeirinin birində var: səhər açılan kimi bülbülə ehtiras güc gəlir. Yazıq gül…

A kişi, sözünün canını de!

“Çirməyib qolunu qızlar, gəlinlər,

Yığsın qucağına sarı sünbülü”.

Aha! Şair qız-gəlini taxıl biçininə çağırır. Aslan ürəkli qəhrəman kişilər cəbhədə, arvadlar ayaqyalın, başıaçıq çöldə. Qarınları da ac. Ancaq Səməd Vurğun üçün bu zülm bülbüllə gülün öpüşməsi kimi bir kefdir.

Yaxşı, bunun üstündən keçdik. Ancaq qızlar, gəlinlər qollarını niyə çirmələyirlər? Əllə taxıl  biçən qadın dəli deyil ki, qolunu çırmalayıb taxıla cırmaqlatdırsın!

“Muğan səhraları bir tamaşadır”.

Afrika səhralarını görən insanlar doğrudan da səhranın xüsusi gözəlliyindən heyranlıqla danışırlar. Ancaq Muğan hardan səhra oldu? Muğan çöl deyil?

“Buğda zəmiləri qoşa-qoşadır”.

Niyə qoşa-qoşadır? Bu, əkinçilik qanunudur, ya “tamaşa” sözünə qafiyə üçündür?

“Hər insan oğlunu çörək yaşadır”.

Bəs hər insan qızını? Bu, əlbəttə, ritorik sualdır, misranın nonsens olduğuna diqqəti çəkmək üçündür.

«Torpağa düşməsin havayı bir dən, —

Çörək bol olarsa, basılmaz Vətən!»

Bir dən belə!

Azərbaycanda on minlərlə adam, o cümlədən çoxlu uşaq, müharibə vaxtı aclıqdan ölüb. Yığılan taxıl cəbhəyə gedib. Kolxoz zəmisindən evinə üç-dörd sünbül gətirənlər cinayət məsuliyyətinə cəlb olunub ağır cəzalar alıblar.

1932-ci il avqustun 7-də qəbul olunmuş və xalq arasında “Üç sünbül qanunu” kimi tanınmış  “Dövlət müəssisələrinin və kolxozların əmlakınin qorunması” adlı qanunla 1932-1939-cu illərdə SSRİ-də 183 min insan məhkum olunmuşdur.

Azərbaycanlıların yaddaşında ən azı üç onillik “aclıq” kimi qalmışdır. Müharibədən əvvəl aclıq, müharibədə aclıq, müharibədən sonra aclıq…

İndiyəcən heç kim  — nə dövlət, nə vətəndaşların özləri — Azərbaycanda müharibə vaxtı aclıqdan ölənlərin martirolqunu yaratmamışlar…

Yəni 1941-ci ildə, ondan qabaq da, ondan sonra da, Azərbaycanda taxıl biçmək bülbülün gülü öpməyi kimi (bülbülün gülü öpdüyünü görən olub?) kef deyildi. Bu da faciə idi. Çünkü bu zəmiləri biçənlər özləri aclıq çəkirdilər, uşaqları acından ölürdülər…

Ancaq vətəndaşlarının ən ağır günlərində də ceyran ovundan qalmamış Səməd Vurğuna bunun nə dəxli vardı?

11.10. 2018

Реклама